Sabir Rəhimov onu sevənlərin qəlbində həmişə yaşayacaq
Azərbaycan turizm ictimaiyyəti dəyərli nümayəndəsini itirdi. Turizm üzrə mütəxəssis, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun vəfatı çoxsaylı həmkarlarını, tələbələrini və müəllim yoldaşlarını, eləcə də onu yaxından tanıyan media mənsublarını sarsıtdı.
Bəlkə də çoxları Sabir müəllimin ağır xəstəlikdən əziyyət çəkdiyini bilmirdi. Çünki ona zəng edəndə həmişə gur və şən səsini eşidirdilər. Amansız xəstəliyə düçar olsa da, bunu ətrafdakılara bildirməməyə çalışırdı. O, səsindəki şuxluğu sona qədər qoruyub saxladı.
Sonuncu dəfə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Fəxri Mədəniyyət İşçisi» və «Fəxri Turizm İşçisi» döş nişanlarının təqdimetmə mərasimindən əvvəl zəng etdim ona. Vəziyyətini bilsəm də, xoş xəbərlə bağlı muştuluqlayıb, «Tədbirə gedəcəksinizmi, Sabir müəllim» - deyə soruşdum. Səsi çox zəifləmişdi. Amma həmişəki kimi, o, bunu hiss etdirmək istəmirdi. «Gələ bilməyəcəyəm, amma çox sevindim, turizm sektoru təmsilçiləri üçün fəxri adın təsis edilməsi bizim böyük uğurumuzdur» - dedi.
Ömrünü Azərbaycan turizminin inkişafına, bu istiqamətdə dəyərli elmi məqalələrin, ali məktəb tələbələri üçün dərsliklərin, mehmanxana və turizm şirkətləri üçün məlumat kitablarının yazılmasına həsr edən Sabir Rəhimov iyulun 18-də 72 yaşında dünyasını dəyişdi.
* * *
Sabir Rəhimovun həmkarları, dostları onunla bağlı ürək sözlərini, xatirələrini qəzetimizlə bölüşdülər.
Bakı Dövlət Universitetinin iqtisadi-siyasi coğrafiya və turizm kafedrasının müdiri Həbibə Sultanova:
- Sabir müəllimin vəfatı Azərbaycan turizmi üçün ağır itkidir. Sabir Rəhimov əsasən magistraturada oxuyan tələbələrə dərs keçirdi. Heç vaxt tələbələrdən bildiyini əsirgəməzdi. Magistr dissertasiyalarının yazılmasında tələbələrə çox böyük köməklik göstərər, onlara istiqamət verərdi. Magistratura pilləsində dərs deyən ən savadlı, ən səriştəli mütəxəssis kadr idi. Mən onun haqqında danışmağa çox çətinlik çəkirəm. İnsan kimi də onun tayı-bərabəri yox idi. Çox mədəni, işinə məsuliyyətli gözəl bir insan idi. Ölümü elə qəfil oldu ki, heç kim buna inanmır. Allah rəhmət eləsin.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov:
- Sabir Rəhimov çox gözəl turizm mütəxəssisi idi. O, uzun müddət Bakı Dövlət Universitetində dərs deyib. Onu ATİ-yə dəvət etdik, lakin vaxtı olmadığına görə bizə gələ bilmədi. Son dərəcə nəcib, ağsaqqal bir insan idi. Məndən böyük olmasına baxmayaraq, həmişə məni utandıracaq bir hərəkət edirdi: bayram günləri zəng edib məni təbrik edənlərdən idi. Çox diqqətcil, işini bilən bir insan idi. Azərbaycan turizmində onun yeri görünəcək. Böyük məsləhətinə ehtiyacımız olanda həmişə onu dəvət edirdik. ATİ-də təşkil olunan bələdçi kurslarında Attestasiya Komissiyasının üzvü idi.
O, 70-ci illərdən bu vaxta qədər eyni müəssisədə - Turizm və Ekskursiya Şurasında çalışıb. Zəngin təcrübəyə malik idi. Sabir müəllimin kitabları bizim institutun tələbələri üçün həmişə dəyərli vəsait olacaq. Onun kitabları turizmlə bağlı Azərbaycan dilində nəşr edilən azsaylı vəsaitlərdəndir. O bu sahədə ilk iş görənlərdən idi. Qəbri nurla dolsun.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu:
- Sabir Rəhimov Azərbaycan turizm ictimaiyyətinin ən parlaq nümayəndələrindən biri idi. O hələ gənc yaşlarından turizm sahəsində çalışmağa başlamışdı. Çox təvazökar, dostlarına, yoldaşlarına, tələbələrinə qarşı son dərəcə həssas, qayğıkeş bir insan idi.
Sabir Rəhimovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, «Tərəqqi» medalı və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, çoxsaylı diplomlar, mükafatlarla təltif olunmuşdur.
Onun adı Azərbaycan turizm ictimaiyyətinin, həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov:
- Sabir Rəhimov öz işini, sənətini son dərəcə sevən bir insan idi. Onun iş otağına daxil olanda hiss olunurdu ki, qarşında turizm sahəsinin vurğunu olan, onu çox sevən bir insan dayanıb. Onun dərs vəsaiti kimi beş kitabı nəşr olunub. Turizmin inkişafı, gələcəkdə bu sahəni Azərbaycanda necə gördüyü haqda tez-tez söhbətlərimiz olardı. Sabir müəllim turizmin canlı ensiklopediyası idi. Eyni zamanda turizm tarixini tədqiq edirdi. Azərbaycanda onun qədər bu sahədə məlumatlı adam yox idi. Bütün bunlardan əlavə, Sabir Rəhimov yaxşı bir kolleksiyaçı idi. Onun iş otağında 3500-ə qədər turizmə aid nişan vardı. Bu bir daha sübut edir ki, Sabir müəllim bu sahəni nə qədər sevirdi.
Biz Sabir Rəhimov haqqında danışanda onun Azərbaycanda turizmin inkişafındakı rolunu, gördüyü işləri çox xatırlayacağıq. Zaman keçdikcə onun itkisini daha çox hiss edəcəyik. Çünki belə mütəxəssislər indi çox azdır. Allah rəhmət eləsin.
* * *
İnsan var ki, Allahın ona bəxş etdiyi ömrü elə yaşayır ki, yalnız qohumları və yaxınları tərəfindən anılır. İnsan da var ki, xalqına, millətinə, çalışdığı sahəyə töhfələr verir, yüzlərin, minlərin sevimlisi kimi köçür bu dünyadan. Sabir Rəhimov kimi...
Qəbri nurla dolsun.
Fəxriyyə Abdullayeva