Azərbaycan
   
   26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
   26 aprel 1947 - Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947-7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi" (“Ömrün səhifələri” kinonovellasından), "Dantenin yubileyi", “Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü".
   
   27 aprel 1940 - Filologiya elmləri doktoru, professor, folklorşünas alim Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
   27 aprel 1951 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
   27 aprel 2007 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007, Moskva) vəfat edib. Dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
   
   28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
   28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.
   28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920-28.1.1987) anadan olub.
   28 aprel 1921 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunun Samux kəndində doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rektoru olub.
   28 aprel 1938 - Dilçi, filologiya elmləri doktoru, professor Adil Məhəmməd oğlu Babayev anadan olub.
   
   29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
   29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
   
   Dünya
   
   26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
   26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin, habelə “Xiosda qətliam”, “Sardanapalın ölümü” və s. tarixi tabloların müəllifidir.
   26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” kimi qeyd olunub.
   
   27 aprel 1791 - Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı (“Morze aparatı”) və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.
   27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
   27 aprel 1927 - Rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə maraqlı rolları ilə məşhurlaşıb.
   27 aprel 1932 - Fransız aktrisası, 50-60-cı illərin kinoulduzu Anuk Eme (Anouk Aimee - Françoise Sorya-Dreyfus) anadan olub. Filməri: “Kişi və qadın”, “Səkkiz yarım”, “Monparnas, 19” və s.
   
   28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
   28 aprel 1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: “Vasek Trubacev və onun dostları” (povest), “Ata ködəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).
   28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
   28 aprel 1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.
   28 aprel 1974 - İspan kinoaktrisası, «Oskar» mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”, “Viki Kristina Barselona” (“Oskar”, 2009).
   
   29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
    29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.
   29 aprel 1907 - Avstriya mənşəli Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar” mükafatına layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci” (qısametrajlı filmlər), “Bütün zamanların adamı”, “İndidən və hər zaman” (ümumilikdə 8 “Oskar”).
   29 aprel 1957 - Hollivud ulduzlarından kinoaktrisa Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar”, “Sevgi tarlası”, “Ledi-qırğı”, “İstvik əcinnələri”.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar