ictimai-“şifahi” tale imtahanı həm də siyasi “alın yazılı” yazıçılardan...
   
    İyirmi ildən çoxdur siyasi-iqtisadi, maddi-mədəni, xüsusən mənəvi-psixoloji səfasını yaşadığımız Milli Müstəqilliyimizə nankorluq kimi çıxmasın, onların hamısının fədakarlıq qanı yerdə, çoxunun sümükləri qürbətlərdə, bir parasının aydan arı adı arxivlərdə, bəzilərinin haqq-halal anım, milli yanım-dönüm, tərif-təqdimat layiqliyi laqeydliklərimizdə... 

   Elə bu an sancan dalağım yuxarıdakı giley-güzarımın ən aşağısındakıyla ilgili xəyali (interaktiv) bir irad antenaladı: “məsələn?”
   Məsələn, neçə-neçə qəzet-jurnal, radio-televiziyalarımızda KİV “dəb”ində olmayan repressiya qurbanlarından - bu sıradan Tağı Şahbazi Simurğdan son iyirmi ildə neçə geniş yazı və ya veriliş hazırlanıb? Belə ki, o qəbil sələflər bu qəbil xələflər tərəfindən də “ikinci dərəcəli” hesab edilə-edilə, xatirələri heç olmaya, beş-on ildən bir yığcam tədbirlərlə belə anılmaya-anılmaya, “heçinci dərəcəli”liyə çevrilirlər. Hansı ki belələri, - elə təkcə bolşevizmin marıq-marağını cəlbetmə dəyərlərinə görə - əbədi milli dəyərə layiqdirlər.
   O dövrün sənət, istedad, milli-ictimai maraq, düşüncə, qabiliyyət və s. sarıdan seçilmişləri içərisində Tağı Şahbazi Simurğ kimi xüsusi seçilmişlər də vardı ki, onlar məşhur bir postulatı - “inqilab öz balalarını yeyir” doqmasını doğurublar.
   Bəli, dövrünün diqqət mərkəzində olmuş görkəmli pedaqoq, geniş diapazonlu publisist, gözəl yazıçı və ictimai xadim T.Ş.Simurğ həyata fəal sovet inqilabçılığı ilə atılıb. Özü də lap gənclik illərindən -
   
   Tələbəliyindən...
   
   Hələ iyirmi bir yaşında ikən. Doğulduğu (1892-ci ilin iyunu) Bakı şəhərindən çox uzaqlarda. Belə ki, ibtidai təhsilini mollaxanada almış, 10-13 yaşlarında İçərişəhərdəki 9 saylı və Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəblərində təhsilini davam etdirmiş, daha sonra gimnaziyada latın dilindən imtahan verib aldığı şəhadətnaməyə əsasən 1913-cü ildə Xarkov Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş Tağı inqilabi hadisələr mühitinə düşür. Ertəsi il universitetin tibb şöbəsinə keçməsilə bolşevizm alovlu tələbələrlə daha da yaxınlaşır, “Sosial-demokrat bolşevik firqəsi” fraksiyasına daxil olur. Növbəti beş-altı ilini də - o vaxtkı fəal gəncliyin sosioloji-ideoloji enerjisini cəzb edən bolşevizmə həsr edir: 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, növbəti il Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında çalışır, 1919-da Ukraynada (K(b)P MK yanında) “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olur.
   Həyatının gənclik marşrutları onu - bilib-bilməyərəkdən, istəyib-istəməyərəkdən - sırf milli fəaliyyət sferasından - Demokratik Cümhuriyyətçilik çabalarından uzaq salır. Yəni, şəxsi sənədlərinə, əldə olan məlumatlara görə T.Ş.Şahbazi imzası bir də Azərbaycan Xalq Maarif Komissarının müavini (1922-23), “Maarif və mədəniyyət” jurnalının redaktoru (1923), Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi (1923-26), Azərbaycan Dövlət Universitetinin rektoru (1925-29) və... “hər babətdən son” olan - Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində görünür.
   Həm də öz başına bəla yazan ədəbi-bədii qələmi isə onu “inqilab öz balalarını yeyir” fəlsəfəsinə doğru aparmada...
   O qələm hələ inqilab qələbəsindən əvvəl daha çox iqtisadi istismar dünyasını, dini fanatizmi, xalqa qaranlıqlar saçan “ziyalı”ları qırmanclayan hekayələr (“Südçü qız”, “Aclar”, “İyi aləm”, “Şəkərli çoban” və s.) yazmışdı. Sovetlər dövrünün daha çox siyasi istismarını isə sətiraltı və “çətirüstü” obrazlarla verməyə çalışan sənətkar çox keçmədən rəsmi “sənədkar”ların “xalq düşməni” qrafalı baş mövzusuna çevrilir. Sətirlərində, səhifələrində, ayrı-ayrı fəsillərində sosializm aləmi vəsf edilsə də, onun əsərlərinin adları alayı bir ab-hava da yayırdı: “Haqsızlıq dünyası”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Küləkli bir axşam”, “Azadlıq üçün cinayət” və s.
   Bu əsərlərdən xoflananlar onu çox erkən - qırx beş yaşında ikən əbədi susdurdular. Bu əsərləri milli gözlə oxuyanlar, vətənpərvər ruhda düşünənlər isə müəllifin əbədiyyətə qovuşduğu əminliyində...
   Qısa ömründə yaza-yaza milli-ədəbi nəflər eləmiş bu yazıçı nə və necə yazırdı, “uzun” ömürlərində danoslayıb keflər etmişlər nə?!.
   Bəli, o və onlar...
   O yazırdı:
   (İxtisarla verdiyimizdən məna-mətləbinə xələl gəlsə də, bu gün də təravətlə səslənən dil-üslubuna diqqət!)
   
   Siyasət adamı
   
   Hacı Qafar çoxdan bəri şəhərdə yaşayırdısa da, şəhərin mədəni həyatından pək uzaqda idi. O, teatro, klub, mühazirə, müsamirə kimi mədəni təşkilatları tanımaz, tanımaq belə istəməz.
   Klub? Teatro? Oyun? Mühazirə? Musiqi axşamları - bunlarla Hacı Qafarın nə işi?..
   İnqilab da oldu, əski üsuli-idarə belə təbdil oldu, hər bir işdə yenilik vücudə gəldi, fəqət Hacı Qafar dəyişmədi. Mülkü və malı əlindən çıxdı isə də, fəqət nöqteyi-nəzəri dəyişmədi.
   İnqilabdan əvvəl olduğu kimi, indi də Hacı Qafar siyasətlə maraqlanar, sabiqdəki kimi indi də dövlətlərin və padşahların münasibətlərini öyrənər, bu xüsusda daima söhbət edər, düşündüklərini söylər.
   On il, on beş il, bəlkə iyirmi il bundan əqdəm olduğu kimi, yenə məscid həyətində, dəllək dükanında, hamam qabağında, dostu Kərbəlayı Fərzəlinin baqqal dükanında, müxtəsər, hər bir məclisdə üç, beş, on adam cəm oldumu, Hacı Qafar sevdiyi, bildiyi məsələ dairəsində söhbətə başlar. O zaman gəl də, Şərq və Qərb məmləkətlərinin bir-birinə olan əlaqə və rabitələrindən, dövlətlərin hərbi qüvvətlərindən danışılan söhbətə qulaq as... Hacı Qafarda nə qədər məlumat varmış!”
   
   Haqsızlıq dünyasında
   
   Otağın bir guşəsində zəif və sarı bənizli bir qadın uzanmışdı. Bu, gənc yaşlarında vərəm xəstəliyinə düşmüş Rüxsara xanım idi.
   Saralmış üzündə, çubuq kimi nazikləşmiş qollarında ətdən bir əsər qalmamışdı. Bir dəri, bir sümük. Amma Rüxsara xanımın keçmişdə nadir bir gözəlliyə malik olduğunu görməmək mümkün deyildi. Üzünün zəif şəkli, dərinə düşmüş və dövrəsi rəssam əlilə qaralanmış kimi görünən iri gözləri, bu gözləri mühafizə edən uzun kirpikləri, balaca ağzı, nazik dodaqları, arıqlıqdan itiləşmiş burnu həmin gözəlliyin birər nişanəsi idi...”

   “Qayçı”
   
   ...Gülcahan yoğurduğu xəmirin "gəlməsini" gözləyir və hər beş-on dəqiqdən bir xəmir üzərindəki isti parçanı qaldırıb, xəmirdən bir çəngə dartıb baxır, “hələ bir az qalıb”, - deyə yenidən xəmiri bərk-bərk basdırırdı.
   Məşədi Salman evin qarşısındakı daş üstündə oturub, atın yüyən və cilovunu təmir edirdi. Birdən o, yüyəni, cilovu və iynəni daş üzərinə qoyub qalxdı və sürətlə evə tərəf getdi. Arvadını səsləyib qayçının yerini sordu. Arvad cavab verdi. Məşədi axtardı, lakin qayçı tapılmadı. Onda Məşədi Salman başını qapıdan çıxarıb, arvadı tərəfə çığırdı:
   - Bu xarabada heç bir vaxt heç bir şey tapmaq mümkün olmayır; qayçı yoxdur!..
   Gülcahan yanındakı yorğançanı da tələsik xəmirin üzərinə salaraq, qayçını axtarmağa getdi.
   Baxılmamış yer qalmadı - qayçı tapılmadı.
   Gülcahan bilirdi ki, qayçı tapılmasa, axırda evdə bir qiyamət qopacaq və nəticədə Məşədi Salman acığını Gülcahanın kürəklərindən çıxaracaq...”
   
   Onlar yazırdı:
   (İxtisar edilsə də, müəlliflər heç nə “itirmirlər”... )
   
   “İkiüzlü Tağı Şahbazi partiya sıralarından qovuldu”

   
   “Kommunist” qəzeti, 12 mart 1937-ci il, Seyfulla Şamilovun “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” məqaləsindən:
   “...Vaxtı ilə cibində partiya bileti daşıyaraq orda-burda millətçi fikirlər yürüdən, meşşan, ikiüzlü fəaliyyəti ilə sovet hökumətini biabır edən, boşboğazlıqla məşğul olan Tağı Şahbazi artıq partiya və sovet yazıçıları sırasından qovulmuşdur.
   Bəzi tənqidçilərimizin prinsipsizliyi və yaltaqlığı nəticəsində bütün yaradıcılığı bir xoruza yük ola bilən bu yazıçı haqqında olduqca şişirdilmiş fikirlər söylənilirdi.
   Həmin tənqiddə barışmaz bolşevik prinsipliliyi əvəzinə liberal taktika ilə yaşamağa çalışan şəxslərə qarşı da biz mübarizəmizi gücləndirməliyik.
   Bu yazıçılar üçün böyük mübarizələrlə əldə edilən sovet gerçəkliyi, sosializm gerçəkliyi hələ diqqətə şayan deyildir.
   Onlar hələ də bütün xalqlarımızı ruhlandıran bugünkü mübarizənin qəhrəmanlarını duyub anlaya bilməmişlər”...
   
   “Ciddi nəticə çıxarılmalıdır”
   
   “Kommunist” qəzeti, 5 mart 1937-ci il, M.Məmmədov:
   “Azərbaycan Tibb İnstitutunun diamat müəllimi, eyni zamanda sovet yazıçıları ittifaqının üzvü ikiüzlü Tağı Şahbazi son günlərədək özünün nasional uklonçu olduğunu partiyadan gizlədərək, öz antipartiya fəaliyyətini davam etdirmişdir.
   Partiyamız və bütün ölkə, kontrrevolusion trotskiçi-zinovyevçi antisovet mərkəzin mühakimələri dövründə, mitinq və yığıncaqlarda, xalq düşmənlərinə - faşist xəfiyyə idarələrinin mənfur agentləri olan trotskiçilərə, diversiyaçılara, casuslara, terrorçulara min qat lənət yağdıraraq, onların külünün göyə sovrulmasını tələb etdiyi bir zamanda, millətçi Tağı Şahbazi ağzına su alaraq bir kəlmə belə danışmayır və susmağı lazım bilirdi.
   Tağı Şahbazi, özünün çürük millətçilik ideyalarını, sovet yazıçılarından bəziləri ilə söhbəti əsnasında şərh etməkdən də həyasızcasına çəkinməmişdir.
   Azərbaycan Tibb İnstitutunun partiya komitəsi, partiyanı aldadan ikiüzlü, millətçi Tağı Şahbazini partiya sıralarından kənar etmişdir.
   Lakin bununla iş bitməməlidir. Tağı Şahbazi kimi qəddar millətçi hələ Azərnəşrin rus ədəbiyyatı şöbəsi kimi mühüm bir uçastoka “rəhbərlik” edir. Azərnəşr və sovet yazıçıları ittifaqı bundan özləri üçün ciddi nəticə çıxarmalıdırlar”...
   Təəssüf... birincilər haqqında repressiya nəticəsinə nail olan ikincilər haqqında hələ də geniş qınaği-tendensiya nəticəsinə gəlinmir...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar