Telman Adıgözəlov - 60
Ömür vəfa etsəydi, iyulun 17-də tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlovun 60 yaşı tamam olacaqdı.
... Amma ömür vəfa etmədi, Telman Adıgözəlov bu dünyada 57 il yaşadı. Dostları, yaxınları, pərəstişkarları günü bu gün də onun yoxluğuna inana bilmir...
Telman Adıgözəlov xoşbəxt sənətkar idi. Səhnəyə qədəm qoyandan tamaşaçı onu səmimiyyətinə, təbiiliyinə və istedadına görə sevmişdi və bu sevgi heç vaxt azalmadı.
Ömrünün 30 ildən çoxunu Akademik Milli Dram Teatrının səhnəsində keçirən aktyorun sənət yolu heç də asan olmadı, bəzən istedadı ona mane oldu. “Keçid dövrü”ndə 7 il rol üzünə həsrət qaldı, Telman sındığını büruzə verməsə də, illər sonra “7 il ömrümü aldılar” - dedi...
Telman Adıgözəlov dünyasını dəyişəndə hamı təəccübləndi. Vaxtsız ölümünə alışa bilməyənlər isə onun yoxluğu ilə hələ də barışmaq istəmir.
Şux, səmimi, təvazökar aktyorun - Telman Adıgözəlovun 60 yaşının tamam olduğuna da heç kimin inanmağı gəlmir...
Taleyə tərəf qaçış...
Əslən ordubadlı olan Telman Adıgözəlov 1953-cü ildə Balakən rayonunda anadan olub. Uşaq vaxtı xəstəlik keçirir, həkimlər rayonun iqliminin ona düşmədiyini deyir. Bundan sonra ailələri Bakıya köçməli olur.
Bir gün Telman məktəb yoldaşları ilə dərsdən qaçıb hind filminə baxmağa gedir. Görünür, Tanrı onun sənətə olan sonsuz sevgisini qiymətləndirir. Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşır, onu televiziyaya dəvət edir. Telman tərəddüd etmədən bu təklifi qəbul edir. Dövlət televiziyasında çalışan rejissor Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə çəkir. O, eyni zamanda “Yasəmən” televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyor kurslarına yazılır. Tale özü onu sənətə gətirir...
1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirən Telman Adıgözəlov beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə rol alır.
1980-ci ildə Akademik Dram Teatrına dəvət olunur. Böyük səhnədə bir-birindən maraqlı obrazlar yaradır. C.Məmmədquluzadənin “Dəli yığıncağı" əsərində Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, V.Şekspirin “Maqbet”ində Flins, M.İbrahimovun "Közərən ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis" pyesində Şeypurçu, S.Vurğunun "Vaqif" əsərində təlxək, S.Rəhmanın "Nişanlı qız"ında Çeşməkli kişi, Elçinin "Ah Paris...Paris!.."ində Əhməd, "Mənim sevimli dəlim"də professor, E.Baxışın "Qədr gecəsi"ndə Oyunbaz, R.Novruzun "Hələ "sevirəm" deməmişdilər"ində Qumarbaz onun obrazlar qalereyasını zənginləşdirir.
Telman Adıgözəlov eyni vaxtda dövlət televiziyasında çəkilən "Yaşıl eynəkli adam", "Ordan-burdan", “Nigarançılıq”, “Yarımştat” tamaşalarında, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nəsimi", "Üzü küləyə", “Yol əhvalatı” və s. filmlərə çəkilir. Ümumilikdə 11 filmdə bəzən xarakterik, bəzən epizodik rollar oynayır.
Səmimi, zarafatcıl, mehriban Telman Adıgözəlovu 60 yaşın astanasında sənət dostları belə xatırlayır:
“Zahirən şuxluğunu itirməsə də, Telman mənə çox kədərli göründü”
Tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu:
- 1978-ci ildə Vaqif İbrahimoğlu Tədris Teatrında Cəfər Cabbarlının “Yaylağa gedir” adlı pamfletini səhnəyə qoymuşdu. İlk dəfə Telmanı orda gördüm və onun aktyorluq məharəti, potensialı məni doğurdan da təəccübləndirdi. 1982-ci ildə mən Telmanı “Evləri köndələn yar” televiziya tamaşasını dəvət etdim. Tamaşada iki cütlük iştirak edirdi: Telman Adıgözəlovla Hicran Qəşəmova və Fəxrəddin Manafovla Firəngiz Mütəllibova. Bu iki cütlük o tamaşa ilə məşhurlaşdı. Telman da o tamaşada yaddaqalan, sevilən rol yaratdı və müxtəlif ləhcələrdə danışaraq xalqın sevgisini qazandı. O vaxtdan Telman tamaşaçıların yaddaşında qaldı.
Ona görə də bu gün deyəndə ki, Telmanın 60 yaşı tamam olur, hamı təəccüblənir. Çünki Telman tamaşaçıların yaddaşında məhz elə “Evləri köndələn yar”dakı cavan, şux Telman kimi qalıb.
Təxminən 30 ildən sonra biz yenidən o tamaşaya qayıtdıq. “Evləri göydələn yar” tamaşasını hazırladıq. “Evləri köndələn yar” tamaşasındakı aktyorların hamısı - Siyavuş da, Yaşar da, elə Telmanın özü də yaşa dolmuşdu. O çəkilişlərdə fikir verib gördüm ki, Telman zahirən şuxluğunu itirməsə də, mənə çox kədərli göründü. Baxmayaraq ki, o komediya ustası kimi tamaşaçıların yaddaşında həkk olunub, amma Telmanın yaradıcılığına diqqətlə nəzər yetirəndə onun yaradıcılığından kədərli sarı sim keçdiyini görərsiniz.
Sonralar onu “Yaşıl eynəkli adam” televiziya tamaşasında rəqs müəllimi roluna dəvət etdim, bu rol da onun məşhur rollarından biri oldu. Biz o tamaşanın davamını çəkəndə, Telman o rolu özünə yaraşdırmadı, istəmədi, məcbur olub rolu başqa aktyora verməli oldum.
Mənə elə gəlir ki, Telmanla bizim işlərimizin ən yüksək zirvəsi “Nigarançılıq” televiziya tamaşasındakı Hüseyn roludur.
Telman populyar aktyor olmaqla yanaşı, eyni zamanda populyar şoumen idi. Toylara çağırırdılar, güzəranı, dolanışığı ordan gəlirdi. Bu onu çox sıxırdı. Çünki başa düşürdü ki, istedadından düzgün istifadə eləmir. Amma buna məcbur idi. Övladları böyüyürdü.
Telmanın hələ indi 60 yaşı olacaqdı. Telmanın gedişi hamımızı şoka saldı. Bu günlər tamaşaçılarımız Telmansız, Yaşarsız, Siyavuşsuz qalıb. Ümid edək ki, yeni istedadlar doğulacaq, Yaşar, Siyavuş, Telman gənclər üçün daima örnək olacaq. Allah rəhmət eləsin.
“Mən onun xətrini dünyalar qədər istəyirdim”
Əməkdar incəsənət xadimi Cahangir Novruzov:
- Telman mənim gənclik, tələbəlik dostum idi. Biz onunla 1971-ci ildə İncəsənət İnstitutuna imtahan verdik. Mən rejissorluq fakültəsinə, Telman kinoaktyorluq fakültəsinə daxil oldu. Paralel qruplarda oxusaq da, bir qazanın içində qaynayırdıq. Mən onun xətrini dünyalar qədər istəyirdim. Telman yaraşıqlı, istedadlı, zarafatcıl bir gənc idi. Ona görə də biz onunla çox yaxın dost idik. Elə zarafatlarımız vardı ki, onu ancaq Telmanla mən bilirdik.
Zaman gəldi ki, biz institutu bitirdik, Ramiz Həsənoğlunun “Yaşıl eynəkli adam”, “Ordan-burdan” televiziya tamaşalarındakı səhnələrdə birnəfəsə oynadıq. Telman həmişə gözəl əhval-ruhiyyədə olurdu. Deyən, gülən, həyata bağlı bir insan olduğu üçün bütün dostları tərəfindən sevilirdi.
Onunla son görüşümüz qəribə oldu. Məni Türkiyədə TRT-Avaz kanalına dəvət etdilər və İctimai Televiziya ilə telekörpü yaratdılar. Ankaraya getdim, telekörpü yaradıldı. Birdən-birə ekranda qarşıma Telman çıxdı. Bu Telman üçün də, mənim üçün də bir sürpriz idi. Telmanla çox gözəl ünsiyyətimiz oldu, nostalji hislər yaşadıq, keçmişləri xatırladıq. Hər ikimiz arzuladıq ki, Azərbaycanla Türkiyə ortaq bir film çəksin və ya televiziya tamaşası hazırlasın, biz yenidən bir yerdə çəkilək. O arzu ilə biz ayrıldıq.
Bir neçə aydan sonra Telmanın həyatdan qəfil köçməsi məni sarsıtdı, bir ay özümə gələ bilmədim. Təəssüf ki, onun dəfnində iştirak edə bilmədim. Telmanın hələ oynayacağı, deyəcəyi sözləri çox idi. Azərbaycan tamaşaçısını sevindirəcək, düşündürəcək hələ çox rolları vardı.
Onun həyatdan köçməsi mənə çox yer elədi. Payız gələndə yarpaqlar küləkdənmi, qorxudanmı əsib tökülər, bizim sənət ağacımızın yarpaq tökümü başladı. Amma Telman düşən yarpaqların ən gözəllərindən biri idi. O biri dünya varsa, biz orda mütləq görüşəcəyik.
“Adam Telmana nə ölümü, nə qocalığı yaraşdırmır”
Rejissor Şərif Qurbanəliyev:
- Mən institutda oxuyanda Telman Akademik Dram Teatrında işləyirdi. 1996-cı ildə “Yarımştat” televiziya tamaşasını hazırlayanda onunla dostluğumuz başladı. Çox gözəl, fitri istedada malik bir insan idi. Eyni zamanda hər şeyi ürəyinə salır, tez əsəbiləşir, özündən çıxırdı. Ona görə də ürəyi dözmədi.
Aktyor kimi Telmanla işləmək çox asan idi. “Yarımştat” tamaşasında Afaq Bəşirqızı, Yaşar Nuri, Telman Adıgözəlov iştirak edirdilər. İşini bilən rejissor üçün o aktyorlarla işləmək çox asan idi. Ev tikmək üçün bir daşı sən qoyanda, bir daşı onlar qoyurdu. Elə aktyorlar var ki, onlara rolu çeynəyib verməlisən, özünün improvizasiyası olmur. Telman istedadlı aktyor idi. Ona istiqamət vermək kifayət idi ki, rolu öz içərisindən keçirsin, improvizələr etsin, təkliflər versin.
Çətini Telmanı məşq zalına və ya da çəkiliş meydançasına gətirmək idi. Həmin məkana qədəm qoydumu, vəssalam, bütün dünya yadından çıxırdı. Əli Əmirlinin “Bala, başa bəla” televiziya tamaşasını çəkəndə Hacı Hacısoy rolunu da mən oynadım. Amma o rolu Telman Adıgözəlov oynamalı idi, məşq də eləmişdi. Çəkiliş ərəfəsində Telman Biləsuvara toya gedəndə yıxılıb qabırğasını və qolunu əzmişdi. İndi də təəssüf edirəm ki, belə olmasaydı, çox gözəl bir obraz yarada bilərdi.
Yadımdadır, Telmanın 40 illik yubileyini keçirəndə tez-tez kövrəlirdi. Adam Telmana nə ölümü, nə qocalığı yaraşdırmır...
Deyirlər ki, əvəzolunmaz insan yoxdur, amma elə insanlar var ki, onlar əvəz edilmir. Nə Yaşarın, nə Siyavuşun, nə də Telmanın əvəzi olmayacaq...
Təranə Vahid