21 yanvar SSRİ Xalq artisti Lütfiyar İmanovun anım günüdür
Ömrünün yarım əsrdən çoxunu opera ifaçılığına həsr edən Lütfiyar İmanov öz adını musiqi mədəniyyətimizə qızıl hərflərlə yazan sənətkarlardandır. Onun təkrarsız ifası, səhnə mədəniyyəti və sənətə olan sonsuz sevgisi heç vaxt tükənmədi.
İllərin o üzündə xeyli xatirələr gizlənir. Əslində hər ömür bir kitabdır, sadəcə, o kitabı “oxumaq” lazımdır.
İllərin o üzünə yollanırıq. Lütfiyar uşaq yaşlarından qrammofon valında dahi Bülbülün "Səni gördüm, aşiq oldum" mahnısına heyranlıqla qulaq asar, özünə qarğıdan at, taxtadan saz düzəldib, başına motal papaq qoyar, ruhuna hopan mahnını dönə-dönə həvəslə, şövqlə oxuyardı. İllər keçdikcə sənətə olan bu həvəs qarşısıalınmaz istəyə, sevgiyə çevrildi. Gələcəyin məşhur vokal ifaçısı 1941-ci ilin mayında həyatının ən böyük inqilabını etdi. Uşaq vaxtı Lütfiyar heç bir tərəddüd etmədən öküz arabasında Sabirabaddan Əli Bayramlıya, oradan da at arabası ilə Bakıya gəlib “Koroğlu” operasına tamaşa etdi, Bülbülün ecazkar ifasını dinlədi. Bu, onun həyatında bir dönüş idi.
İllər sonra bu balaca uşaq böyüyüb Bülbüldən sonra Azərbaycan opera səhnəsində Koroğlu rolunun ən məşhur ifaçısı olacaq, şöhrət çələngini başına qoyub sənətdə öz sözünü deyəcəkdi.
Bir səsin tarixi
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. 1943-cü ildə Sabirabad Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında ilk dəfə səhnəyə çıxır. 18 yaşı olanda ilk dram dərnəyini yaradır. Sonra yollar onu arzularının şəhərinə - Bakıya gətirir.
1957-ci ildə A.Zeynallı adına Musiqi Məktəbində pedaqoq A.Milovanovun sinfində təhsilini başa vurur, Dövlət Estrada Orkestrində, sonra Musiqili Komediya Teatrında işləyir. 1958-ci ildə onun ifası dahi maestro Niyazinin diqqətini cəlb edir. Gənc müğənnini dinləyən Niyazi onu Opera Teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edir.
1959-cu ildə böyük sənətkar Bülbül Lütfiyar İmanovun ifasını dinlədikdən sonra "Molodyoj Azerbaydjana" (“Azərbaycan gəncləri”) qəzetinə onun istedadı barədə yüksək fikirlər söyləyir və Lütfiyarın səsində qəhrəmanlıq notları olduğunu xüsusi vurğulayır. Sənətdə ilk addımlarını atan gənc üçün bu, uğurlu başlanğıc idi.
1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Lütfiyar İmanov baş rolu - Koroğlunu ifa edir və onun ifası tamaşaçılar tərəfindən yüksək qarşılanır.
Səhnə, uğurlar bir-birini əvəz etsə də, o, təhsilini davam etdirir. 1968-ci ildə İncəsənət İnstitutunu bitirir. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçən sənətkar F.Əmirovun "Sevil"ində Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz"ində Əlyar, V.Adıgözəlovun "Ölülər" operasında İsgəndər və s. partiyalarda çıxış edir, ifası tamaşaçılar tərəfindən ardı-arası kəsilməyən alqışlarla qarşılanır.
Məlahətli səsə, yüksək zövqə malik olan vokalçı dünya klassik operalarının da mahir ifaçısına çevrilir. Bizenin "Karmen" operasında Xoze, P.Çaykovskinin "Qaratoxmaq qadın"ında German, C.Verdinin "Aida"sında Radames, "Otello"da Otello, Ofenbaxın "Hofmanın nağılları" operasında Hofman, Ş.Qunonun eyniadlı operasında Faust, "Toska"da Kavaradossi obrazları müğənninin yüksək vokal və səhnə mədəniyyətinin təcəssümü kimi böyük şöhrət qazanır. 1978-ci ildə Lütfiyar İmanov “SSRİ Xalq artisti” fəxri adına layiq görülür.
30-dan çox operada baş rolun ifaçısı
1990-cı ilin aprel ayında İstanbul Opera və Balet Teatrı Lütfiyar İmanovu Çaykovskinin "Qaratoxmaq qadın" operasında German rolunu oynamağa dəvət edir. O, bu dəvətə qədər dəfələrlə Türkiyədə yaradıcılıq görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk bəstəkarı Adnan Saygün Lütfiyar İmanovu uğurlu çıxışına görə təbrik edir və özünün "Kərəm" operasında Kərəm rolunu oynamağa dəvət edir. Kərəm obrazını Türkiyə səhnəsində ilk dəfə məhz Lütfiyar İmanov ifa edir.
Sənətkar 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir.
1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında yüksək səviyyədə çıxış edir.
30-dan çox operada baş rolun məşhur ifaçısı olan Lütfiyar İmanov uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərib. 1980-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub.
Lütfiyar İmanovun xarici ölkələrə qastrol səfərləri 1960-cı ildə Hindistandan başlayır. Sonralar dünyanın bir çox ölkələrində - Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanıstan, Rumıniyada konsertlər verir. Gül yağışı və alqışlar ömrü boyu onu müşayiət etdi.
Ömür sürət qatarı kimi ötüb keçirdi. O, səhnəsiz yaşaya bilmirdi. “Həmişə səhnəmiz üçün nəinki darıxıram, az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam. Mən ömrüm boyu sənətimlə çalışıb yaşamışam. Əgər oxumasam, yaşamaram", - deyirdi.
Bütün böyük sənətkarlar kimi o da sənətin sabahını düşünür, narahat olurdu. Son müsahibələrinin birində belə demişdi: “Üzeyir bəy gözəl əsərlər yaratmışdır. Onlardan biri də "Koroğlu"dur. Böyük təəssüf hissi ilə demək istəyirəm ki, bu şedevr əsəri dünya opera səhnəsinə çıxarda bilmədik. Bu əsər heç də Çaykovskinin, Puççininin və digər bəstəkarların əsərlərindən əskik deyil. O günü gözləyirəm ki, "Koroğlu" operasını həqiqətən oynaya bilən insan doğulsun və bu əsəri nəinki vətənimizdə, hətta dünya səhnəsində, La-Skala teatrında oynasın”.
21 yanvar 2008-ci il Lütfiyar İmanovun bu dünya ilə, saysız-hesabsız pərəstişkarları ilə vidalaşdığı gündür. İllər keçsə də, vokal məktəbinin nəhəng simalarından biri, məşhur opera müğənnisi səs yaddaşımızda, xatirələrdə, lent yazılarında Koroğlu, Xoze, German, Otello və neçə-neçə təkrarsız obrazların əvəzedilməz ifaçısı kimi yaşayacaq. Çünki o opera səhnəmizin əfsanələrindən biri idi. Əfsanələr isə yaşayır...
Təranə Vahid