Aleksey Çernyayevskinin Qori Seminariyasında yetişdirdiyi mütərəqqi gənclər Azərbaycanın görkəmli maarifçi ziyalıları kimi tarixə düşdülər
   
   Ölkəmizdə əsrlər boyu onlarla müxtəlif dini və etnik mənşəli xalqlar yaşayıb. Bu xalqların bir çox qabaqcıl insanları özlərinə vətən saydıqları bu məmləkətdə dinc və əmin-amanlıq şəraitində çalışmaqla yanaşı, mədəniyyətimizə, maarifçilik işinə mühüm töhfələr veriblər. 

   Belə mütərəqqi fikirli ziyalılardan biri də Aleksey Osipoviç Çernyayevski olub.
   “Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar. Bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim etdiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, “Vətən dili” kitabını müsəlman balaları üçün mən tərtib etmişəm”.
   Bu sözləri milliyyətcə rus olan Çernyayevski yazıb. Onun Həştərxandan olan ata-babaları İran-Rusiya müharibəsindən (1826-1828) sonra köçüb Şamaxının Mərəzə kəndində məskunlaşıblar. Aleksey Çernyayevski 1840-cı ildə bu kənddə anadan olub. Erkən çağlardan yerli xalqın adət-ənənəsini, məişətini, dil və folklorunu dərindən öyrənir. Daha sonra ömrünü maarifçiliyə həsr edir. Azərbaycanlı gəncləri təhsil almağa, maariflənməyə çağırır. Onun bu fəaliyyəti ilk zamanlar heç də birmənalı qarşılanmır. Özgə millətdən olan birinin müsəlman uşaqları maarifləndirmək istəyi xüsusilə bəzi din xadimlərində, mədrəsə rəhbərlərində mənfi reaksiya doğurur. Lakin o, bu münasibətlərdən nə bezir, nə də usanır. Onun nəzərində hər bir xalqın inkişafı təhsildən keçir. İnanır ki, onun fikrinə dəstək verən tapılacaq. Belə də olur.
   1879-cu ilin mayında Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası açılır. Çernyayevski seminariyada Azərbaycan şöbəsinin açılmasının təşəbbüskarı kimi çıxış edir. Bunun üçün Qafqaz canişininin qəbulunda olur. Şöbə açılır və Çernyayevski oraya inspektor təyin edilir. Məktəbə uşaqların cəlb edilməsi işi ona həvalə olunur. Bildirilir ki, sentyabr ayına qədər məktəbə uşaq yığılmasa Qafqaz Təhsil Dairəsi şöbəni bağlayacaq.
   Bu şərt Çernyayevskini bir an rahat buraxmır. O, bəzi çətinliklərə baxmayaraq İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şəki və Şamaxıya səfər edir, sonra Bakıda, Qubada olur. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, bəzən də piyada gedir. İnsanlarla keçirdiyi görüşlərdə hiss edir ki, seminariyaya uşaq qəbulu məqsədilə qəza rəislərinə göndərilən məktublardan camaat xəbərsizdir. Yerlərdəki məmurların biganəliyinin şahidi olur. Ona görə də adamlarla təkbətək görüşür, Qoridə açılan məktəbin məqsəd və məramını açıqlayır. Nəhayət, istəyinə nail olur. Şuşadan Firudin bəy Əhmədağa oğlu Köçərli, Səfərəli bəy Vəlibəyov, Lənkərandan Teymur bəy Məmməd bəy oğlu Bayrambəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan İsmayılağa Mustafa oğlu Vəkilov və Məmmədağa İsmayılağa oğlu Şıxlınski seminariyanın Azərbaycan şöbəsinin ilk şagirdlərin olur.
   1879-cu il sentyabrın 1-də Qori Seminariyasında azərbaycanlı uşaqlar ilk dərsə başlayırlar. İllər keçir, yuxarıda adını çəkdiyimiz gənclər Qori Seminariyasının ilk məzunları və görkəmli maarifçi ziyalılar kimi tarixə düşür.
   1881-ci il yanvarın 26-da Qafqaz canişini bir təlimat təsdiq edir. Təlimata əsasən, Cənubi Qafqazda ilk tədris ilində tələbələr öz ana dillərində təhsil almalı idilər. Bu bir sevindirici xəbər olsa da, Azərbaycan şöbəsi üçün problemli məsələ olub. Çünki ana dilində dərslik yox idi. Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalılara bildirir ki, ana dilində dərslik tərtib etmək gərəkdir. Eyni zamanda ana dilindən rus dilinə və rus dilindən ana dilinə tərcümələr də etməyi tövsiyə edir.
   Beləcə Aleksey Çernyayevski azərbaycanlı şagirdlər üçün ilk dərs vəsaiti kimi “Vətən dili” kitabını tərtib edir. Görkəmli rus pedaqoqu Konstantin Uşinskinin müddəalarını rəhbər tutaraq onun eyniadlı dərsliyi əsasında, səs üsulu ilə yazılan ilk kitabını nəşr etdirir. 1882-ci ildə “Vətən dili” kitabının birinci hissəsi işıq üzü görür.
   Araşdırmalarda göstərilir ki, K.Uşinskinin “Rodnoe slovo” dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malik olubsa, A.Çernyayevskinin “Vətən dili” dərsliyi də azərbaycanlılar üçün bir o qədər əhəmiyyətli olub. O, 14 il seminariyanın Azərbaycan şöbəsinin inspektoru olur. Bu müddətdə seminariyanı 176 nəfər bitirir. Eyni zamanda o, xalq məktəbləri və orada tərbiyə məsələlərinin yenidən qurulması ilə əlaqədar “Qafqaz” qəzetində silsilə məqalələr dərc etdirir.
   Çernyayevski “Vətən dili”nin ikinci hissəsini (1888) Səfərəli bəy Vəlibəyovla birlikdə yazır. Kitabın hər iki hissəsinin tərtibində yaxından iştirak edənlərdən biri də dövrünün görkəmli maarifçisi Həsənəli xan Qaradaği olub. Kitablarda onun 11 tərcümə, 23 nəzm əsəri yer alıb.
   Çernyayevski böyük ziyalı, əsl müəllim idi. Azərbaycan xalqına şərəflə xidmət etməkdən zövq alıb. Onun son, ən böyük arzusu Azərbaycan dilində “Fikir” adlı qəzet nəşr etdirmək olur. Döymədiyi qapı qalmır. Müxtəlif bəhanələrlə get-gələ salınsa da ümidini üzmür. Sonuncu dəfə xahişi rədd ediləndə jurnalist təhsilinin olmadığı bəhanə gətirilir. Bu üzücü get-gəllər və bəhanələr xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvəri sarsıdır. Aleksey Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürək çatışmazlığından vəfat edib. Tələbələri dəfn mərasimində göz yaşları tökərək onun ruhu qarşısında təzim ediblər...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar