Mədəniyyət tariximizdə həyat və fəaliyyəti xalqa fədakar xidmətdə keçən görkəmli şəxsiyyətlər çox olub. Onlardan biri tanınmış biblioqraf alim Əliheydər Qəhrəmanovdur.
   
   O, respublikada ilk görkəmli biblioqraf alim, ədəbiyyat sahəsində gözəl mütəxəssis olub. Kitabxanaçı-biblioqraf kadrların hazırlanması işində qayğıkeş və bacarıqlı təşkilatçı kimi tanınıb. Həyat və fəaliyyətini Azərbaycanda biblioqrafiyanın inkişafı ilə bağlayıb. Biblioqrafiyaşünaslıq, kitabxanaşünaslıq və kitabşünaslıq sahələrinin hər birində geniş elmi və təcrübi fəaliyyət göstərib. Eyni zamanda təhsil ocaqlarında müəllimlik edib. Görkəmli alimi daha yaxından tanımaq üçün onun həyat salnaməsini vərəqlədik.
   Əliheydər Baba oğlu Qəhrəmanov 1911-ci ildə Bakının Biləcəri kəndində anadan olub. Erkən çağlardan mütaliəyə böyük maraq göstərib. 1925-ci ildə orta təhsilini başa vurur. Ali təhsil almaq məqsədilə sənədlərini Pedaqoji Texnikuma verir və qəbul olur. Texnikumda oxuya-oxuya Abbas Səhhət adına kitabxanada işə düzəlir. 1929-cu ildə texnikumu bitirir.
   Bu illərdən etibarən onda kitaba və ədəbiyyata peşəkar maraq yaranır. O, gələcək həyat yolunu müəyyənləşdirir. Həyatını kitabxana işi ilə bağlamağa qərar verir. Kitabxanada işini davam etdirir. Ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinə - Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olur. Bir müddət sonra kitabxananın direktoru olur.
   Ali təhsilini başa vuran Əliheydər Qəhrəmanov 1940-cı ildən Bakı Mədəni-Maarif Texnikumunda müəllim kimi işə düzəlir. Savadlı və bacarıqlı bir mütəxəssis olaraq irəli çəkilir. Texnikumun direktoru (1942-1948) işləyir. Eyni zamanda, 1944-cü ildən indiki Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlik edir. 1947-ci ildə onun səyi nəticəsində BDU-nun filologiya fakültəsində kitabxanaşünaslıq şöbəsi açılır. Həmin ildən Əliheydər Qəhrəmanov fakültədə biblioqrafiya kursu üzrə mühazirələr oxuyur. O, 1948-ci ildən ömrünün axırına kimi universitetin kitabxanaşünaslıq və biblioqrafiya kafedrasına rəhbərlik edib.
   Respublika Kitab Palatası ilə daim əməkdaşlıq edən Əliheydər Qəhrəmanov 1942-ci ildə idarənin elmi katibi təyin edilir. Palatanın çapdan buraxdığı “Azərbaycan kitab letopisi” (salnamə), “Azərbaycan qəzet məqalələri letopisi”ni tərtib edir. Onun işə can yandırması, fəaliyyəti yüksək qiymətləndirilir və bir il sonra palatanın direktoru təyin edilir. 1946-cı ildən ömrünün axırına kimi Kitab Palatasının çapdan buraxdığı nəşrlərin redaktoru olur.
   Əliheydər Qəhrəmanov bir mütəxəssis kimi, həm də sahəvi biblioqrafiyanın inkişafında əlindən gələni əsirgəməyib. Bədii ədəbiyyata, görkəmli ədəbi simaların bədii irsinə aid tərtib etdiyi 8 retrospektiv və şəxsi biblioqrafik göstəricilər böyük marağa səbəb olub. O, yalnız biblioqrafik göstəricilər tərtib etməklə kifayətlənməyib. Eyni zamanda tarixi və əlamətdar günlər, yazıçıların yubileyləri münasibətilə dövri mətbuatda fəal çıxış edərək respublikada biblioqrafiya işinin təbliğində, geniş yayılmasında böyük səylər göstərib.
   Əliheydər Qəhrəmanov biblioqrafiyadan ilk dərsliklərin, “Kitabxana-biblioqrafiya terminləri lüğəti”nin müəllifidir. Bu, onun elmi yaradıcılıq fəaliyyətinə müsbət təsir göstərir. Ancaq ömür vəfa etmir. 1959-cu ildə 48 yaşında dünyasını dəyişir. Vaxtsız ölüm onun bir çox arzularını yarımçıq qoyur...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar