Saz-söz irsimizdə özünəməxsus yeri olan “Aşıq Qərib” dastanı ustad sənətkarlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda söylənən böyük məhəbbət dastanlarından biridir. Xalq yaradıcılığının bu gözəl abidəsinin qəribə taleyi, yaddaş tarixçəsi də var. Bu qəribəlik onun necə yazıya alınmasında və xalqımızın taleyində önəmli iz qoyan tarixi hadisə ilə bağlılığındadır...
   
   “Aşıq Qərib” dastanı barədə yazılı məlumatlar XIX əsrin 20-ci illərinə təsadüf edir. Mənbələrdə göstərilir ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində İran-Rusiya müharibəsinin yekunlarına dair “Gülüstan” müqaviləsinin bağlandığı vaxt bir ziyafət təşkil edilir. Tarixin ironiyasına bax ki, Azərbaycanın ikiyə bölünməsinə yol açan hadisəyə həsr edilmiş həmin məclisdə məhz “Qəriblə Şahsənəmin hekayəti” dastanı səslənib.
   Bundan 12 il sonra dastan rus mətbuatına yol tapıb, özü də ədəbiyyata bir o qədər də yaxın olmayan biri tərəfindən. “Gülüstan” müqaviləsinin imzalanma mərasimində iştirak edən A.Lazarev adlı hərbi müşavir 1825-ci ildə rus ədəbi məcmuələrinin birində yazı ilə çıxış edir. Həmin məqalədə o, Gülüstanda imzalanan sazişə həsr olunan və İran diplomatları tərəfindən təşkil edilən məclisdə Nüsrəddin adlı bir sənətkarın sazda “Qəriblə Şahsənəmin hekayəti” adlı bir rəvayət oxuduğunu və bütün məclisdəkiləri heyran etdiyini yazır. Sonra əlavə edir ki, “kaş çarizmin Qafqaza islaha göndərdiyi rus yaradıcılarından biri imperiyanı sarsıtmağa çağıran ideyalardan əl çəkib, belə təsirli rəvayətləri qələmə alıb bizlərin ruhunu oxşayaydı”.
   Bu məqalə Qafqazda sürgün həyatı yaşayan rus şairi Mixail Lermontovun diqqətini cəlb edir. O, “Aşıq Qərib” dastanını söyləyən aşıqlardan biri ilə tanış olur. Hekayəni dinləyir və dastanın süjeti əsasında eyniadlı məşhur poemasını qələmə alır. Bu faktı poema ilə aşıq söyləmələri arasındakı süjet yaxınlığı, mövzu və məzmun oxşarlığı da təsdiqləyir. Beləliklə, “Qəriblə Şahsənəmin hekayəti” rus şairi Mixail Lermontov tərəfindən yazıya köçürülür.
   Dastanın süjetinin başqa bir versiyası sonrakı illərdə Azərbaycan aşıqlarından M.Mahmudbəyov tərəfindən yazıya alınır və o, 1882-ci ildə “Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu"nda dərc edilir. Daha sonra 1916-cı ildən etibarən “Orucov qardaşları mətbəəsi”ndə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilir. Həmin nəşrlərdən öz məzmun dolğunluğu və sənətkarlıq baxımından Gəncə versiyası daha çox dinlənilib qəbul edilir. Dastan Azərbaycanda və Anadoluda geniş şöhrət tapır və yayılır. Təsadüfi deyil ki, həmin versiya əsasında Anadolu aşıqları da öz “Aşıq Qərib”lərini yaradırlar.
   Araşdırmalardan o da məlum olur ki, dastanın Azərbaycanda on, Anadoluda yeddi versiyası mövcuddur. Bu barədə kifayət qədər tədqiqat işləri aparılıb. Dastan haqqında akademik H.Araslı, professorlardan M.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev və başqalarının dəyərli tədqiqatları var. Akademik H.Araslı və filologiya üzrə fəlsəfə doktoru S.Yaqubovanın qeydlərinə görə, Aşıq Qərib tarixi şəxsiyyət olub. XVI əsrdə yaşayıb-yaradıb və Təbriz aşıq məktəbinin görkəmli sənətçilərindən biri imiş.
   Dastan tarix yönündən də vacibliyini qoruyur. “Aşıq Qərib” milli dastan yaradıcılığının ən erkən süjetlərini əhatə etdiyi kimi, xalqımızın erkən orta əsr məişət həyatını, adət-ənənələrini və cəmiyyətdaxili ziddiyyətlərini geniş şəkildə özündə ehtiva edir. Onun hər hansı başqa bir xalqa məxsus olduğunu iddia etmək, saxtalaşdırıb özünküləşdirmək heç cür mümkün deyil. Bu özünəməxsusluğun süjetdəki bir neçə elementini xatırlatmaq və onları milli dəyərlərimizə göz dikənlərin diqqətinə catdırmaq çox yaxşı olardı.
   “Aşıq Qərib” dastanının süjeti Azərbaycan aşıq yaradıcılığında yeni məhəbbət dastanı kimi “buta” arxasınca getmə ənənəsi üzərində qurulub. Söz yox ki, bu ənənə daha çox İslam görüşləri ilə bağlıdır. Yəni aşiq və məşuqun yuxuda bir-birinə buta edilməsi, biri-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah bağlantısı, ilahi vergisi ilə bağlıdır. Azərbaycan dastan yaradıcılığında bu tipli süjetlərdə aşiq və məşuqlar bir çox çətinliklərlə üzləşsələr də, sonda bir-birinə qovuşa bilirlər. Məlumdur ki, bu adət xalqımızın dastan yaradıcılığının metodu və ənənəsidir.
   Eyni zamanda bu tipli süjetlərdə butalanan qəhrəmanlara dara düşərkən kömək edən Xızır, Həzrət, Cəbrayıl və s. İslam anlamı ilə bağlı fövqəlbəşər qüvvələr olub.
   Məlumdur ki, “Aşıq Qərib” dastanında tacir Məhəmmədin oğlu Rəsul yuxuda ikən tiflisli Xoca Sənanın qızı Şahsənəm ona buta verilir. Rəsul öz butasının arxasınca getməli olur. Gəlib Tiflisə çatanda bir qarıya rast olur. Qarı vəziyyətdən hali olur və deyir ki, sən qal burada, mən gedim Şahsənəmi muştuluqlayım. Elə buradaca qarı Rəsulu “Qərib” deyə çağırır və Rəsula bu ad xoş gəlir. O, bu adı özünə götürür. Hadisələr açılır, Şahsənəm Aşıq Qəribin gəlişindən xəbər tutur və onunla görüşür. Ancaq Qərib Şahsənəmin əmisi oğlu Şahvələdə nişanlı olduğunu bilir. Bu xəbər onu sarsıdır. Şahsənəm əmisi oğluna xəbər göndərir ki, məni yeddi il gözləsin. Aşıq Qərib Şahsənəmə qovuşmaq üçün bütün əzablara dözür. Dastanda Qəribin kəşməkəşli həyatının çox gərgin bir mərhələsi təsvir olunur. Bu, çətinlik və ağır güzərandan çıxma, buta arxasınca getmə, böyük çətinliklərə qalib gəlib toy gününə qovuşma, yeni həyata qədəm qoyma ilə əlamətdardır. Dastanın əvvəlində butasına qovuşacağına nagüman olan Rəsul (Qərib) dastanın sonunda artıq muradına yetişən haqq aşığı kimi diqqəti çəkir...
   Ənənəvi süjetlər əsasında yaranan dastanlarda dünyəvi süjetlər hadisələrin əsasında dayansa da, aşıqlar onları milli həyata məxsus bədii boyalar, rənglərlə cilalayır, müxtəlif adət-ənənə və deyimlərlə zənginləşdirərək məhəbbət dastanlarının yeni bir tipi kimi xalqın mədəni abidəsi edirlər. Elə buna görə də “Aşıq Qərib” opera sənətimizdə də özünə yer tapıb, səhnəmizi bəzəyib. Dastanın motivləri əsasında Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, C.Cabbarlının yazdığı libretto əsasında görkəmli rus bəstəkarı Reynqold Qliyer “Şahsənəm” operasını yazıb...
   “Aşıq Qərib” dastan yaradıcılığının şah süjetlərindən biri kimi yüzillikləri aşıb gələrək özünü milli yaddaşa əbədi olaraq həkk edib. Çünki bu əsər xalqımızın dastan yaradıcılığı silsiləsində özünə əbədiyaşar bir yer tutan şifahi düşüncə tarixidir.
   
   Savalan Fərəcov