Azərbaycan
   
   21 iyun 1794 - Görkəmli tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. Atası Mirzə Məhəmməd Bakı xanları nəslindən, anası Sofiya müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1819-1845-ci illərdə Bakıxanov çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi işləyib. İranla Rusiya arasında Türkmənçay müqaviləsinin (10 fevral 1828) imzalanmasında iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat edib.
   21 iyun 1933 - Xalq artisti, tanınmış xanəndə Tələt Məmmədağa oğlu Qasımov Bakıda anadan olub.
   21 iyun 1992 - Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.
   
   22 iyun 1802 - Məşhur şərqşünas, maarifçi Mirzə Kazımbəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
   22 iyun 1897 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 - 26.9.1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona “Bülbül” adı verilib. Xalq mahnılarının, romansların (“Sənsiz", "Sevgili canan" - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm) unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb, 1940-cı ildən bu təhsil ocağının professoru olub.
   22 iyun 1924 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” romanlarının, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   22 iyun 1942 - Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Deyin, hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Ay gecikən məhəbbətim" və s. populyar mahnıların müəllifidir.
   22 iyun 1947 - Şair Eldar Baxış (1947 - 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. "Uzun Həsən", "Məlikməmməd" pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
   22 iyun 1996 - Prezident Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Adları “Qızıl kitab”a yazılan gənc istedadlara xüsusi Prezident təqaüdü verilir.
   22 iyun 1999 - Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib. Saziş Avropa Birliyinin Azərbaycana iqtisadi, sosial, elmi-texniki, mədəni əməkdaşlıq sahəsində dəstək və yardımını əhatə edir.
   
   23 iyun Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün dünyanın əksər ölkələrində qeyd olunur. Respublikamızda Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.
   23 iyun 1920 - Yazıçı Əkbər Həzrətqulu oğlu Əkbərov (1920 - 25.01.1995) anadan olub.
   23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 - 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Bənövşə yarpağı”, “İnsan min il yaşardı”, “Dağlar buraxmır məni”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru olub.
   23 iyun 1925 - Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 il S.Vurğun adına Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Bir sıra televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professorudur.
   
   24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan olunub. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.
   24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939 - 31.8.1968) Təbrizdə doğulub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) uşaq kitabları müsabiqəsində qızıl medala layiq görülüb.
   24 iyun 1955 - Tanınmış jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955- 17.12.1999) anadan olub. “Molodyoj Azerbaydjana” (1986-1988), “Azadlıq” (1989-1992) qəzetlərinin baş redaktoru, Azərbaycan Ali Sovetinin deputatı (1990-1995) olub. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
   
   Dünya
   
   21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.
   21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, görkəmli filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürək bulanması”, “Azadlıq yolları” (roman); “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” (pyes), “Varlıq və yoxluq”, “Ekzistensializm - humanizmdir” (fəlsəfi traktat) və s.
   21 iyun 1910 - Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.
   21 iyun 1935 - Məşhur fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan; 1935-2004) anadan olub. Əsərləri: “Salam, kədər” (30-dan çox dilə tərcümə olunub), “Soyuq suda bir az günəş”, “İtmiş sima”, “Əlvida, qüssə” romanlarının müəllifidir.
   
   22 iyun 1767 - Alman filosofu, məşhur dilçi alim, ədəbiyyatşünas Vilhelm Humboldt (Friedrich Wilhelm von Humboldt; 1767-1835) anadan olub. Berlin Universitetinin yaradıcısıdır.
   22 iyun 1887 - İngilis filosofu Culian Haksli (Julian Sorell Huxley, 1887-1975) anadan olub. Təkamülün sintetik nəzəriyyəsinin müəllifidir, UNESCO-nun ilk baş direktoru olub.
   22 iyun 1898 - Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Əsərləri: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Üç yoldaş”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s. romanlar.
   22 iyun 1906 - Amerika rejissoru, 4 dəfə «Oskar» mükafatının laureatı Billi Uaylder (Billy Wilder, 1906-2002) anadan olub. Filmləri: “Cazda ancaq qızlardır”, “Sabrina”, “Mənzil” və s.
   22 iyun 1947 - Tanınmış rus aktrisası Natalya Varley anadan olub. “Qafqaz əsiri” filmində Nina rolu ilə məşhurlaşıb. “Qaçış”, “12 stul” və s. filmlərdə çəkilib.
   22 iyun 1949 - Amerika aktrisası Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub. “Kramer Kramerə qarşı” (Coanna Kramer), “Sofiyanın seçimi” (Sofiya Zavistovskaya), “Dəmir ledi” (Marqaret Tetçer) rollarına görə “Oskar” mükafatına layiq görülüb.
   
   23 iyun 1824 - Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke, 1824-1910) anadan olub.
   23 iyun 1868 - Amerikalı ixtiraçı Kristofer Letem Şoulz (Christopher Latham Sholes) yaratdığı yazı makinasına patent alıb. Yazı makinası ədəbiyyat, jurnalistika və ümumilikdə mədəniyyətdə dövrün mühüm texniki inqilabı idi.
   23 iyun 1889 - Məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 - 5.3.1966) anadan olub. Qızıl Orda xanı Əhməd xanın nəslindən olub, soyadını (təxəllüsünü) də bu addan götürüb. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.
   23 iyun 1901 - Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.
   23 iyun 1910 - Fransız dramaturqu Jan Anuy (Jean Marie Lucien Pierre Anouilh, 1910-1987) anadan olub. “Yüksüz sərnişin”, “Kolomba”, “Antiqona” və s. pyeslərin müəllifidir.
   23 iyun 1927 - Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”, “Lenni”, “Bütün bu caz” və s.
   23 iyun 1957 - Hollivud aktrisası, «Oskar» mükafatı laureatı Frensis Makdormend (Frances McDormand) anadan olub. Filmləri: “Farqo”, “Şerifin ulduzu”, “Missisipi od içində” və s.
   
   24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı aforizmlər toplusu tərtib edib.
   24 iyun 1912 - Rusiyanın Xalq artisti, komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s. Azərbaycanda “Alma almaya bənzər” filmində çəkilib.
   24 iyun 1930 - Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar