Özgələri özündən çox yaşatmış Hamlet Xanızadə...
   
   Öz “özgələrinə” özündən yaxşı baxıb, özündən qat-qat uzunömürlü edən, bəzilərinəsə əbədi həyat verən Hamlet Xanızadə!
   O, onları onların “hər nazıyla” oynaya-oynaya oynayırdı. Deməli, dünya səhnəsinin baş obrazının adını daşıyan bu sənətkar səhnələrdə, çəkiliş meydançalarında daim onun monoloqundakı baş xitabın birincisini yaşaya-yaşaya ikinciyə doğru qaçırmış? Hər “özgə”yə olum bəxş edib, özünə ölüm (əlbəttə, cismən) cəzb edirmiş?..

   
   O, bu kimi cəzbi-cazibələrin zərbələrinə qırx səkkizcə il tab gətirə bildi. 20-21 yaşlarında yaratdığı (“Möcüzələr adası”, “Yaşamaq gözəldir, qardaşım”, “İstintaq davam edir” kinofilmlərində) obrazlar bu gün artıq onunla həmyaşıddırlar. Hələ qırx ildir, kino-teleekranlarda azı qırx yol baxdığımız, düşünməkdən, zövq almaqdan, hər dəfə yenidən vurulmaqdan doymadığımız Gizir, Topal Teymur, Talıbov obrazları!
   Hələ bu obrazların özlərinə də “filmin (və ya tamaşanın) sonu” kimi yox, Hamlet Xanızadə istedadının, qabiliyyətinin “avans”ı kimi baxılmalıdır, məncə. Və bu sənət umu-minnətimin davamı olaraq, o dövrün müxtəlif ədib-ssenarist-rejissor üçbucaqlarına xitabən “öz aramızdır, sizlər onun yaradıcılıq potensialının heç yarıbayarısının da reallaşmasına nail ola bilmədiniz” - deyilməlidir.
   ...Nə deyirik deyək, nə yazırıq yazaq - artıq gecdir. Qatar gedib...
   
   Amma...
   
   ömür qatarı getsə də, sənət “Qatarda”sı qalıb. Həmin teletamaşada böyük həyat tamaşası yaradanlardan biridir Hamlet Xanızadə. Oradakı “Dadaşov”a - deməli, dadaşovçuluğa bu qədər bədii, bu qədər həyati, bu qədər xəlqi nifrət bəsləyib, öz dil və sir(r)-sifət nitqi ilə ikrah yaratmaq, maddəsiz-hökmsüz cəzalandırıb islah etmək - nə hər hansı bir qoluzorlunun, nə hüquq-mühafizə orqanının işidir.
   Bax beləcə özünü “ona-buna” xərcləyə-xərcləyə, “yadlar” yerinə duyğulana-duyğulana, müxtəlif janrlı əsərlərə, növbənöv obrazlara can verə-verə, nəhayət, “20 Yanvar” adlı milli faciə “tamaşamıza” seyri-tamaşaçı olmağı bacarmadığına görə qırx səkkizcə yaşında canını tapşırdı. “Xoşbəxt” janrlı (“ömrün baharı” motivli) yazı-pozulardakı qəhrəmanlardan fərqli olaraq, ömrün anti-baharında - qırx doqquzuncu qışında...
   
   Bioloji olumu
   
   Bu adi olay 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində baş verib. Burada olmazın əziyyətlər çəkərək böyüyüb, sonralar ekranlaşdırılan bir bədii filmdəki (“Şərikli çörək”) situasiyaların real fraqmentlərini yaşayıb, qonşu uşaqlarla min cür “teatro”lar çıxara-çıxara 18 yaşında Teatr İnstitutuna oxumağa, 20 yaşında isə Akademik Dram Teatrına işləməyə gedib çıxıb. Elə buradaca bu faktoloji qeydlərə - bütün məşhurların tərcümeyi-halının “yaraşığı” olan bir taftaloji əlavə: belə ki, guya “...atası Bəbir kişi onu heç bir halda aktyor görmək istəmirdi”. Adamın buna heç inanmağı gəlmir. Nədən ki, başçısı Bəbir kişi olan o ailə bu uşağa yalnız teatr ehtiva edən Hamlet adı qoymuşdu...
   Yenicə düşdüyü teatr ailəsində (“Azdrama”da ) isə onu “canlı Hamlet gəlib”ində qarşılayanlar da olub. Hərəkətlərindəki dirilik-dinamikliyə, nitqindəki əsər-kəsərə, səsindəki cingiltilərə, baxışlarındakı dramatizmə görə. Bu kompleks-adam pərdəarxası səhnəçilərə sabahın suflyorsuz-yanlışsız bir monoloq-dialoq ustası, kinematoqrafçılara “dubl”suz-qayçısız kadrlar vəd edirdi. Hələ ali məktəbin aşağı kurslarında ikən adı sənət məbədinin yuxarı pillələrində hallanan Hamlet isə özünü yenə “Tədris teatrı”nın müdavimi hesab edib, böyük tərəf-müqabillərinin (H.Qurbanova, A.Gəraybəyli, İ.Osmanlı, Ə.Ağayev və b.) hər birindən bir universitet qədər təlim mənimsəyə-mənimsəyə püxtələşib.
   Deyirlər, onun ilk təltifatı teatr və kino ictimaiyyətinin rəylərindən ibarət olub: “Ən az vaxtalan” (səhnə məşqlərində) və “ən az lentkorlayan (kinoçəkilişlərdə).
   
   Sənət olumu
   
   Yaşadığı qırx səkkiz ilin iyirmi səkkizini bu oluma həsr edib. Bu illərdə yaratdıqları isə bir yazılıq deyil, bütöv bir kitablıqdır. Özü də tək elə qalın kitablıq yox a, əbədi qalan kitablıq. Səhnə obrazlarının sayı-hesabı yox, filmoqrafiya faktları-fakturaları yüzə yaxın. Onun, bəzən “gəldi-gedər” iş kimi qiymətləndirilən “adi” televiziya tamaşalarında yaratdığı surətlər “köklü-köməcli” hesab edilən kinofilmlərdəki obrazlarından qətiyyən geri qalmır. Yazının əvvəlində birindən (“Qatarda”) ötəri söhbət açdıq, ikinci və üçüncüsü barədə isə bir qədər ətraflı.
   “Topal Teymur”. O, ekranda necə zühur edir! İnanmıram, kimsə bu nida-suala onun tamaşaçıya verdiyi emosional-rasional mənzərəyə adekvat cavab verə bilsin. Nə qədər dərinə getsən də, onun gözlərinin içindəki dərinliklərə baş vurmaq müşkül. Ətrafındakı teatral quramalar, əlbəsələr, başqa tanış aktyor sifətləri, ən müasir musiqi alətlərinin çıxardığı ultral sədalar nə qədər şərtilik saçsa da, Hamlet Xanızadənin yaratdığı real qədimliyin yanında bir heçdir. Onun sənət “iç”indən orta əsrlərin psixologiyası, şahlıq ehtirasları, rəyasət taktikaları, tiran strategiyaları püskürür. Bu “lava”nın axarında “düz” yol tutub getməkdə olan tamaşaçı hərdən “büdrəməli” olur. Çünki bu əzəmətli sənətkar o həşəmətli Teymurun çox padşahları düzdə qoyan qüsur ayamasını - topallığını təqlid edir. “Təqlid”?! Yox! İnanmıram, Teymurləng özü bu sayaq yerimiş, bu gözəllikdə, bu vahimə-həngaməlikdə ləngər vurmuş olaydı. Onun hər cümləyə dair yaşadığı surəti-hallar, suallarında belə hiss etdirdiyi nidalar, ədalarındakı vurğular, qəzəbli qəhqəhələrindən qalxan qılınc-qalxanlar isə bayaq vurğuladığım kitablıqdır.
   “Arxadan vurulan zərbə” (İmaş), “Axırıncı aşırım” (Talıbov), “Qətl günü” (Sədi Əfəndi) və digər filmlərin, habelə yüzlərlə teatr tamaşasının az qala hər birində ayrıca, seçkin, yeni ampluada çıxış etmiş Hamlet Xanızadə “Yeddi oğul istərəm”dəki Gizir obrazı ilə, məncə, bir sənət generallığına nail olmuşdur. Hərdən bəhs açdığım “məncə”lərə bunu da əlavə edim ki, həmin filmdə “kuliminasiya nöqtə”si deyilən standartı bir neçə məqama aid etmək olar və mən “Qan çanağı”ndakı bir məqamı onlardan biri hesab edirəm: Gəray bəy bərk narahatdır, gərgin halda kahada var-gəl edir və “Belə-belə işlər, Gizir!” - deyə, “vuran əli”, “tədbirli başı” hesab etdiyi silahdaşına müraciət edir. Ortada yeddi patron var. Obyekt fokusdan çıxarılır və əvvəlki hala qayıtdıqda iki müsahibin gözləri də görünür. Deməli, on bir patron! Amma yox, bir an keçmiş dördgöz olan Gizirinkilərlə - on üç! Və onun bəy-xan qanına susamış səsi: “Məndən olsa... - baş barmağıyla patronlardan birini (birincisini!) yerə sərir, - elə birinci Şəkər bəyin oğlunu aradan götürərdik, bəy!”.
   Sonra nə? Çox şey, çox halət və əlamət. Amma onun son işi - ölüm aktı ayrıca bir görəcək, film tamında film şamı təsiri bağışlayan aləm. Ölüm səhnəsini deyirəm. Başqalarının həyatına “uf” demədən qıyan bu adam güllə dəycək, tək qolu ilə böyründəki ağaca necə sarmaşmaq istəyir! Bacarmadıqda əliylə ağacın gövdəsi aşağı - həyat diləyə-diləyə - əllərindən çıxmaqda olan torpağa sərilir. Bu təkrarsız, qeyri-adi jestlərlə, sənətkaranə halətlə “həyat”da ölür, sənətdə isə əbədən dirilir.
   Onun heç bir rolda çətinlik çəkmədiyini söyləyənlər də var. Xüsusən, Sədi Əfəndi obrazından söz düşəndə belə deyirlər. Lakin bunu da əlavə edirlər ki, niyə də əziyyət çəkməliymiş, - axı o, bu rollara qədər həyatda çox Sədi Əfəndilər görmüş, müşahidə etmiş və məşqlərdə az əziyyətlər çəkməmişdi.
   Yazdıqca qurtarmayan, danışdıqca ifadə olunmayan bu sənətkar haqda bu qədər(?)...
   
   Tahir Əhmədalılar