Markalarda Qarabağ abidələri, Şuşa qalası əks olunub
   
   ABŞ-dakı Qarabağ Fondu bu ölkədə ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Satış üçün nəzərdə tutulan bu poçt markaları «Qarabağ: keçmişə və gələcəyə baxış» layihəsinin bir hissəsidir. Fonddan verilən məlumata görə, markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaların satışından əldə olunan gəlir isə Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.
   Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün fond ABŞ-da müxtəlif sərgi, forum və mübadilə proqramları həyata keçirir.    

   Gülər