Azərbaycan
30 iyul 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə tarixi adı təkrar özünə qaytarıldı.
30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-9.9.1996) anadan olub.
31 iyul 1954 -Əməkdar incəsənət xadimi, aktyor və rejissor Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Çukurova Universiteti (Adana) Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Sarı gəlin” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, 2001-ci il avqustun 1-dən Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, proses ləng gedirdi. Fərman bu prosesi başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edildi.
1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Həsənağa Hacağa oğlu Mustafayev (1896-22.4.1977) anadan olub.
1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
1 avqust 1933 - Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda anadan olub. Azərbaycan Akademik Opera və Balet Teatrında quruluşçu rejissor işləyib. 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrının baş rejissorudur. Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935-2005) Lerik rayonu Hoveri kəndində anadan olub.
1 avqust 1948 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
1 avqust 1960 - Kinoşünas, rejissor, ssenarist Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə” (psixiatr), “Təxribat” (vəkil) filmlərində çəkilib.
1 avqust 1961 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916, Gəncə - 1961) vəfat edib. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
Dünya
30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari, 1511-1574) anadan olub.
30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
30 iyul 1947 - Avstriya əsilli məşhur Amerika kinoaktyoru Arnold Şvarsnegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. 2003-2009-cu illərdə ABŞ-ın Kaliforniya ştatının qubernatoru olub.
30 iyul 1948 - İspan əsilli məşhur fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
30 iyul 1974 - Amerika aktrisası Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.
30 iyul 2007 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman (Ernst Ingmar Bergman; 14.07.1918 - 2007) vəfat edib. Filmləri: “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq”, “Qızlar bulağı” (“Oskar”) və s.
31 iyul 1848 - Fransız bəstəkarı Robber Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1914 - Dünya şöhrətli fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas” kinotrilogiyasında, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.
31 iyul 1962 - Amerika kinoaktyoru Uesli Snayps (Wesley Snipes) anadan olub. Filmləri: “Dağıdıcı”, “Fanat” və s.
31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu Si Si Ketç (C. C. Catch - Caroline Catherine Müller) anadan olub. 1980-ci illərində Diter Bolenin («Modern Talking» qrupu) mahnıları ilə məşhurlaşıb.
1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
1 avqust 1923 - SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.
1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, detektiv romanlar müəllifi Karter Braun (1923-1985) anadan olub.
1 avqust 1942 - İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
1 avqust 1965 - Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.
Hazırladı: Vüqar Orxan