Sənətkarla vida mərasiminə gəlmiş tanınmış mədəniyyət xadimləri Siyavuş Aslan haqqında xatirələrini, qəhər dolu ürək sözlərini bölüşdülər.
   
   Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov: - Siyavuş Aslanın Akademik Milli Dram Teatrındakı son rolu “Kaş araba aşmayaydı” tamaşasındakı baş qəhrəman idi. O, səhhəti imkan verənədək oynadı. Aktyor tamaşaçıya həmişə sağlam, həyatsevər, ehtiraslı, coşqun görünməlidir. Siyavuş Aslan üçün oynaya bilməyəcəyi rol yox idi. Bu mənada o, xoşbəxt sənətkar idi. Sənətkar kimi o özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada sınağa çəkdi, özünü realizə edə bildi. Belə olmasaydı, sevilə bilməzdi. Onun sevilməyinin sirri ondadır ki, heç kəs onu zəif rolda görməyib. 70 yaşında da eyni şövqlə səhnəyə çıxırdı, oynayırdı. Onun ölümü sözün həqiqi mənasında böyük itkidir.
   
   Professor İlham Rəhimli: - Siyavuş Aslan yaradıcılığı dövründə 10-20 aktyorun görə bilmədiyi işi görüb. Onun daxili imkanları, ifadə zənginliyi tükənməz idi. Mənə elə gəlir ki, o, qadir olduğu sənətin yarısından çoxunu özü ilə apardı. Vaxtilə “Kral Lir”də oynamaq istəyirdi, alınmamışdı. Mən bilmirəm, Kral Lir onda necə alınardı, amma onu bilirəm ki, Siyavuş dünya miqyasında məşhur əsərlərdə ləyaqətlə oynamağa tam hazır bir sənətkar idi. “Hamlet”də Polonini, İoselianinin “Kaş araba aşmayaydı” əsərində Aqabonu məharətlə oynadı. Siyavuş çox dramatik, içində faciə olan aktyor idi.
   
   Xalq artisti Hacı İsmayılov: - Bu, Azərbaycan kinosunun, televiziyasının, teatrının böyük itkisidir. Uzun illər sənətdə bir yerdə çalışmışıq. Mən tələbə olanda o artıq tanınmış aktyor idi, “Ulduz” filmində Şubay roluna çəkilirdi. İllər keçdi, onunla bu teatrın səhnəsində bir çox əsərlərdə - “Böyük Romul”, “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim” tamaşalarında tərəf-müqabil olduq. Xarici səfərlərdə olduq. Bir yerdə “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və s. teletamaşalarda oynamışıq. Onunla birgə işləmək fəxr idi.
   
   Xalq artisti Zərnigar Ağakişiyeva: -Ömrünü-gününü teatra, kinoya həsr edən böyük aktyor haqqında indi nə deyə bilərəm ki?! Hər birimizin qəlbində kədər var. Biz o sözləri işlədirik, amma qəlbimiz hələ də onun dünyadan getməyini qəbul etməyib. Xalqın sevimlisi, milyonlarla tamaşaçını ovunduran, ovsunlayan, qəlbləri sevinclə dolduran Siyavuş Aslan bu gün sıralarımızda yoxdur. Ruhu şad olsun.
   
   Professor Cahangir Novruzov: - Mənim üçün səhnədə anamın son yadigarı, silahdaşı olan bir insanı itirmək çətindir. Dost deyə biləcəyim bir insan idi. Teatr ağacımızın bir yarpağı da belə düşdü. Uşaqlıq vaxtlarımdan onunla keçirdiyim xatirələr yadıma düşür. Allah rəhmət eləsin.
   
   Rejissor Elxan Qasımov: - Bizim ikimizin də kinoda ilk debütümüz “Əhməd haradadır” filmində oldu. Bu film ona uğur gətirdi. Saqqal Ramizi elə yaratdı ki, bundan sonra bir çox filmlərdə unudulmaz obrazlar yaratmaqdan ötrü rejissorlar məhz onu seçdilər. O, təkrar olunmayacaq. Mədəniyyət tariximizə silinməz iz qoydu.
   
   Aktrisa Suğra Bağırzadə: - Mən sənət yolumda bu sənətkara çox minnətdaram. Biz “Ulduz” filminə çəkiləndə Siyavuş Aslan artıq tanınan, professional aktyor idi, mən isə məktəbli. Buna baxmayaraq çəkilişlərdə hər zaman yardım edər, yol göstərərdi. Siyavuş mənim ürəyimdə həmişə olacaq, o, sənətdə tərəf-müqabilim olan ilk böyük aktyor idi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar