Hə, həmin tarixçəni qədim mədəniyyətimizin - milli musiqimizin, teatral və qlobal səhnəyə çıxışımızın, yenicə qımıldanmaqda olan milli mətbuatımızın alov dilli publisistikasının şanlı Olum Uvertürası da adlandırmaq olar.
   
   Bu şərti “uvertüra”nın sonuncu faktından - çox üsul-idarəsinin milli düşüncəli mətbu nümunələrimizi vaxtaşırı qapatması ilə əlaqədar, gənc Üzeyirin problematik felyetonlarının birindən bir takt:
   “Xaricdə qəzet bağlansa, camaat neyləyər? Biri deyər; vay, kor oldum, biri deyər; vay, kar oldum, o biri deyər; vay, lal oldum! Bəs bizdə bağlansa? Heç nə. Bir məşədi digərinə deyər: məşədi, pəs, şorumuzu nəyə büküb satacağıq?”
   Həmin o şor “problem”lilərə qahmar çıxan “yağ yazar”lar isə, bu kimi ictimai dərdlərimizə yorulmadan qələm çalan bu azman publisistimiz haqda belə-belə şeylər yazırdılar: “Bu “bəy”in yazıları kapitalizm qoxuyur”. Bu əsilzadə bəy də - növbəti daha vacib milli dərdlərimizi çözmək vaxtından kəsib, sovet “abrazavoyskilərinə” bitkin bir əsər ampluasında “ötəri” cavablar verməyə məcbur olurdu: “Pis qoxulardan xilas olmağınız üçün, xahiş edirəm, burnunuzu mənim yazılarıma soxmayasınız”...
   
   Canlı sənət akademiyası
   
   Onun davamçısı olan korifeylərimiz - Qara Qarayev “Üzeyir Hacıbəyov böyük sənət kəhkəşanıdır” deyib, Fikrət Əmirov “Üzeyir bəy bütöv bir xalqdır!” söyləyib.
   Hələ sağlığında da onun haqqında ulu, dolu sözlər deyilib. Cismən yoxluğunda - 65 ildir keçirilən yubiley törənlərində, anım mərasimlərində onun sənətkarlığından, alimliyindən, publisistliyindən, ictimai xadimliyindən nələr yazılmır, nələr danışılmır?! Müasirləri olmuş dünyalarca məşhurlardan hansı biri ona heyranlığını bildirməyib, hansı bəstəkar ondan bəhrələndiyini etiraf etməyib?! Hətta sənətimizin oğrusu olanların nümayəndəsi Aram Xaçaturyan etiraf etmişdir ki; “...mən, hətta, “heç kəsdən heç bir not!” qərarı ilə yazdığım “Spartak” və “Qayane” baletlərimə sonradan qulaq asarkən hiss etdim ki, Üzeyir bəyin ilahi taktlarından qaça bilməmişəm...”
   O, iyirmi iki yaşında yazdığı “Leyli və Məcnun” operası ilə qoca Şərqi misli görünməmiş dərəcədə cavanlaşdırdı. Şahanə “Koroğlu”su ilə - tarixən döyüş meydanlarında qəhrəmanlıq göstərmiş Azərbaycan xalqının sənət qəhrəmanlığını da sübuta yetirdi. Yalnız yaddaşlar ümidinə qalmış mahnılarımızın əbədi not “ədəbiyyatına” köçürülməsinin bünövrəsini qoydu. Hər xanəndənin, çalğıçının, hətta bəzən hallı dinləyicinin məzaq-marağı ilə biri bir neçə saat davam edən muğamlarımıza elmi-metodoloji mizan-düzən verib, bitkin şöbələrə ayırdı. Öz analitik məqalələri, alovlu publisistikası ilə dövri mətbuatda baş alıb gedən sxolastik pafos, yalançı millətçilik, məhəlliçilik tendensiyasına qarşı bir nümunə oldu. Möhtəşəm ariya, romans və digər şedevrlərilə böyük Bülbülləri, Rəşidləri bir boyda dünyəviləşdirdi. Canlı librettolarına yazdığı şanlı musiqi parçaları ilə ölkəmizin adını dünya afişalarına yazdırdı. Bu günlər - yaşının 100-ündə belə - ümumdünya turunda olan “ağsaqqal” “Arşın mal alan”ı ilə analoqu olmayan məhəbbət-izdivac “tacir”i, “Məşədi İbad”ı ilə aşiqlərin “yaş senzi” məcəlləsini yaratdı. Öz ustalıq-ustadlıq şöləsi, təkrarsız imic-aurası ilə - sonralar “dünyanın musiqi fatehlərindən” Qara Qarayev, “Amerika salonunu qocaman Şərq xəyalatına daldıran” Fikrət Əmirov, “barmaqları ilə orkestrlərin başı üzərində şimşəklər çaxan” Niyazi, “SSRİ-nin bütün novatorlarından novator” Tofiq Quliyev, “real məhəbbəti daha heyrətamiz duyğularla əfsanəviləşdirən” Arif Məlikov kimi nəhənglərə müəllimlik etdi.
   Bütün bunlar onun sənət və şəxsiyyət bioqrafiyasının yüzdə biri...
   Bu dahiyanə obrazlar ustadının bütöv obrazını yaratmaq asanmı?
   Bu böyük sənət kavalerimizə bəslənən sevgi Vətən məhəbbətinə alternativ; heç kəsin heç kəsə qısqanmadığı bir sevgi...
   Bunlar onu - sevənlərinin gözləri önündə canlandırmağa və mənim “canlı sənət akademiyası” təşbeh-duamı aminləmələrinə bəs edərmi, etməzmi? Bəsetməzlər üçün bir qədər də - 

   Bəhsetmişlərdən...
   
   Yadıma düşən ilk bəhsçi universitet müəllimimiz rəhmətlik Firudin Hüseynov.
   Bu o dövr idi ki, dahi sənətkarımızın vəfatından hələ iyirmi il ötürdü. Mənim yaşımın, tələbəliyimin, fanatlığımınsa o çağları idi ki, hətta antik ədəbiyyat kitablarında belə “Ü” hərfi görəndə dərhal göz yetirirdim ki, bəlkə söhbət Üzeyir bəydən gedir...
   Hərdən, sözarası, “köhnə” müəllimlərdən də (xüsusilə hər dəfə auditoriyalara - keçəcəyi mövzulara uyğun qiyafədə daxil olan “Antik Əli Sultanov” haqda) danışan Firudin müəllim günlərin birində bizə düz bir qoşa saat bütöv bir sənət, incəsənət həyatı yaşatdı. “Heç hənanın yeridir?!”, “Babalı Sərvərin boynuna”, “Dəyərəm min cavana”, “Tarix-Nadiri yarısınacan oxumuşam”, “Bir abbası da ver” və s. kimi misallar gətirməklə, zaman keçdikcə Üzeyir bəyin əksər kəlamlarının zərb-məsələ çevrilərək konkret situasiyaları ifadə edəcəyindən söhbət açdı. Şərti olaraq “tələbə diapazonu” adlandırdığı o dərsdə o müəllim həndəsə elminin “yatsa yuxusuna da girməyən” bir ədəbiyyat - sənət - publisistika üçbucağı yaratdı, bütün nöqtələri Üzeyir bəydən başlayıb Üzeyir bəydə tamamladı və lap sonda - bax-bax bu an sənət və sənətkar haqda yaratdığı bu şifahi məhəbbət dastanını layiqincə bitirə bilmirmiş (ya bəlkə heç ümumən bitirmək istəmirmiş...) ağrısı ilə dedi: “Üzeyir bəy yaradıcılığı elə bir ümummilli sənət çəmənzarıdır ki, hər qarışında yeni bir çiçəyə, təzə bir gülə rast gəlirsən!..”
   Ötən əsrin yetmişinci illərinin sonunda Qəzənfər Xalıqov imzalı bir müəllif “Qobustan” dərgisində çap etdirdiyi irihəcmli (“Üzeyir dünyası”) məqaləsində yazırdı ki, Üzeyir bəyin vəfat etdiyi günlər İçərişəhərin ahıl qadınları məhəllə-məhəllə yığışaraq dizlərinə döyüb “Oğul vay!” - deyə ağlaşırdılar...
   Belə...
   Ömrünü öz atası, anası, qardaşı, bacısı, balası hesab etdiyi xalqının yolunda gilə-gilə və təkrarsız komediyalarına rəğmən gülə-gülə əritmiş Üzeyir bəyi “yadlar” ağlayıb...
   Bu məqamda sonsuz məhəbbətlər hədəfi olmuş və əbədən olası bu sənət atamızın sonsuzluğu ilə bağlı bir xatirəni də xatırlamaq gərək. Bu minor xatirənin müəllifi başdan-başa major Qara Qarayev! İldırım xarakterli sənətkar o xatirəsini elə kövrək notlarla yazıb ki, oxuyarkən hüzn özü də sənət səviyyəsində təzahür edir. Çox qısa variantda təqdim etməli olduğum o yazıda söylənilir ki, bir gün bu xatirə müəllifi sənət dostlarından biriylə Üzeyir bəyin evinə gedir. Üzeyir bəy evdə yoxmuş, anası isə tez-tez balkona çıxıb: “Ay Tanrı, bu uşaq harda qaldı?!” - deyə təlaş keçirirmiş. Bu ailənin övladı olmadığını yaxşı bilən qonaqlar da ki, öz təəccüb-məətəlliklərində. Nəhayət, gecə yarıya yaxın Üzeyir bəy gəlib çıxır və ana “bu xalqın ən böyüyünün üstünə uşaq kimi acıqlanır”, “a bala, hardasan bu vaxtacan, axşamdan bəri balkona çıxıb ah-vay eləməkdən dilimə pay çıxıb” - deyə danlaqlar edir.
   O vaxt o balkona çıxmaqdan “yorulan” o ana hələ bilmirdi ki, 1948-ci ilin soyuq bir noyabr günü öz sənətkar oğlu ilə vida mərasiminə yığışmış xalqın bir neçə üzvü misli görünməmiş izdiham sıxlığından yana şikəst, o binanın damına çıxmışlardan ikisi isə yıxılıb həlak olacaq...
   Amma o ana bunu bilirdi ki, bu “tifil uşaq” sovet hakimiyyətinin ilk illərində düz üç kərə ölümdən qurtulub. Bunun ikisi “güllələnmə dəftəri”ndəki adı üzərindən Nəriman Nərimanovun karandaşla çəkdiyi “x” işarəsi sayəsində baş tutub.
   O ana bunu da bilirdi ki, oğluna verilmiş xidməti maşın cəza motivi ilə geri alındıqdan sonra Səməd Vurğun öz sürücüsünə tapşırıbmış ki, hər səhər gizlincə Üzeyir bəyi aparıb işə qoyarsan, sonra qayıdıb məni...
   Bunu isə dildən-ağızdan eşidirdi ki, oğlu evdən işə, işdən evə gedərkən Sabir bağındakı skamyalarda əyləşən qocalar belə ayağa qalxıb ona təzim edir, salamlayırlar...
   
   Sənəd-xatirələrdən...
   
   Ordan başlayaq ki, Qori Müəllimlər Seminariyasını məlum qiymətlər və xasiyyətnamə ilə bitirmiş, Şuşa kimi “təbii konservatoriya”da böyüyüb yetişmiş bu gənci nəinki “Allahu-Əkbər”in, hətta insanlığın bitib, erməniliyin başladığı Dağlıq Qarabağın Hadrut adlı ucqarına müəllim göndəribmişlər...
   1937-də Moskvanın “Böyük Teatr”ında “Koroğlu” operasına vurğunluğunu gizlədə bilməyən Stalin əlini onun kürəyinə qoyaraq (bəlkə özü haqda yazılmasına umsunaraq): “Daha bir belə möhtəşəm opera yaza bilərsinizmi?” sualı ilə bəlkə məşhur despot özünü, nəhayət, həqiqətən də əbədiləşdirmək istəyirmiş? Ona və Bülbülə “Moskvada qalıb işləyərsizmi?” sualı ilə isə, bəlkə, onların da axırına çıxmaq fikrini güdürmüş?
   Belə nəhəng həqiqətin axırına çıxa bilmək asanmı?! Yox: -
   
   “18 sentyabr - Milli Musiqi Günü”
   
   Dahimizlə bağlı bu qərarın özü də dahiyanə bir əsər!
   Obrazlılıq xatirinə deyiliş sanılmasın bu, - düşünülüb-verilmişcə anılsın. Axı söz tək elə soy-şəcərəcə yox, həm də böyük milli mədəniyyət bəyimizdən gedir. Hər səhərimizi, hər ümummilli tədbirimizi möhtəşəm “Himn”i ilə açdığımız, əzəmətli “uvertüra”sı ilə rövnəqləndirdiyimiz professional musiqi banimizdən bəhs olunur.
   Və onun böyük ad-sanını, zəngin, universal irsini bütün parametrlərdə dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev, nəhayət, “adi” doğum gününü belə qutlayıb “Milli Musiqi Günü” kimi qərar verməklə, daha bir ümummilli əsər müəllifi oldu...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar