Əslən Cənubi Azərbaycandan olan, tarixin gərdişi, taleyin hökmü ilə bu taydan o taya, o taydan bu taya köç edərək kəşməkəşli ömür sürmüş sənətkarlarımızdan söz düşəndə görkəmli şair Əli Tudə də xatırlanır. O, ömrü boyu azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb-yaradıb. Gənclik illərindən həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçir. Ağır mühacir ömrü yaşayır. Bu ömür yolunu o özü "həyat imtahanı" adlandırırdı.
   
   Onun həyatı, yaradıcılığı ilə tanış olarkən hiss edirsən ki, parçalanmış Azərbaycanın taleyini öz mühacir ömründə, bəlkə də, onun qədər nisgilli, iztirablı yaşayan olmayıb. O, zamanın ən çətin sınaqlarına düçar olub. Rüzigarın ən kiçik sevincinə belə həsrət qalıb. Dünyaya göz açdığı gündən ağır imtahanlara çəkilib. Elə bil həsrət sözü onun tale yazısı olub.
   Əli Tudənin çoxşaxəli yaradıcılığında Cənub mövzusu parlaq şəkildə əksini tapıb. "Arazın o tayında", "Yaralanmış nəğmələr", "Mehabadlı tələbə", "Hicran yolu", "Çanaxbulaq dastanı", "Əbədi nisgil", "Gecikmiş vüsal", "Ayrılmış sahillər" və başqa poemaları bu qəbildəndir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin demokratik ruhlu azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Canlı həyat, sadə danışıq tərzi, təmiz dil və anlaşıqlı üslub Əli Tudə yaradıcılığının gözəl məziyyətləridir. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub.
   Əli Tudə əslən Ərdəbilin Çanaxbulaq kəndindəndir. Bu ailə ötən əsrin əvvəllərində Şimali Azərbaycana köçüb. Əli 1924-cü ildə Bakıda anadan olub. Bir yaşında ikən atası, beş yaşında ikən anası dünyasını dəyişir. O, nənəsinin himayəsində qalır. Ancaq xalq məsəlində deyildiyi kimi, “tale bir tərəfdən bağlayanda, o biri tərəfdən açır”. Allah heç nəyi əvəzsiz qoymur. Bu mənada tale Əliyə bu yetimliyin, itkilərin əvəzində həyata vəsiqə kimi böyük bir istedad bəxş edir. Əli erkən çağlardan - 13 yaşında ədəbiyyat dərnəyinin üzvü olur. Şeirləri almanaxda dərc olunur. Müəllimləri onun istedadına heyran qalır. Hesab edirlər ki, gələcəkdə poeziya aləmində yeni bir ulduz parlayacaq...
   Amma taleyin üzü yenə dönür. Zavallı yeniyetmə yenidən çöllərə düşür. 1938-ci ildə o, Cənubi Azərbaycan mənşəli olduğundan sovet Azərbaycanını tərk etməli olur. Təzəcə isinişdiyi məktəbdən, üz-gözü öyrəşdiyi yoldaşlarından ayrı düşür. Ağır həyat tərzi yaşayır. 1940-cı ildə Cənubi Azərbaycanda azadlıq hərəkatı başlayır. O da inqilabi hərəkata qoşulur. Bütün varlığını və istedadını bu mübarizəyə həsr edir. Milli ruhlu şeirlər yazır və xalqı istiqlala çağırır.
   12 dekabr 1945-ci il tarixdə Cənubi Azərbaycanda milli hökumət qurulur. Həmin dövrdə Maarif Nazirliyində şöbə müdiri işləyir. “Ana dili” kitabının tərtibi və çap olunmasında fəal iştirak edir. Sonra Təbrizdə filarmoniya yaradılır. O, Cənubi Azərbaycanın şəhər və kəndlərini mahal-mahal, kəndbəkənd gəzərək istedadlı gəncləri bu mədəniyyət ocağına cəlb edir. Yaradıcılığını, yüksək əqidəsini və mütərəqqi fikirlərini mübarizə yolunda məşələ çevirir.
   Onun bu zəhməti hədər getmir. Təbrizin şairlər məclisində ona Tudə - yəni “Xalq” təxəllüsü verilir. Milli hökumət onu ən ali mükafatla - “21 Azər” medalı ilə təltif edir. O vaxt bu alovlu şairin 22 yaşı vardı. İlk şeirlər kitabı çapa hazırlanır. Gözəl arzular sorağı ilə günlər, aylar bir-birini əvəz edir. Lakin bu gözəl günlərin, ayların ömrü yenə də uzun sürmür. Tale öz hökmünü verir. Böyük qurbanlar bahasına qurulan Cənubi Azərbaycan milli hökuməti süqut edir. Şairin şeirlər kitabı mətbəədə yandırılır. Şah xüsusi fərman verir: “Əli Tudə tutulduğu anda məhkəməsiz-divansız qətlə yetirilsin”.
   Şair həmin fərmanla bağlı bir şeirində yazır:

   Sanki mərmi udan bir əsgər idim,
   Özümçün. Özgəyçün təhlükəliydim.
   Özüm çox deyildim, bir nəfər idim,
   Ancaq bir ölkəyçün təhlükəliydim.
   
   Əli Tudənin yaradıcılığı çoxşaxəli və dərin mənalıdır. Onun şeirlərinin hər sətrində el sözü, hər beytində xalqın səsi var. Vətənin torpağından, daşından və qəhrəmanlıq tarixindən qaynaqlanan yaradıcılığı atalar sözləri, xalq məsəlləri ilə çox zəngindir. Yaradıcılığında inqilabi ruh çox əlçatmazdır. Bu poeziya eyni zamanda mübarizlik, əyilməzlik məktəbidir. O, yaradıcılığını, daha doğrusu, özünü yaşadığı cəmiyyətdəki saflığa, əbədi məhəbbətə həsr edib. Əli Tudə ömrünü daim yanan, şölələnən və o taylı - bu taylı vətən torpağını çilçırağa boyayan məşələ çevirir.
   
   Yox! Şimşək bir anlıq yanır... Mən ancaq
   Bütün ömrüm boyu yandım... Bəs necə?
   Dedim, bəlkə bu xalq, bəlkə bu torpaq
   Mənim işığımda zülmətdən keçə.
   
   O, heç vaxt xırdalanmır, bütöv bir kişi ömrü yaşayır. Daim haqq, ədalət dalınca gedir, ancaq ona çata bilmir. Daima ədalət karvanı düzür, amma sarvanını tapa bilmir... Heç vaxt şan-şöhrət dalınca qaçmır, heç kimin qarşısında əyilmir...
   
   Ancaq bu dünyaya baxmaq istəyən
   Hüsnünün tünlüyündə yanmasın gərək!
   Şöhrət zirvəsinə qalxmaq istəyən
   Millətin nərdivan etməsin gərək!
   
   Yaradıcılığı başdan-ayağa vətən həsrəti, hicran ağrısı ilə əhatə olunan və həyatını, sənətini xalqına fəda edən Əli Tudə, doğrudan da, tək bir elin yox, böyük bir xalqın şairidir...
   
   Savalan Fərəcov