Azərbaycan
   
   1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) görkəmli yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də AMEA Rəyasət Heyətinin binasında fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor M.Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İ.Zeynalov) qoyulub.
   
   2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
   2 iyun 1957 - Xalq artisti, tanınmış müğənni Şahnaz Həsən qızı Haşımova Gəncədə doğulub. Uzun illər rəhbərlik etdiyi “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Gəncə Dövlət Filarmoniyasının dtirektorudur.
   2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
   
   3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. “İzdiham”, “Azadlıq”, “Dəfn”, “II İohann”, “Fatma” və s. romanların, “O məni sevir”, “Qatarın altına atılan qadın” və s. pyeslərin müəllifidir. Q.Markesin "Patriarxın payızı", T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını dilimizə tərcümə edib.
   3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ölkəmizin UNESCO ilə səmərəli əməkdaşlığının nəticəsi kimi Qobustan və İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı) UNESCO-nun “Dünya mədəni irs” siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, milli xalçaçılıq və tar ifaçılıq sənətimiz, Novruz bayramı təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   
   4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
   4 iyun 1929 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929-25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib, xarici ölkələrdə qastrol səfərlərində olub.
   
   5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
   5 iyun 1912 - Dramaturq, ədəbiyyatşünas Həsən Məmməd oğlu Qasımov (1912-8.5.1977) anadan olub. "Kür sahilində" pyesi teatrlarda tamaşaya qoyulub.
   5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.
   5 iyun 1941 - Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
   
    6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855- 1931) Bakıda anadan olub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
   6 iyun 1951 – Məşhur müğənni, Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.

    Dünya
   
   1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
   1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lüdmila” operalarının müəllifidir.
   1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.
   1 iyun 1926 - Məşhur Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.
   1 iyun 1929 - Tanınmış hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Balaca üçün milyon dollar” (“Oskar”) və s.
   
   2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
   2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
   
   3 iyun 1906 - Rus rejissoru, SSRİ Xalq artisti, görkəmli kino pedaqoqu Sergey Gerasimov (1906 - 1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s.
   3 iyun 1875 - Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet, 25.10.1838 - 1875) vəfat edib. Məşhur “Karmen” operasının müəllifidir.
   3 iyun 1963 - Böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1. 1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci SSRİ-yə mühacirət etmişdi. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə, rejissor Əjdər İbrahimov) filmləri çəkilib.
   
   4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
   4 iyun 1975 - Amerika kino ulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”.
   
   5 iyun “Dünya ətraf mühit günü”dür (World Environment Day).1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
   5 iyun 1898 - Məşhur ispan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
   5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
   5 iyun 1941 - Polşa aktrisası Barbara Brılska (Barbara Brylska) anadan olub. E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmində Nadya rolu ilə sovetlər ölkəsində şöhrət qazanıb.
   5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub. Filmləri: “XX əsr”, “Alfredo, Alfredo” və s.
   
    6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub. 
    6 iyun 1606 – Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası” Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
   6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.
   6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann 1875-12.08.1955) anadan olub. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar