Bir türk şairinin misraları düşür yadıma:
   
   Yoxdan bizi var edən xilqət,
   Vardan da yox etsə, haqdır əlbət.
   
   Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə isə “Ölüm belə qəm deyil bu həyatı duyana” - deyirdi. Bütün buna bənzər müdrik kəlamları yada salsaq da, ölümün ağrısı, acısı heç vaxt yaddan çıxan deyil. Çünki o, bizim üçün unudulmaz olan insanları bizdən ayırır. Amma bu, cismani ayrılıqdır. Tanrının elə sevib-seçdiyi bəndələri var ki, onları hətta ölümə belə təslim etmir. O insanlar ruhən əbədiyaşardırlar. Respublikanın Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundova belə ölməz insanlardandır. Onu əbədi yaşadan xeyirxahlığı, istedadı, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri və yaratdığı əsərlərdir.
   1924-cü il yanvarın 21-də qədim Şəki torpağında dünyaya göz açan Şəfiqə xanım sanki sonsuz bir sənət sevgisi ilə qoşa doğulmuşdu. Ona görə də bütün ömrünü bu sevgi naminə şam kimi əritdi. Ölməz Seyid Əzimin təbirincə desək, “Bir şəmi ki, həqdən yana heç bad ilə sönməz”. Odur ki, ölüm belə Şəfiqə xanımın böyük sənət sevgisinin çırağını söndürə bilməz. O sənət çırağını yandıran Şəfiqə xanım onun şölələnib, alovlanması üçün istedadını zəhməti ilə qovuşduraraq daim çalışdı. Bütün çətinliklərə sinə gərərək qədəm qoyduğu sənət yolunun zirvəsinə qədər yüksəldi. Onu bu yoldan çəkindirənlər olsa da, Şəfiqə Axundova bu yolda ona dayaq olanların etimadını doğrultdu.
   Atası Qulam Axundov qızının musiqiçi olmasına etiraz etsə də, tale onu dahi Üzeyir Hacıbəyli ilə qarşılaşdırır. Üzeyir bəy də onun istedadını görüb, bəstəkar olması üçün əlindən gələni əsirgəmir. Beləcə, Üzeyir bəyin atalıq və müəllimlik qayğısı ilə Azərbaycan bəstəkarlıq məktəbinə Şəfiqə Axundova kimi görkəmli bir sənətkar bəxş olunur. Şəfiqə xanımla söhbətlərimizdə o, sənətə gəldiyi illərini xatırlayaraq dahi bəstəkarın qayğı və diqqətini xüsusi vurğulayardı. Deyərdi ki, biz Üzeyir bəydən yalnız sənət dərsi deyil, həm də əsl həyat dərsi almışıq. Aldığı həyat və sənət dərsini bizlərə aşılayan Şəfiqə xanımın simasında gözəl insan, əsl sənətkar, ləyaqətli vətəndaş və böyük şəxsiyyətə xas olan cəhətlər təcəssüm olunurdu. Bütün bu xüsusiyyətləri o, bir insan və bir sənətkar kimi özündə birləşdirirdi. Bu vəhdət Şəfiqə Axundovanın musiqisində də əks olunur.
   O, qəlbinin saf, ülvi hisslərini, vətən sevgisini, xalq məhəbbətini - bir sözlə, bütün varlığındakı gözəlliklərini musiqinin dili ilə ifadə edə bilirdi. Bunun üçün də daim axtarışda idi, ürəyindən keçənlərin axtarışında. Öz duyğularını, düşüncələrini ifadə etməkdən ötrü elə poetik mətnlər seçirdi ki, sözlə musiqi bir-birini tamamlayırdı. O, insanları vətənpərvərliyə səsləyən
   Mən gah odam, gah suyam,
   Bu torpaqdan yarandım,
   Bu torpağa borcluyam,
   Xoşbəxtəm ki, vətənim
   Azərbaycandır mənim.
   
   mahnısında (sözləri B.Vahabzadə), insanları daim mehriban olmağa çağıran “Min könüldə bir can olaq, Daha da mehriban olaq” mahnısında (sözləri İ.Coşğun), “Bu dünyanı düşün, haqq yolunda nur ol” (sözləri H.Vəliqızı), “Anaları təklənməyə qoymayın” (sözləri G.Tənha) və s. neçə-neçə bu kimi mahnılarında dinləyiciyə ülvi, alicənab hisslər aşılayırdı.
   Sözün vəsf etdiyi bu gözəllikləri Şəfiqə xanım mətnə uyğun melodik çalarlarla ifadə edirdi. O, 600-ə qədər gözəl mahnının müəllifidir. Bu mahnıların hər birində sənəti, həyatı və insanlığı böyük məhəbbətlə sevən bəstəkarın ürəyi döyünür. Görkəmli bəstəkar 60-dan çox tamaşaya musiqini, S.Rəhimovun povesti əsasında “Gəlin qayası” operasını, “Ev bizim, sirr bizim” operettasını və digər əsərlərini məhz bu böyük sevgi ilə yaratmışdı. Bir sözlə, onun sənət sevgisi intəhasızdır. Hətta söhbətlərimizin birində özü belə demişdi: “Mənim sənətə sevgim bəlkə də özümdən asılı deyil. Görün ki, mən gəncliyimi, dincliyimi, bütün ömrümü, hətta balamı da bu yolda qurban verdim”.
   Bəli, daim mehriban çöhrəli, gülərüzlü Şəfiqə xanımın ürəyinin dərinliklərində böyük kədəri, sağalmaz dərdi, istedadlı və bəxtsiz Taleyi də vardı. Şəfiqə xanımın 80 illik yubileyində ona həsr olunan “Nəğmədir həyat” monoqrafiyasını yazarkən mənə dediyi bu sözlər indi də qulağımda səslənir: “Bilirsən, qızım, mənim balam Taleh çox istedadlı, amma, yaman talesizdir. İstərdim ki, mənim haqqımda o kitabda bəstəkar Talehimlə bağlı bir bölmə də olsun. Qoy onun yaradıcılığı da tarixdə qalsın”. Bu, kövrək qəlbli, güclü iradəli bir ananın etirafı idi. Şəfiqə xanım belə etirazlarını, kədərini yalnız musiqisi ilə bölüşərdi. İstəməzdi ki, insanları öz kədəri ilə rahatsız etsin, hamıya xoş, səmimi, mehriban münasibət bəsləyərdi, bütün insanların sevimlisi idi Şəfiqə xanım. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Bizim bir Şəfiqəmiz var”.
   Bu gün bütün sənətsevərlər, bütün Azərbaycan öz sevimli Şəfiqəsinin yoxluğuna acıyır. Bu isə cismani yoxluqdur. Bir mahnısında deyildiyi kimi, “Amma səndən ayrı gəzən, Ürək deyil, bədən oldu (sözləri B.Vahabzadə). Biz isə deyirik ki, əziz Şəfiqə xanım, bizdən ayrılan cisminizdir. Ruhən həmişə bizimləsiniz, işıqlı xatirəniz daim qəlbimizdə yaşayacaq. Çünki sizi əbədi yaşadan musiqiniz var. Bu musiqi sizi nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə aparacaq. Amma hər dəfə sizi sevənlər musiqinizi dinlədikcə düşünəcəklər - BU AYRILIQ NƏDƏN OLDU?
   
   Səadət Təhmirazqızı,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar