Adı ədəbiyyat tariximizə ilk dramaturq xanım kimi düşən Səkinə Axundzadənin xatirəsinə
Azərbaycanın mədəniyyət tarixində qadın sənətkarlarımızın zəngin irsi var. Qəlbinin səsinə səs verən yaradıcı xanımlar ədəbi-bədii fikir tariximizdə, klassik poeziyamızda, aşıq sənətində silinməz iz qoyublar. Onların arasında böyük Mirzə Fətəli Axundzadənin dramaturgiya məktəbinin təsiri ilə müsəlman Şərqində pyes, nəsr əsəri yazan ilk azərbaycanlı xanım Səkinə Axundzadənin adı minnətdarlıqla xatırlanır.
Səkinə Mirzə Heybət qızı Axundzadə 1865-ci ildə Quba şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan gözüaçıq, diqqətcil bir gənc kimi valideynlərinin və qohum-əqrəbanın marağını cəlb edib. Atası Mirzə Heybət Qubada imkanlı və hörmətli ziyalı kimi tanınıb, “Fəda” təxəllüsü ilə şeirlər yazıb. O, dövrünün məşhur alimi, filosof və mütəfəkkir Abbasqulu ağa Bakıxanovun yaratdığı “Gülüstan” ədəbi məclisinin fəal üzvlərindən olub. Səkinə xanımın da incəsənətə marağı məhz böyüdüyü mühitdən, aldığı tərbiyədən qaynaqlanır...
O, ailə qurduqdan sonra Bakıya köçür. Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin qız məktəbində işə düzəlir, dil və ədəbiyyatdan dərs deyir, eyni zamanda teatr və dramaturgiya ilə də yaxından maraqlanır. Azərbaycanlı qadınların ədəbi fəaliyyətdə, maarifçi mühitdə iştirakını görmək qəlbi işıqlı fikirlərlə çırpınan bu nəcib xanımın böyük arzularından idi. O, bu istiqamətdə yorulmadan çalışırdı. Görkəmli salnaməçi, fədakar tədqiqatçı Qulam Məmmədli Səkinə Axundzadəni “səhnəmizin ilk qönçəsi, iftixarı” adlandırıb. Çünki ötən əsrin əvvəllərində Azərbaycan səhnəsi aktrisa problemi yaşayırdı. Q.Məmmədli araşdırmalarında yazır: “Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar göstərilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Kim bilir, çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi...”
Səkinə Axundzadə XX əsrdə ilk azərbaycanlı qadın romançı, dramaturq və dərslik müəllifi kimi tanınırdı. Qadınların cəmiyyətdəki fəallığının geniş yayılmadığı, qaragüruhçuların bunu qəbul edə bilmədikləri dönəmlərdə təzyiqlərə tab gətirmək, ruhdan düşməmək çətin idi. Səkinə xanım bütün bu məhrumiyyətləri dəf etmək üçün həyatını təhlükə qarşısında qoyurdu. Hətta bəzən valideynlər onun üstünə hücum çəkərək deyirdilər: “Siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız...”
Belə bir şəraitdə Səkinə xanım ilk dram əsərlərini yazmağa başlayır. Əvvəlcə “Elmin mənfəəti”, sonra isə “Haqq söz acı olar” adlı pyesləri qələmə alır. Bu pyesləri digərlərindən fərqləndirən o idi ki, müəllif burada qadın obrazlarına geniş yer vermişdi. Hər iki əsərin rejissorluğunu da müəllif öz üzərinə götürür. Bütün rolları isə müəllim yoldaşlarına və qız şagirdlərinə paylayır. Tamaşaçılar da ancaq qadınlardan ibarət olur. Q.Məmmədli yazır ki, “Azəri qadınları səhnə mədəniyyətinin nübarını belə daddılar...”
Səkinə Axundzadə bir dramaturq kimi teatr aləmindəki fəaliyyətini ardıcıl şəkildə davam etdirir, Türkiyə ədəbiyyatından maraqlı əsərləri dilimizə uyğunlaşdırır. Onların səhnələşdirilməsi işində yaxından iştirak edir. Görkəmli ədib Namiq Kamalın “Zavallı cocuq” əsərindən təbdil etdiyi “Bəxtsiz bala”, fransız bəstəkarı Leo Delibin “Lakme” operettasının təsiri ilə yazdığı “Zülmün səmərəsi” adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. Hər iki əsərin süjeti Azərbaycan məişətinə uyğunlaşdırılmışdır.
Ərəb və fars dillərini də mükəmməl bilən Səkinə Axundzadə Şərq ədəbiyyatına dərindən bələd idi. O, Azərbaycan qızlarını azad və firavan görmək arzusu ilə çalışırdı. Qələmə aldığı əsərlərində Azərbaycan qadınının düçar olduğu ağır həyatı ürəkağrısı ilə qələmə alırdı. Bütün yazılarında qızların elm dalınca getməsini, savad almasını məsləhət görürdü.
Səkinə xanım həm də ilk romançı qadın olub. O, “Şahzadə Əbülfəz və Rəna xanım” romanında Azərbaycan qadınlarına münasibətdə kök salmış köhnə düşüncənin aradan qaldırılmasının çıxış yollarını göstərir. Uğurlu bədii detallarla azadlığın şirinliyini, dəyərini təsvir edir. Müəllifin həyat yoluna və yaradıcılığına nəzər salanda heyrətlənməmək olmur. O, cəhalətin, zülm və istibdadın hökm sürdüyü bir dövrdə beş dram, bir roman yazır.
1922-1923-cü illərdə nəşr olunan “Yeni türk əlifbası”nın müəlliflərindən biri də Səkinə Axundzadə olub. Onun amalı həmişə işıqlı ideallar və məramlar olsa da, kəşməkəşli bir ömür yaşayır, həyatı mübarizələrdə keçir. Uzun illər ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən də Qubada yaşamaq məcburiyyətində qalır. Dövrün məşhur aktyorları, sənət və teatr xadimləri Qubaya gedir, Səkinə xanıma baş çəkirlər.
Ömrünü xalqının maariflənməsinə, estetik dünyagörüşünün zənginləşməsinə sərf edən fədakar xanım 1927-ci ildə doğulduğu şəhərdə dünyasını dəyişir. Məşhur aktyor və rejissor Hüseyn Ərəblinski onunla söhbət zamanı sənət dostuna xitabən belə deyib: “Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər...”
Savalan Fərəcov