Elxan Babayev - 65
Unudulmaz o şəxslərdir ki, əməlləri ilə yaddaşlarda qalırlar. Tanınmış o kəslərdir ki, xidmətləri ilə mənsub olduqları xalqın tarixinə, mədəniyyətinə töhfələr bəxş edirlər. Bu mənada Elxan Babayev unudulmaz müəllim və tanınmış musiqişünas kimi anılmağa layiq bir şəxsiyyətdir. Onun ömür kitabından bəzi səhifələri vərəqləməklə həyat və sənət yoluna nəzər salmaq istərdik.
Elxan Əlisəttar oğlu Babayev 1948-ci ildə Bakıda anadan olub. Bülbül adına musiqi məktəbində təhsil alır, mahir klarnet ifaçısı kimi püxtələşir. Hələ şagird ikən bir neçə festivalda iştirak edərək peşəkar musiqiçilərin diqqətini cəlb edir. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəfəsli alətlər şöbəsinin klarnet sinfinə daxil olur. Üçüncü kursda oxuyarkən təhsilini Leninqradda davam etdirmək qərarına gəlir. Bunun üçün o, Rimski-Korsakov adına Leninqrad Konservatoriyasına gedərək nəfəs alətləri kafedrasında onu dinləmələrini xahiş edir. Kafedra müdiri Elxan Babayevin ifasını dinlədikdən sonra sənədlərini gətirməsini məsləhət görür.
Bakıya qayıdan gənc ifaçı bu barədə bir xeyli düşünməli olur. Onu düşünməyə vadar edən isə müəllimlərinin məsləhətləri idi. Elxan tarix-nəzəriyyə fənlərinə çox maraqla yanaşırdı. Buna görə müəllimlər onun nəzəriyyə fakültəsinə keçməsini məsləhət görürdülər. Lakin o zamanlar iki fakültədə təhsil almağa icazə yox idi. Amma əlaçı tələbə olan, Üzeyir Hacıbəyli təqaüdü alan Elxan Babayevə belə bir şans verilir. Konservatoriyanın rektoru, professor Cövdət Hacıyev onun həm nəfəs alətləri, həm də nəzəriyyə fakültələrində oxumasına icazə verir.
Bu yerdə unudulmaz sənətkarımız Cövdət Hacıyevin «Tələbələrimin hər bir uğuru mənim də uğurumdur» məqaləsindən bəzi sətirləri diqqətinizə yetirək: “Bir vaxtlar rəhbərlik etdiyim konservatoriyada təhsil alan, ilk uğurlu addımlarını atan bütöv bir yaradıcı nəslin nümayəndələri bu gün incəsənətimizin ön sıralarında gedən, milli musiqimizi beynəlxalq miqyasda ləyaqətlə təmsil edən bəstəkar, ifaçı, musiqişünas kimi tanınmış sənətkarlardır. Bu musiqiçilərdən biri Elxan Babayevdir. Hələ 60-cı illərdə konservatoriyada oxuyan tələbələr içərisində istedadı və zəhmətsevərliyi ilə diqqətimizi cəlb edən bu gənc ona bağladığım ümidlərimi, ən xoş arzularımı tez bir zamanda doğrultdu. İfaçılıq fakültəsində müvəffəqiyyətlə təhsil alan E.Babayevin eyni zamanda elmi fəaliyyətə olan marağı hələ o vaxt nəzərimdən yayınmamışdı. Buna görədir ki, rektor kimi ciddi riayət edib heç vaxt pozmadığım prinsiplərin əksinə getməli oldum - müstəsna hal kimi E.Babayevə eyni zamanda tarix-nəzəriyyə fakültəsində də təhsil almağa icazə verdim. Nəticəsi isə gözlədiyimdən daha artıq oldu”.
Beləliklə, hər iki fakültəni fərqlənmə diplomları ilə bitirən Elxan Babayev geniş yaradıcılıq yoluna qədəm qoyur. O, əvvəlcə nəfəs alətləri şöbəsini bitirərək Azərbaycan Dövlət Radio və Televiziyasının simfonik orkestrində solist, 2 №-li musiqi məktəbində müəllim işləyir.
1972-ci ildə nəzəriyyə fakültəsini də müvəffəqiyyətlə bitirən Elxan Babayev bir musiqişünas kimi ulu muğamlarımızın tədqiqinə xüsusi diqqət yetirir. Çünki o, hələ muğam sənətinə erkən yaşlarından çox bağlı idi. Özü də bunu tez-tez xatırlayar və deyərdi: «Mənə muğamlarımızı sevdirən böyüdüyüm ailə olub. Çünki atam muğamları çox sevər, yaxşı səsi ilə, özünün tar ifaçılığı ilə bu sənəti bizə də sevdirərdi. Evimizdən ustad ifaçıların lentləri əskik olmazdı. Radio və televiziyada muğam konsertləri bizim evimizdə xüsusi maraqla qarşılanardı».
Elxan Babayev muğam sənətinin tədris, tədqiq və təbliğində mühüm xidmətləri olan bir musiqişünasdır. O, uzun illər radionun musiqi redaksiyasının xalq musiqisi şöbəsində redaktor, şöbə müdiri vəzifələrində işləmişdir. Bu illər ərzində o ən görkəmli bəstəkarlar, ifaçılar haqqında, musiqinin müxtəlif janrları, o cümlədən muğamla bağlı çoxlu sayda verilişlər hazırlamışdır. «Muğam» radio jurnalı, «Bəstəkarlarımızın portreti», «İfaçılarımızın portreti» və bu kimi verilişlər Azərbaycan radiosunun fondunda qorunub saxlanılır.
Onun yaradıcılığının mühüm bir hissəsini pedaqoji fəaliyyəti təşkil edir. 2 №-li musiqi məktəbində, Bülbül adına məktəbdə, Dövlət Konservatoriyasında həm ifaçılıqdan, həm də musiqi nəzəriyyəsindən dərs demişdir. Bu günün bir neçə tanınmış ifaçıları və musiqişünasları Elxan Babayevin yetirmələridir. Onun pedaqoji fəaliyyətinin bir dövrü də İraqın Bağdad şəhərində keçib. 1985-ci ildən Bağdada ezam olunan Elxan Babayev orada da simfonik orkestrdə solist işləməklə bərabər, həm də tələbələr yetişdirmişdir. Ərəb dilini mükəmməl öyrənən Elxan Babayev İraq makamları ilə dərindən məşğul olaraq Bakıya qayıtdıqdan sonra bu mövzuda bir neçə məqalə yazır.
Bu yerdə bir qədər Elxan müəllimin elmi fəaliyyətinə nəzər salaq. O, Azərbaycan muğamlarının ritmik xüsusiyyətlərini araşdırdı. Bu mövzu ilə bağlı Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsüm Nəvvab kimi alimlərin risalələrini oxuyur, məqalələr yazırdı. Onun elmi işi «Azərbaycan muğamlarının ritmikası» məsələlərinə həsr edilmişdi. 1985-ci ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Valentina Xolopovanın rəhbərliyi altında dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır.
Elmi fəaliyyətini davam etdirən Elxan Babayev 1993-cü ildə «Süleyman Ələsgərov» monoqrafiyasını, 1994-cü ildə «Azərbaycan muğam dəstgahlarının ritmintanasiya problemləri», 1996-cı ildə «Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri» monoqrafiyalarını, 2000-ci ildə «Ənənəvi musiqimiz», «Müsahibələr və mülahizələr» məqalələr məcmuəsini nəşr etdirir.
Müxtəlif xarici ölkələrdə keçirilən simpozium və konfranslarda məruzələri, jurnal və elmi toplularda nəşr olunan məqalələri Elxan Babayevin Azərbaycan etnomusiqişünaslığına bəxş etdiyi dəyərli töhfələrdir. Onu da qeyd edək ki, o, «Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri» mövzusu əsasında sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsinə yüksəlmişdi. Amma ən ucada duran Elxan Babayevin bir insan və bir mütəxəssis kimi sağlam düşüncəsi idi. Məhz o, bu düşüncənin sayəsində unudulmaz əməllərə sahib oldu. Həm yaradıcılığı, həm də işıqlı əməlləri yaddaşlarda qaldı. İfaçılıqdan müəllimliyə, müəllimlikdən alimliyə qədər mənalı bir ömür yaşadı. Bir vaxtlar tələbəsi olduğu Konservatoriyada müəllim, kafedra müdiri, dekan, prorektor kimi vəzifələrində çalışdı.
Hər bir sahədə ona uğur gətirən musiqiyə olan böyük məhəbbəti idi. Bu məhəbbət Elxan Babayevin yalnız sənət seçiminə, yaradılıcılığına deyil həyat yoluna da işıq saçdı. Belə ki, o özünə ömür-gün yoldaşı hələ Bülbül adına musiqi məktəbində oxuyarkən tələbə həmkarı Həcər xanımı seçdi. Bəlkə də bu taleyin qisməti idi. Onlar Konservatoriyada eyni fakültədə (tarix və nəzəriyyə) oxumalı oldular. Həm sənətdə, həm də həyatda birgə addımlayaraq ailə qurdular. İki musiqişünasın sevgisindən dünyaya gələn Aynur və Aytac da musiqiçi kimi yetişdilər. Bu gün Babayevlər ailəsinin üzvləri Həcər xanım, övladları Aynur və Aytac milli və professional musiqimizin inkişafında xidmətləri olan musiqişünas alimlər kimi fəaliyyət göstərirlər. Onları da bu yola istiqamətləndirən və uğurlu əməllərə sövq edən Elxan müəllimin sənət və vətən sevgisi olub. Elxan müəllimin işıqlı xatirəsinə ithaf olunan «Sənsiz səninlə» kitabında Əməkdar incəsənət xadimi Həcər Babayeva unudulmaz müəllim və tanınmış musiqişünasın bütün həyat və yaradıcılıq yolunu işıqlandırmaqla, onun haqqında dostlarının, həmkarlarının, alimlərin xatirələrini təqdim etməklə bərabər, özünün və övladlarının da kövrək hisslərini ifadə edir. Mən də bir tələbəsi kimi Elxan müəllimin ruhu qarşısında öz mənəvi borcumu bu yazıdakı fikirlərimlə ifadə etməyə çalışdım. Ruhu şad olsun deyirik.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru