başdan-başa real-teatral tamaşa, fitrətən kompleks baməzə, əbədən təzə - Babayev Mirzə...
Belə bir qeyri-rəsmi yazıda soyadın adı öncələməsinin özü də məhz təpədən-dırnağa major Mirzəmizin - milli estradamızın ruhsal bayraqdarının, ümuməhval solistinin özünə məxsus stilistik bir məzə. Bu yazısının qəhrəmanı - öz əhval-ovqat diktəsi ilə küll-aləmi öz aura diktaturasına alan Birisi isə, bəndənizin qələmi neyləsin?..
Axı, bütün bioloji-psixoloji mizan-düzəni, ifa orijinallığı, universal əda-jestikulyasiyaları ilə kütləvi “gülüşsaçdı”, “dodaqqaçı” kimi isimlərə də çevrilmiş bu obrazın təsir-təlqin imperiyasından kim qurtula bilər ki? İstər onun sağlıq-reallığında, istər mərhum-memoriallığında. 1913-cü ilin iyulundan 2003-ün yanvarınadək onu canlı görüb-tanıyanlar tamamən, sonrakı və gələcək nəsillər isə fotolarda, filmoqrafiya kadrlarında davamən...
Tanıdığınız və tanımadığınız Mirzə...
“Və”nin ikinci tərəfindən başlayaq.
İfaçılıq, musiqi-sənət “sənaye”sinin nəhənglərindən olan bu fenomenin ilk təhsilini Sənaye İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) aldığını, memarlıq fakültəsini bitirdiyini hamınızmı bilirsiniz? Onun bir neçə şəhərlərimizdəki 10-a yaxın bina və muzeyin layihələşdirilməsində iştirak etdiyini bilənlər çox olar, ya bilməyənlər? Maya-mahiyyətində bir az da “görməmiş”lik notları olan bu suallarım kimdənsə cavab üçün deyil, doxsan illik ömrünün altmış ildən çoxunu milli mədəniyyətimizin pardaqlanıb-parlamasına şərəf və ləyaqətlə, özünəməxsus sənətkarlıq elementlərilə xidmət etmiş ustad müğənnimizin ruhuna salavat-savab üçündür.
Deməzsizmi, bu mərfət-mədəniyyət, xoşxislət, sülhsifət adam ötən əsrin ən qanlı savaşında - İkinci Dünya müharibəsində də olub. Tarix üçün artıq patetik statistikaya çevrilmiş o müharibə faktını bu sayaq “top-tüfənglə” xatırlamağımın səbəbi bu ki, onun iştirakçılarının əksərinin sir-sifətində sirli bir təkəbbür, sehrli ciddiyyət, bəzilərinin nəzər-gəzərində “mənəm-mənəm”lik, hətta ətrafındakı mülkilərə “fərari” eyhamı da olurdu. Bu yazı qəhrəmanımız isə, “ədalətli müharibə” tərəfinin qəhrəmanı olmasa da, yaralanaraq tərxis edildiyi ordudan qayıdıb, əbədi atəşsiz cəbhəyə - böyük mədəniyyət ordusu sıralarına atıldığı gündən bu ağlar-gülər aləmə xoş ovqatlar saçdı. Müharibənin qızğın çağlarında işçi Bakının mədəni həyat nəbzini döyündürməyə çalışanlardan birinin - sonralar dünya şöhrəti qazanan bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində müğənnilik fəaliyyətinə başladığı vaxtdan dünyasını dəyişməyə beş-üç saat qalmışadək ətrafına təbəssümlər yayımladı.
Qırxıncı illərin ən seçkin “üç bakılı oğlan”ından biri olan Mirzə bu məhəlli titul-nominasiya ilə kifayətlənmir. Heç memarlıq işlərinə də perspektiv səydə bulunmur; daşınmaz əmlak layihələrindən, maddi quruculuq işlərindən mənəvi-mədəni-əbədi aşınmaz sənət yaradıcılığı sahəsində qərarlaşmaq fikrinə düşür. 1948-ci ildə - otuz beş yaşında Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Əsrin əvəzsiz ifa sənətkarı Bülbülün sinfində təhsil alır. Ürək arzusu, könül vurğunluğuyla seçdiyi bu sahənin incəliklərinə elə varır ki, elə tələbəlikdən Azərbaycan Dövlət Filarmoniyasında işə dəvət edilir və uzun illər burada çalışır.
“Uzun illər çalışır”... Ayrı-ayrı kollektivlərdə, məkanlarda keçirdiyi bu “uzun illər” onun fəaliyyət müddətini yetmişə, ömrünü doxsana, Əməkdar artist, Xalq artisti adlarına, “Humay” (iki dəfə) mükafatına, bir neçə orden-medala və ümumxalq məhəbbətinə çatdırdı.
İndi də keçək doxsan illik bir ömrü doxsan sətrə yerləşdirməyə cəhd etdiyimiz bu estrada-Adamın mahnı aləminə. Könlümüzün gözüylə, qəlbimizin qulağıyla -
Baxaq da, dinləyək də...
“Estrada-Adam” ifadəsinin ab-havası ilk olaraq “Uzaq - yaşıl ada” mahnısını salır yada. O mahnının mətnindəki məram-məna öz yerində. Bəs səsdəki, ifa elementlərindəki nüanslar? Bunlardamı, sadəcə, “öz yerində”? Yox, hörmətli müqəyyəd tamaşaçı və dinləyicilər! Bunlar məsələ-mətləbin öz göyündə, öz səmasında. Doymaz zövqümüzün əlçatmazlığında, ünyetməzliyində...
Daha hansı mahnısının xəyalına dalıb, röyasına varaq? Sayı-hesabı bilinməyən mahnılarının. Hər biri birinci hesab edilə bilən mahnılarının. Deyirəm, havalar ki belə istidir - öncə “Liman”ı xatırlayaq. Biz də ona qoşulub, hər birimiz özümüzü onun yerinə qoyub, “...bir liman, bir də mən...” - deyə zümzümələyək. Sonra hər kəs - yeniyetmə-növcavan öz deyiklisinə, cavan-comrul öz üzüklüsünə üz tutub, qafil-ahıllar öz “retro” sevdalarını xatırlayıb “saç-la-rı-na gül dü-züm” desin. Bu gözəl anların ömrünü uzatmaq üçün hər dildən bir “Dayan, zaman” nidalansın. Ürəyiniz doyub-dolanmaq bilmirsə, “Daha nə istəyirsən?” avazlayın. Görsəniz ki, qarşıdaşınızın yanaqları qıpqırmızı güllər açıb, - “Çiçək kimi” səslər səpin sifətinə. Küsüb getdi və “Gəlmədi”mi, neynək, hələlik yaşasın “Kəpənək”! “Sorağını gül-çiçəkdən alınca”, “Qaçdım sənin dalınca” - deyə-deyə, “yoxsan” təəssüflü təəccüblər yaşaya-yaşaya musiqili bir flora-fauna dramı oynayın. Yox, əgər yenə “Gəlmədi”sə, onda yükünüzü bu sədadan tutmaq gərək: “Kimlər gəldi, kimlər getdi” bu dünyadan...”
Yuxarıda “baxaq da, dinləyək də” dedim, amma yalnız “dinlətdim”. Deməli, sırada vizuallaşdırma. Yəni adı bəlli, sənəti görklü Mirzə baba -
Filmoqrafiyada
Bunların sayı 30-dan çoxdur...
Sənət aləmimizə ləzzətli lərzələr salıb getmiş bu Mirzəmizə kino-televiziya sənayesi nəhəngi də demək olar. Baş peşəsi müğənnilik olsa da, Mirzə Babayev, bir-birə deyər, “kefindən keçən” kino aktyoru da idi. Başqa rolları bir yana, sizcə, hansı bir aktyor Parisi məhz bu “dərviş” kimi partlada bilərdi? Söhbət onun yalnız pirotexnik vasitələrlə necə hərəkət edib, nə cür kriminal oyunlar çıxarmasından yox, fərdi sir-sifət məkanında yaratdığı göz-qaş, ağız-burun “sunami”lərindən gedir. Yaxud “Qaraca qız” filmində - epizodik bir məqamda canlandırdığı ağa-bəy ağırbatmanlığını xatırlayaq. “Bəyin oğurlanması”ndakı elçilik səhnəsində onun yaratdığı canlı naqolaylıq “portret”i, mağmunluq situasiyası hər aktyorunmu işidir? “Dəli Kür”dəki “tumantökdü” səhnəsində nadir milli minuslarımızdan olan o yaramaz xislət qələtlərini bu “qeyri-peşəkar” aktyor necə ustalıqla açıb-ağardır!
Hələ onun -
Səs obrazları!..
Bəli, məhz “obraz” terminilə ifadə olunmalıdır - onun filmlərdə, tele-radio verilişlərində səslənən Səsi. Kinofilm kadrlarındakı - deməli, ekranlardakı bədii həyatla salonlardakı canlı tamaşaçıların real həyatı arasında sənət-sənəd vəhdəti yaradan Səsi. Həm ssenari mətnlərinə bağlı danışıq-dialoq, həm mahnılardakı səs-sədası. Lütfən, “O olmasın, bu olsun” filmində görkəmli aktyorumuz Əliağa Ağayevin yaratdığı bənzərsiz Məşədi İbad obrazının gah lirik-epik, gah intim-sentimental “ariya”-ahu zariyalarına xəyallanın. Rüstəm bəyin üstünə qoçu dəstəsi çəkən Məşədi İbad-Əliağa Ağayevin əl-qol hərəkətləri, sir-sifət dramatizmi öz yerində, siz bir Mirzə Babayevin ayrıca obraz kimi aksentləşən (Məşdi İbad demişkən) hərbə-zorba “bayatı”sını xatırlayın: “Allaha and olsun, budur deyirəm, Qızı mənə, qızı mənə gərək verəsən! Verməsən hərgah, eylərəm bədnam, Çünki mən bir tacirəm, - baxmaram bəyə!”
Və bu estrada-Adamın səsi də bir səs-səda tacidarıdır ki, baxmaz heç nəyə. Nə onun dünyadəyişiminə, nə ötüb-keçəsi əsrlərə! Yaşayar, hey yaşayar...
Tahir Əhmədalılar