Ədəbi-bədii “özgə”lər yarada-yarada “ÖZ” əbədi realını da yaratmış ədib...
Böyük yazıçıları oxuya-oxuya yalnız yaşca böyüyənlər də olur, ağıl-başca da. Böyümənin “birinci şəkil”liləri ömrü boyu öz çevrələrinə nəql edirlər ki, filan yazıçı filan əsərində bunu yazıb, elənçik deyib, belənçik yaradıb. İkincilər isə əsasən, öz qafalarında nəql-əqlləyirlər və yəqin onların içərisində belə bir qənaətə də gələnlər olur ki, böyük yazıçılar əllərinə qələm alıb HƏYATdan yazmağa başlayanadək həyat özü artıq onların özünü yazmış olur...
Xoşbaxtlıqdan, bu Həyat onu yaman yazıq yazıb o vaxtlar (ilk ifadəni dırnaq işarəsi içərisinə almamağıma yalnız onu yaxşı tanımayanlar, onu yaxşı oxumayanlar təəccüblənib-təəssüflənə bilər). Yəni o, o vaxtlar o əzab-əziyyətləri yaşamasaydı, sonralar biz “İlyas Əfəndiyev feyzi”ni yaşaya bilməzdik. O, 1938-ci ilin yayında “pulsuz-pənəsiz” Bakıya gəlməsəydi, mən 30 il sonra (elə onun gəldiyi qatarla) bu şəhərə düşüb, “28 Aprel” (metro), “Sov.İKP-yə eşq!”, S.M.Kirov (heykəl), Basin (küçə) və s. “adres”lərdən sonra N.Nərimanov (indiki H.Cavid) prospektindəki binalardan birinin kəllayısındakı iri çaplı “SÖYÜDLÜ ARX” reklamından dolayı - bu paytaxtda mənim də bir milli payım olduğunu görməyib, əməlli qəribsəyərdim...
Qaryaginli oğlan...
Füzuli rayonunun əvvəlki adı idi - Qaryagin. Hələ bu işğalçı çar zabitinin adından öncəki adı da öz dilində deyilmiş; Malaqan (Malakan). “Məni Rusiyanın bugünündən çox, sabahı düşündürür” deyən Stolipin məqsədli sürgün etdiyi rusların düşərgələnib ad elədiyi məkanlarımızdan biri.
Elə bu “qaryaginli oğlan”ın nəsil-zat adları, şəcərələri də çox dəyişimlərə məruz qalmışdı. Bir qolu “halal tacirlər”, digəri “üləmalar” olan bu nəsil sovet hakimiyyətinin ilk illərindəncə “kulak”, “qolçomaq”, “vraq naroda” adlandırılmağa, “səs”ləri əlindən alınmağa başlayır. Öz irsi dərrakəsi, fəhm-fərasət, savad və dünyagörüşü hesabına yaxın-uzaq kənd və qəsəbələrdə müəllim işləməyə dəvət alan gənc İlyasın ali təhsil almaq istəyini bir müddət gözündə qoyurlar. O vaxtlar sayı-hesabı bilinməyən həmin “adam”ların bu vaxtlar nə sayğısı var, nə adı. Amma onların içərisində elə birisi də olub ki, o, böyük yazıçının xatirələrindəki kiçicik bir abzasda əbədi yaşayacaq: “Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhət görürəm, nə qədər gec deyil, ərizə verib bir illiyə məzuniyyət götürəsən”.
Mən yazıçının bu xatirə-sətirlərini oxuyarkən, onun əcnəbi sələfi Covanyolinin “Spartak”ındakı ehtimali təsadüflə bağlı şedevr bir mülahizəni xatırladım. Həmin epizodda Romaya iki atlı çapır; biri “Üsyana başlayaq!”, o biri “Hazır olun, üsyana başlayırlar!” xəbərilə. Və... yazıçının həmin tarixi olayla birgə əbədi yaşayası obrazlı mühakiməsi: “Maraqlıdır, bütün dünyanı sarsıdacaq qullar üsyanının taleyi atların qaçışından asılı idi!..”
Bəs İlyas Əfəndiyev fenomeninin taleyi?! Lirik-poetik, sosial-psixoloji nəsrimizin zirvə nümayəndəsi, ayrıca “leksikon teatr-dramaturgiyası” məktəbinin yaradıcısı İlyas Əfəndiyevin taleyi həmin o Məmməd Orucovun “xəlvəti pıçıltısından” asılı deyilmişmi?..
Gəliş...
Onun böyük ədəbiyyata qədəmi ərəfəsində “Böyük Vətən müharibəsi” adlı qan-qadanın gəlişinə hələ bir az qalsa da, “repressiya” namlı şər-xəta artıq xalqın vayına oturmuşdu. Bu, çoxları kimi, yalxı-yavan cavanlıq yaşayan İlyasın da öz uğuruna gedişini yubadırdı. Artıq bu doğal istedadın yaşı iyirmini keçmişdi, lakin: “O illər çox qorxulu bir dövr idi, ən istedadlı, ən məşhur sənətkarların başı üzərini qara buludlar almışdı, heç kəs özündən-sözündən arxayın deyildi. Sabaha sağ çıxıb-çıxmayacağından nigaran qalmış adamlar bir-birindən qorxur, heç kim heç kimə etibar etmirdi”.
Amma İlyas gəlirdi. “Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər, gecə kurslarında dərs də deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı qış gecələrində, hər kəsdən xəbərsiz, hekayələr yazdım. Sonralar “Kənddən məktublar” adı ilə çap olunan həmin hekayələri götürüb, 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
Hələ ali məktəbdən əvvəl Qaryagində coğrafiya müəllimi işləmiş İlyasın Bakıda ali insanlarla tanışlıq, dostluq coğrafiyası inanılmaz həddə genişlənir. Azərbaycan Pedaqoji İnstitutunda tələbə ikən qədəmləri Bəkir Çobanzadə, Əli Sultanlı kimi ünlü elm xadimlərilə qoşa görünür, az keçmiş adı Mehdi Hüseyn, Səməd Vurğun, Adil İsgəndərov, Əbülhəsən çəkili sənətkarlarla birgə çəkilir. Sonuncu ilə bağlı xatirəsini xatırlamaq yerinə düşər, zənnimcə: “...hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə baxaraq soruşdu: - Nəçisən? Nəçi olduğumu dedikdə o: - Əzizim, əzizim, - dedi - coğrafiya müəllimi hara, yazıçılıq hara?.. Mən bu barədə bir söz deməyərək soruşdum: - Hekayələrin cavabını nə vaxt ala bilərəm? - Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq. - Yox, - dedim, - xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. - Rayona nə vaxt qayıdırsan? - On gündən sonra. - Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. Özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. O, mənim əl çəkməyəcəyimi hiss eləyib: - Yaxşı, - dedi, - on gündən sonra mənə dəyərsən. Bəlkə oxuya bildim. On gündən sonra o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: - Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? - Heç birində. - Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı... yaxşıdı. Xoşuma gəldi. Mən sədrimizə də dedim. Gedək, o, səninlə tanış olmaq istəyir... Əbülhəsən məni Əli Məmmədova təqdim edərək dedi: - Hekayələri barədə sizə danışdığım oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan olduğumu və sairə... öyrənib biləndən sonra Əbülhəsəndən soruşdu: - Neçə hekayədi? - Doqquz. - Neçəsini çap etmək mümkündür? - Hamısını - deyə Əbülhəsən qətiyyətlə cavab verdi. - Elə isə göndərin Azərnəşrə, qoy kitab halında çap eləsinlər".
Beləliklə, Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, “Kənddən məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat dünyasına", yazıçılar aləminə çıxmasına səlahiyyət verdi”.
Bəli, o, beləcə-beləcə gəldi. Gücümüzcə gördüyümüz, bildiyimiz, duyduğumuz və hələ görəcəyimiz, biləcəyimiz, duyacağımız qədərincə böyük ədəbiyyatımızın böyük isimlərindən biri olmağa gəldi və -
Əbədi qaldı!
Ədəbiyyatda olmaq nə qədər asan, burada əbədi qalmaq isə nə qədər çətin! Qapısı hamı üçün açıq olan bu təsvir-təsəvvüri cənnətxanada çoxlar yalnız hadisəyə, konfliktə, beyinə işləyir, azlar uca könüllərə, qəlbi qəlblərə. Universitet illərimizdə anadan yetim olan tələbə qızlarımızdan birinin guya “səhvən” işlətdiyi “Öyüdlü arx” ifadəsi qırx ilə yaxındır yadımdan çıxmır. Bir gün o qızın öz taleyilə bağlı bizə danışdığı “uzun sözün qısası” bu idi ki, o ən çox öyüdü məhz həmin “Söyüdlü arx” romanından alıbmış...
Daha neçə-neçə bu sayaq əsərlər: “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”...
Yuxarıda yazıçıların hadisəyə və könülə işləməsi məsələsinin oxunu atdım. Yayı da bu ki, ikincilər səhnəyə və xüsusən ekrana çətin çıxa bilirlər. Hissləri, duyğuları hərəkətə, vizuallığa çevirmək asanmı? Bunu “bizim ayağımız”la ölçmək də düzgün olmazdı. Nədən ki, o sayaq imkanları olan ruslar böyük söz rəssamı A.P.Çexovun nəsri duyğularını ekrana yetərincə çıxara bilmirlər. İlyas Əfəndiyev də bizim təkrarsız söz, duyğu, hiss-həyəcan portretçimiz, tabloçumuz, peyzajçımız! Sözün rəngi, kamerası isə hələ kəşf olunmayıb...
Amma nə xoş ki, onun SÖZü kinoekrandan daha əzəl və özəl sənət meydanına - tamaşaçıya daha yaxın, daha məhrəm bir məkana çıxa bildi. O meydan, o məkan -
Səhnə!
İ.Əfəndiyev qələmi, İ.Əfəndiyev dinamikası böyük həyatın bu kiçicik oxşarına ilk dəfə müştərək müəlliflikdə - dövrün məşhur ədibi Mehdi Hüseynlə birgə çıxdı. “İntizar” adlı o pyes sanki 29 yaşlı İlyasın ADD Teatrına çıxış hiss-həyəcanını, arzu-istəyini də ifadə edirdi. Bu tamaşanın uğuru yeni uğurlara yol açdı. Bir müddət sonra azman sənət-səhnə ustadı Adil İsgəndərov gələcəyin fenomen dramaturqunu Milli Teatra dəvət edir. Bununla da gənc müəllif sonralar adlandırılası “İlyas Əfəndiyev teatrı”na doğru yarım əsrlik bir yol başlayır. “İşıqlı yollar” səhnədən düşməmiş, bu qələmin aşiqlərinin zövqünə “Bahar suları” çilənir. Sonralar daha bir teatr nəhəngilə - Tofiq Kazımovla “sənət bağrı-badaş”ı olan dramaturq səhnə üçün insan qəlbinin fatehi timsalında əsərlər yazır. Onlardan birinin - “Unuda bilmirəm” (1968) tamaşasının on ildə 300 dəfədən çox (əksəri də anşlaqla) oynanılması müəllifin digər əsərləri haqda da az söz demir. Həmin tamaşaların neçə-neçə tamaşaçı nəsli, tamaşaçı ordusu yaratmasına dair yazmaq imkanımız olmasa da, onlardan bir neçəsinin adını sadalamaq mümkün. Yəqin hörmətli oxucularımız da o əsərlərin adlarındakı poetikliyin, emosional ovqatın, duyğusal informativliyin fərqinə varacaqlar: “Mənim günahım”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, Respublika Dövlət Mükafatına layiq görülmüş “Mahnı dağlarda qaldı” və s.
İlyas Əfəndiyev aləmi (və ailəsi) elə bir dünya ki, oraya daxil olmaq asan, oradan çıxmaq çətin. Çünki o bir doyumsuzluq. O, qoynundan çıxdığı elatın xəlqi tərcümeyi-halı, millətin əbədi-bədii əhvalı və nəhayət, Xalq yazıçısı oldu.
O elə yazıb-yaratdı ki, ümummilli lider Heydər Əliyev ona göndərdiyi təbrik məktubunda belə yazdi: “Sizi - Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz.
Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir... Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”.
Tahir Əhmədalılar