Kəşməkəşli həyat yolu keçmiş Əhməd Zəki Vəlidi Toğan türk tarixşünaslığında və türkologiyada dərin izlər qoyub
   
   Görkəmli tatar türkoloqu, tarixçi, şərqşünas, ictimai xadim Əhməd Zəki Vəlidi Toğan 1890-cı il dekabrın 10-da Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində ziyalı ailəsində dünyaya gəlib. O, ibtidai və orta təhsilini dayısının mədrəsəsində alır, ərəb və fars dillərini mükəmməl öyrənir. Sonra ali təhsil almaq məqsədilə Kazan şəhərinə gedir. Orada tanınmış şərqşünaslar M.Aşmarin və N.Katanovla yaxından tanış olur, onların məsləhəti ilə türk xalqının tarixi ilə bağlı elmi araşdırmalara yönəlir. “Türk və tatar tarixi”nin ilk cildini (1912) Kazanda nəşr etdirir. Bu əsərə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir. 
   
   Zəki Vəlidi bundan sonra maraqlı bir araşdırıcı kimi diqqət mərkəzində olur. 1913-cü ildə Kazan Universiteti, 1914-cü ildə isə Rusiya EA tərəfindən Fərqanə və Buxara bölgələrinə elmi ezamiyyətə göndərilir. Gərgin araşdırmaları sayəsində dəyərli materiallar toplayır, elmi jurnallarda məqalələr çap etdirir. “Manas” dastanını, XIV əsrin görkəmli ərəb tarixçisi İbn Haldunun həyat və yaradıcılığını araşdırır.
   Türk xalqlarının tarixi keçmişi ilə bağlı məlumatlar onun həyata baxışlarını dəyişir. Siyasi fəallığını artırır. 1917-ci ildə yaranan Başqırd milli hökumətində daxili işlər naziri olur. Bolşeviklərlə mübarizədə kəskin mövqe nümayiş etdirir. Başqırd milli hökuməti süqut etdikdən sonra azadlıq mübarizəsini üç il Türküstanda davam etdirir. Lakin bolşeviklər dalğası bu diyarı da ələ keçirir.
   1923-cü ildə o, Avropaya üz tutur. Əvvəl Parisə, oradan Berlinə gedir və bir müddət orada yaşayır. Bir gün (1925) eşidir ki, Türkiyənin maarif naziri, doktor Rza Nur Berlindədir. Onunla görüşür. Rza Nur bu görkəmli elm xadimini Türkiyəyə dəvət edir. Zəki Vəlidi həmin il Ankaraya gəlir. Burada araşdırmalarını davam etdirir. Türküstanda bolşeviklərə qarşı apardığı silahlı mübarizə illərində topladığı qiymətli əlyazmalar karına gəlir. Həmin əlyazmalar üzərində apardığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir.
   Kəşməkəşli ömür yolu keçən Zəki Vəlidinin həyatında iz qoyan hadisələr çoxdur. Belə hadisələrdən biri 1932-ci ildə Ankarada keçirilən Türk Tarix Qurumunun I qurultayıdır. Qurultayda baxışlarına və ali universitet təhsili olmadığına görə tənqid olunur. Buna baxmayaraq o, öz fikirlərində qalır və mövqeyini dəyişmir. Eyni zamanda ali təhsillə bağlı haqlı tənqidlərə cavab olaraq 1932-ci ildə İstanbul Universitetində tutduğu vəzifədən istefa verərək Avstriyaya gedir. Vyana Universitetində ali təhsilini tamamlayır və 1935-ci ildə “İbn Fədlanın səyahətnaməsi” mövzusunda doktorluq işini müdafiə edir. Bonn, sonra Qettinqen Universitetində “Orta Asiya tarixi və islamiyyət” mövzusunda mühazirələr oxuyur. 1939-cu ildə onun “İbn Fədlanın səyahətnaməsi” əsəri alman dilində Leypsiqdə nəşr edilir. “Əl-Biruni” əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır. Eyni zamanda türk və alman dillərində elmi jurnallarda məqalələr çap etdirir. Özünü bir alim kimi təsdiq edərək 1939-cu ildə Türkiyəyə qayıdır, İstanbul Universitetinin ədəbiyyat fakültəsində professor kimi işə başlayır. Bu illərdə onun Əlişir Nəvai haqqında əsəri, “Türk metodologiyası”, “Ümumtürk tarixinə giriş”, “Bugünkü Türküstan və yaxın keçmişi”, “Tarixdə üsul” kitablarını yazır. 1953-cü ildə özünün təşəbbüsü ilə yaradılan İslam Tədqiqi İnstitutuna müdir təyin olunur.
   Bu görkəmli alimin adını dünyada tanıdan hadisələrdən biri də 1951-ci ildə İstanbulda keçirilən XXII Şərqşünaslar konqresi olub. O, konqresin təşkilinə məsul şəxslərdən biri idi. Sonrakı illərdə dünyanın bir çox ali təhsil müəssisələrində və elmi mərkəzlərində mühazirələr oxuyur və elmi toplantılarda iştirak edir. 1960-1970-ci illərdə “Xatirələr”, “Türkün müqəddəratı”, “Quran və türklər”, “Oğuz dastanı” əsərləri nəşr edilir.
   Alimin “Ümumtürk tarixinə giriş” əsərində Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə geniş yer verilib. Onun ölkəmizə aid əsərlərindən biri də Türkiyədə nəşr olunan “İslam Ensiklopediyası”nda dərc etdirdiyi “Azərbaycan” məqaləsidir. Burada Azərbaycan tarixinin mükəmməl icmalını özündə əks etdirən əsərlərin biblioqrafiyası yer alıb. Onun 1969-cu ildə İstanbulda nəşr olunan “Xatirələr” kitabında ünsiyyət saxladığı Azərbaycan türkləri haqqında da maraqlı məlumatlar öz əksini tapıb.
   Onun tədqiqatlarında türk tarixinin əski dövrləri, islam dövründə yüksəliş mərhələləri, türklərin qələbələri və yayılmaları aydın şəkildə verilib. Bu tədqiqatlarda Azərbaycanın qədim və orta əsrlərinə dair məlumatların olması, türkdilli tayfaların burada hələ eramızdan əvvəl yaşamaları barədə faktlar yer alır.
   1970-ci ildə İstanbulda vəfat edən bu görkəmli alimin özü və əsərləri Avropa və dünyanın bir çox ölkələrində maraqla araşdırılıb. Ancaq vətəni Başqırdıstan da daxil olmaqla, keçmiş SSRİ ərazisində qadağan edilib.
   Nəhayət, tarix hər şeyi yerbəyer etdi və böyük alim doğma vətənində haqq etdiyi qiyməti aldı. 2010-cu il TÜRKSOY tərəfindən “Əhməd Zəki Vəlidi Toğan” ili elan olunmuşdu və alimin 120 illik yubileyi Azərbaycanda da qeyd edildi.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar