Azərbaycan
   
   12 iyul 1812 - Mütəfəkkir yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundzadə (1812 - 10.3. 1878, Tiflis) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub.
   12 iyul 1911 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862, Şamaxı - 1911) vəfat edib. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
   12 iyul 1915 - Teatr xadimi, rejissor Zəfər Paşa oğlu Nemətov (1915-1971) anadan olub. Yaradıcılığının böyük dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Tanınmış rejissor, Xalq artisti Azər Paşa Nemətovun atasıdır.
   12 iyul 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə” - ssenari və musiqi), filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, populyar mahnıların müəllifidir.
   12 iyul 1993 - TÜRKSOY təşkilatının yarandığı gündür. Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Daha sonra quruma müşahidəçi statusu ilə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Xakasiya, Saxa (Yakut), Tuva respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Cümhuriyyəti üzv olub. Qurum 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilən 26-cı dönəm toplantısında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlandırılıb.
   
   13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 - 10.5.1960) anadan olub.
   13 iyul 1910 - Yazıçı, dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.
   13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda", "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tabloları və s. əsərlərin müəllifidir. Rəsmləri dünyanın 20-dən çox ölkəsində sərgilənib.
   13 iyul 1936 - Tanınmış operator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. “Torpaq, dəniz, od, səma”, «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim» və s. bədii filmlərin rejissorudur.
   13 iyul 1946 - Bəstəkar Eldar Səid oğlu Rüstəmov anadan olub. Romans və simfonik əsərlərin müəllifidir. “Qoca palıdın nağılı” və s. filmlərə musiqi yazıb.
   13 iyul 1957 - Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda pantomim teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Bir sıra səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Dantenin yubileyi”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.
   
   14 iyul 1905 - Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.
   14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir.
   
   15 iyul 1915 - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Bir sıra görkımli şəxslərin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
   15 iyul 1925 - Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
   15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926 - 13.8. 2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim", “Qayınana", "Şərikli çörək", "Ölsəm, bağışla", "Ağ atlı oğlan", "Həm ziyarət, həm ticarət") yaddaqalan obrazlar yaradıb.
   15 iyul 1928 - Tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928-27.9.1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən bir çox bədii tərcümələrin (İ.Turgenev, N.Leskov, A.Çakovski, N.Poqodin və s.) müəllifidir.
   15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev anadan olub. “Bakı-90” simfoniyası, simfonik və kamera orkestri üçün əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.
   15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.
   
   Dünya
   
   12 iyul 1817 - Amerika yazıçısı və filosofu Henri Devid Toro (Henry David Thoreau, 1817-1862) anadan olub. Əsərləri: “Uolden və ya meşədə həyat”, “Ali qanunlar” və s.
   12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning; 1880-1962) anadan olub. Qorxu filmlərinin (“Şeytan kuklası”, “Vampir işarəsi”, “Drakula”, “Dəmir adam” və s.) müəllifidir.
   12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
   12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.
   
   13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub.
   13 iyul 1923 - SSRİ Xalq artisti, məşhur aktyor Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...” - iş icraçısı Pal Stenanıç, “Sportloto-82” - San Sanıç Muraşko, “İvan Vasilyeviç peşəsini dəyişir” - rejissor Karp Yakin) çəkilib.
   13 iyul 1928 - Rus yazıçısı Valentin Pikul (1928-1990) anadan olub. Tarixi və hərbi mövzuda əsərlərin “Bayazet”, “Söz və iş”, “Favorit” romanları) müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
   13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
   13 iyul 1954 - Türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir. Bir çox türk estrada ulduzları (Tarkan, Sertab Erener) onun sayəsində musiqi aləmində parlayıblar.
   
   14 iyul 1454 - Avropa intibah dövrünün italyan şairi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub. İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifidir.
   14 iyul 1860 - Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Məşhur «Qafqaz» kitabının müəllifidir.
   14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
   14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.
   14 iyul 1918 - İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918-30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
   14 iyul 1919 - Fransız aktyoru Lino Ventura (Lino Ventura - Angiolino Joseph Pascal Ventura, 1919-1986) anadan olub. “Yüz gün Palermoda”, “Əlvida, polis”, “Macəra axtaranlar” və s. filmlərdə çəkilib.
   14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.
   
   15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Lazarın dirilməsi”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.
   15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
   15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1. 1860 -1904) vəfat edib. “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Alnalı bağı” pyeslərinin müəllifidir.
   15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Yabanı qızılgül”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
   15 iyul 1924 - Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayevin (1924-2000) doğum günüdür. "Azərbaycanfilm"də rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağızadə, baş rolun ifaçısı M.Esenbayev) çəkilib.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar