buna bab söz demək, qələm çalmaq çox çətin, ustad!
   
   Sənin haqqında könlümün üçüncü “çalğı”sıdı bu, ay Qurban dayı! Biri “Bir “Segah”i yazı” adında, o biri - “Ələsgərin sazı, Qurbanın tarı” namında. “Atalar üçdən deyib”ən bunu da yazmağa qol qoydum; ötənkilərin maya-mənaları qovuşuğunda bir pərdə “Humayun”, bir-iki mizrab “Rahab”, üç-dörd guşə “Mənsuriyyə” ladında...
   
   Hər yazımın adı qələmin, odu, ladı, dadı-ləzzəti ulu Tarın, musiqi mədəniyyətimizdə əbədi örnək kimi qalı sənin - Qurban Pirimov!..
   Sənin doğulduğun elat haqda çox söz deyilib ki, onlardan bir nümunə də “Külli-Qarabağın abi-həyatı - Nərmənazik bayatıdır, bayatı” misralarıdır. O cənnət məkan haqda nə qədər elmi-populyar əsərlər yazılıb, musiqilər, nəğmələr qoşulub. Hələ oranın canlı əsərləri! Ad-sanları dilə-ağıza sığmayan dahilər, sayları kitaba-kağıza yerləşməyən məşhurlar! Deməli, gen (gendəngəlmə) məsələsi tək elə şəcərəvi deyil, həm də təbii-mühiti halmış. Bu iki verginin qovuşuğu isə özgə bir aləm yaradırmış!..
   Sənin şəxsi (əslində nəsli) “balans”ına nəzər yetirdikcə, bütün mətləblər aydınlaşır, ustad. Özündən yüz il əvvəl sənin nəsil-nəcabət şöhrətin doğulub. Baban - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gözü olub. Sonrakı yüzilin 80-ci ilində o sazəndə-xanəndə ocağının gələcək közü olaraq sən doğulubsan ki, müqəddəs bayramla ilgili olaraq, adın Qurban qoyulub.
   Sənin də sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atan səni çox imtahanlara çəkib. Hərdən özün öz yar-yoldaşına danışırmışsan ki, tarda çala-çala irəlilədiyin bütün pərdələrdən dəfələrlə geri qaytarırmış səni. Bığ yerinin təzəcə tərlədiyi yaşda isə “Sudan gələn sürməli qız”ı necə çalıbsansa, o çağadək ot-alafdan savay heç nə çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. On beşində niyə məhz bu mahnını gündə qırx yol havalandırmağının səbəbkarından da duyuq düşüb. Hələ bir gün də bu qapıdan yüz gəz keçərək suya gedib-gələn bir sürməsiz qızcığaza yönəli - sənə bir “arifi” göz də vurubmuş...
   Bunlar doğma, şifahi xatirələr. Bir az da -
   
   “Yad” və yazılı xatirələrdən...
   
   On dördündə atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında adlı-sanlı xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək yuva tapır. O toyların birində “Bu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb, Azərbaycan anasıtək dilləndirən Qurban”ı görən böyük xanəndə İslam Abdullayev onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş ustad xanəndənin arzularını gözündə qoyur. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu onu (İslam Abdullayevdən razılıq alaraq) özü ilə Bakıya gətirir.
   O, Bakıya düşəndə bu şəhərdən tək elə neft iyi yox, böyük sənət qoxusu da gəlirmiş.
   Və... qədim Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə imiş. 1908-ci ildə həmin əsər-övlad - “Leyli və Məcnun” doğuldu və 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.
   Sonralar... dövrün bu nadir sənətkarının yaşı üstə yaş gəlməkdə, sənətimizin, mədəniyyətimizin mənəvi sarayının daşı üstə daş qoyulmaqda. Ev-ailə Məcnunu Qurban da öz həyat Leylisini tapıb evlənsə də, çöllər “Leyli-Məcnun”una məhəbbəti səngimədi; 1908-i düz 1958-ə caladı. Və deyirlər, min dəfə çaldığı o tamaşalarda bu qədim-qayım kişinin üzü bir kərə də olsun, ürəkdən gülmədi. Nədən ki, nə qədər çalıb-çağırsa da, Leylini Məcnuna verə bilmədi...
   Ustad sinə. Onun haqqında düşünərkən duyğuya gələn kəlmələrdən biri. O sinənin altında ürək adlı canlı halət, üstündə tar isimli şanlı alət. Yeri məclislərin yuxarı başı olan alətlərin üzük qaşı! Duyğular çeşməsi, məhəbbət dolu zövqlərin sədəfli hədəfi! Hansı ki, onun “saznan dediklərini” söznən deyib qurtarmaq olmur!
   
   “Zil” xatirə...
   
   Sayğı-duyğularınızı “sarı sim” üstə kökləyib, əhvalınızın “şah pərdə”sində bəkləməli...
   Yuxarıda demişdim axı, on dörd-on beşində hər yanlış xala görə atası onu dəfələrlə irəlilərdən gerilərə qaytarıb. Yəqin elə bir az da buna görə səksən beşində (1965-in 10 avqustunda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində) 23 dəqiqə çəkən “Rahab”ı elə rübablayıb ki, tamaşaçıların tufan-alqışları altında düz üç kərə “zakulis”dən geri - səhnəyə qayıtmalı olub. Bu qayıtmaların birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah səbəbkara mat-mat baxan gənc ifaçılardan biri onun qolundan yapışmalı olub. Sonra ustad bir az öncə qalxdığı stula oturub, üzrxahlıq və minnətdarlıq dolu baxışlarla salona göz gəzdirib və nəhayət, səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşü qıvraq, mizrabı şaqraq olan bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.
   Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə də, o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. Axı onun “Tardan Ərəbzəngi kimi bac alan Qurban qağa”sı onu həyat dostluğunda (səhnə heç - burada kimsə tapılır) tənha qoyub getmişdi! Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı arifi him-cimlərlə göydə tutan “üçlük” dostu qeybə çəkilmişdi...
   
   Sən bir ustad ki...
   
   Bu gün şöhrəti dünyaya bəlli bu alətin “geniş kütlənin şirini, şərbəti, alovlu sənəti!” olduğunu “Oxuma, tar! İstəməyir proletar! Səndə çalınsın “Qatar”!” - deyilən dövrlərdə də sübut etdin.
   Sən ulu tarımızı oxutdun, dövrün ən müasir salonlarını, ən gənc məclislərini də qocaman Şərq xəyalatına daldırdın. Onun şəbəkə-şəbəkə şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri, asta-becid keçidləri, “gülü-rüxsarinə qarşu” gedişlərilə hər kəsi “ahəstəcə qandırdın”. Çaldın və bizlərdən bütün həzz duyğularımızın, hisslərimizin, mənəvi, cismi, ismi hallarımızın o ruha dair hər dür tərif-“tarif”lərini aldın.
   Sən onu barmaqlarınla dil-dil dilləndirdin, ürəyinlə gül-gül gülləndirdin.
   Sən - əsl Azərbaycan tarının yaradıcısı Sadıqcandan bilavasitə dərs alıb, tarı “...sinəsinə bütöv Şərq balasıtək alan” (İslam Abdullayev), “Mizrabıyla gürzə tək çalan” (Seyid Şuşinski), “...gah meh kimi qəlb mənzilinə dolan, gah tufan salan” (Sadıqcan), “Ərəbzəngi kimi bac alan” (Xan Şuşinski) oldun...
   Qoy sənin bir həmyerlinin - “həmişə yanmaq peşəli” şair Famil Mehdinin beş bəndlik qoşmasından iki bəndi də ayağa çəkək. Qoy dünyasını “Qarabağ dərdilə bahəm” dəyişmiş o kişinin də ruhu bir yadımlıq şad olsun:
   
   Min hava çalınır könül tarımda,
   Dünyanın nə çoxu, nə azıyam mən.
   Fəsillər görüşür duyğularımda,
   İlin həm qışıyam, həm yazıyam mən.
   
   Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
   Könül dünyasının sərvəti, varı.
   Ələsgərin sazı, Qurbanın tarı,
   Seyidin, Cabbarın avazıyam mən...
   
   Sənin “Xalq artisti” adın, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenlərin, neçə-neçə filmoqrafiya fakturaların, adın çəkiləndə köhnə sənət adamlarının təzimanə duruş-baxışları da ki, öz yerində.
   Və sən tardan əsrlərlə gec doğulsan da, adın, şöhrətin bu milli sərvət-alətin gələcəyi qədər yaşayası...
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar