Azərbaycan
9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda doğulub. Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin, 17 min beytlik divanın müəllifidir.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" toplusunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyev (1946-1994) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. 12 yaşında “Ögey ana” filmində oynadığı İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Yol əhvalatı”, “Lətifə” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (Vaqif Mustafazadə ilə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı). “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, kinojurnal üçün süjetlər çəkib.
10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yığır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
Dünya
9 aprel 1821 - Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1925 - Rus heykəltəraşı, qrafik-rəssam Ernst Neizvestnı anadan olub. Əsərləri: “Həyat ağacı”, “Kədər maskası” və s. 1977-ci ildən Amerikada yaşayır.
9 aprel 1933 - Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Qadın elə qadındır”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.
10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 - Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub) anadan olub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
10 aprel 1937 - Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.
10 aprel 1951 - Amerikalı aktyor Stiven Siqal (Steven Seagal) anadan olub. Filmləri: “Mühasirədə”, “Məhv etmək əmr olunub”, “Nə ölü, nə diri” və s.
11 aprel 1888 - İtalyan kino ulduzu Françeska (Francesca) Bertini (əsl adı - Elena Seracini Vitiello, 1888-1985) anadan olub.
11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
Hazırladı: Vüqar Orxan