Azərbaycan
   
   19 iyul 1915 - Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Azərbaycan və dünya bəstəkarlarının operalarında əsas partiyaları ifa edib: Üzeyir Hacıbəyli - "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan); Reynqold Qlier - “Şahsənəm" (Xan); Coakkino Rossini - "Sevilya bərbəri" (Fiqaro); Cüzeppe Verdi - "Otello" (Yaqo) və s.
   19 iyul 1945 - Musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub. 1990-1999-cu illərdə Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının müdiri olub. 1998-ci ildən BMA-nın professorudur.
   
   20 iyul 1903 - Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903-14.9.1985) anadan olub. C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
   20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “De ki, məni sevirsən!”, “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Sənədli filmlər çəkib.
   20 iyul 1948 - Tanınmış aktyor, rejissor, Xalq artist Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. "Pirverdinin xoruzu", "Bəxt üzüyü", “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   20 iyul 2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərin (Avropa Şurası) tövsiyəsi ilə dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.
   
   21 iyul 1938 - Yazıçı-dramaturq Marat Xanlar oğlu Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən” və s. pyeslərin müəllifidir.
   21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar, Xalq artisti Məmmədbağır Bağırzadə (1950-30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Belə qəmli dayanma”, “Yadıma düşdü”) müəllifi olub.
   
   22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.
    22 iyul 1884 - Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipoviç Makovelski (1884, Qrodno, Belarus - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki, Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
   22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlığı Soveti latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra isə latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
   22 iyul 1941 - Xalq artisti, tanınmış diktor, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov (1941-25.4.2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, televiziya tamaşalarında çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
   22 iyul 1959 - Tanınmış şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959-6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" və s. kitabların müəllifidir.
   
   Dünya
   
   19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas - Hilaire Germain de Gas; 1834-1917) anadan olub.
   19 iyul 1898 - Alman filosofu və sosioloqu Herbert Markuze (Herbert Marcuse, 1898-1979) anadan olub. Qərbdə sol ekstremist cərəyanların ideoloqu, marksist, freydist, ekzistensialist kimi tanınıb.
   19 iyul 1893 - Məşhur rus şairi Vladimir Vladimiriroviç Mayakovski (1893 - 14.4. 1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 1930-cu il aprelin 14-də intihar edib.
   19 iyul 1934 - Rusiyanın Xalq artisti, məşhur aktyor Aleksandr Şirvindt anadan olub. Filmləri: “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “On iki stul”, “Fleyta üçün unudulmuş melodiya” və s.
   19 iyul 1938 - Məşhur gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Kikabidze anadan olub. İlk dəfə Georgi Daneliyanın “Qəm yemə” filmində (1969) çəkilib. 1977-ci ildə rejissorun “Mimino” filmində baş rolu oynamaqla geniş şöhrət qazanıb, SSRİ Dövlət mükafatına layiq görülüb.
   
   20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
   20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
   20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
   20 iyul 1882 - Alman filosofu Nikolay Hartmann (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni ontologiyanın banisi sayılır.
   20 iyul 1890 - İtalyan rəssamı və heykəltəraşı Corco Morandi (Giorgio Morandi; 1890-1964) anadan olub.
   20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
   20 iyul 1924 - Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı (1973), “Biz, aşağıda imza edənlər” (1980), “Karnaval” (1981) və s.
   20 iyul 1940 - Rusiyanın Xalq artisti, bəstəkar David Fyodoroviç Tuxmanov anadan olub. Məşhur estrada mahnılarının (“Qələbə günü”, “Təmiz gölməçələr”, “Damda durna” və s.) müəllifidir.
   
   21 iyul 1816 - “Röyter” informasiya agentliyinin yaradıcısı Paul Yulius Röyter (Paul Julius Reuter - əsl adı Israel Beer Josaphat; 1816-1899) anadan olub.
   21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
   21 iyul 1899 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi kimin üçün çalınır" (roman), "Qoca və dəniz" (povest) və s.
   21 iyul 1910 - Rus-sovet rəssamı Vladimir Serov (1910-1968) anadan olub. Tarixi mövzuda monumental rəsmlərin müəllifidir: “Buz döyüşü”, “Qış Sarayının alınması”, “Lenin sovet hakimiyyətinin yarandığını elan edir” və s.
   21 iyul 1911 - Kanada yazıçısı, filosof, ədəbiyyatşünas Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çap edən insanın yaranışı”, “Qlobal kənddə hərb və sülh”.
   21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
   21 iyul 1938 - Tanınmış gürcü müğənnisi, SSRİ Xalq artisti Nani Breqvadze anadan olub.
   
   22 iyul 1882 - Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir Paşa (1882-1946) anadan olub. 1918-ci ildə Azərbaycanın istiqlalına yardıma gəlmiş türk (Osmanlı) ordusunun komandanlarından olub.
   22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev” (Con Boynton Pristlinin əsəri üzrə), “Gözəgörünməz adam” (Herbert Uellsin əsəri əsasında), “Dəmir maskalı adam” (Aleksandr Dümanın əsəri) və s.
   22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub. “Günahsız müqəssirlər”, “Birinci Pyotr”, “Kutuzov” və s. filmlərin müəllifidir.
   22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
   22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
   22 iyul 1946 - Amerika yazıçısı, kinorejissor Pol Şreder (Paul Joseph Schrader) anadan olub. Filmləri: “Göy yaxalıqlar”, “Pişik adamlar” və s.
   22 iyul 1955 - Amerika kinoaktyoru Uillem Defo (Willem Dafoe) anadan olub. Filmləri: “İsanın sonuncu günahı”, “Taqım”, “Missisipi od içində”, “Sürət-2” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar