Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi uğurla başa çatıb
İyunun 22-də Milli Kitabxanada Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçiriləcək. Nəşrlər Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə hazırlanıb.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaranan gündən ölkəmizin mədəniyyəti və incəsənəti ilə çox sıx əlaqələr və qırılmaz tellərlə bağlı olub. Fondun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-1996-cı illərdə ölkəmizə populyar kollektivlər dəvət olunur və onlar respublikanın ən möhtəşəm sarayında konsertlər və proqramlarla çıxış edirdilər.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva öz çoxşaxəli fəaliyyətində mədəniyyətə, mədəni incilərimizə, incəsənətə, tarixi abidələrə çox böyük önəm verir. Onun UNESCO və İSESCO-dakı fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Azərbaycanın birinci xanımının mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “The Azerbaijani culture-a message to future generations” (“Azərbaycanın mədəniyyəti gələcək nəsillərə ərməğandır”) kitabında öz geniş əksini tapıb. 8 fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində fəaliyyəti geniş şəkildə əks olunub.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunub. Kitabın ərəb dili variantında Mehriban xanım Əliyevanın İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə iştirakı, mədəni əməkdaşlığın inkişafında fəaliyyəti əks olunub. Kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaq.
Hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilib.
Kitabların hazırlanmasında Prezident Kitabxanasının böyük əməyi olub və sözügedən nəşrlərdə materiallarından geniş istifadə edilib.