Vətənimizi bölmüş bu xəzəl müqavilə ilə bu gözəl adın birliyi təsadüfmü?..

Tarixçilər həsəd aparılası adamlardır; ölkənin, xalqın, tayfaların, ayrı-ayrı şəxsiyyət və şəxslərin başına gələn qəza-qədərləri, dərd-ələmi buz kimi qələmlə yaza, ağızda qurumayan dillə danışa, sinədə alışıb-yanmayan ürəklə daşıya bilirlər. Məsələn: “1813-cü il oktyabrın 12-də imzalanan “Gülüstan sülh müqaviləsi” Azərbaycanın ikiyə bölünməsinə gətirib çıxardı”.
Necə də sa-kit, hiss-hə-yə-can-sız...


...Elə bəzi ədəbiyyatçılar da bu qəbil həsədə hədəf ola bilirlər. Böyük ədibimiz Abbasqulu ağa Bakıxanov öz “Gülüstani-İrəm”ində həmin fəci tale halımızı, acı alın yazımızı belə xatırlayır: “Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin”.
Təxminən əsr yarım sonra - köhnə bölücümüzün yeni davamçıları dövründə - ədiblərimizdən birinin yazdığı qorxulu bir poemadan parçaları isə bu yazının axırına saxlayaq. Hələlik 200 illiyi tamam olan (başqa sözlə, milli tifaqımızın dağılma bünövrəsini qoyan) o müqavilə dövrünün yığcam tarixi panoramı.
Tarixi Azərbaycan ərazisini Rusiya ilə İran arasında bölən bu müqavilə öz mətn (və bətn) mahiyyətini bir il əvvəlki bir müqavilədən götürüb bəhrələnirdi. Belə ki, Osmanlı imperiyası ilə çar Rusiyasının bağladığı Buxarest müqaviləsində birinci ikincinin Qafqazı işğalını tanıyır və bu torpaqlara iddiasından əl çəkir. İmkan sarıdan olmasa da, iştah sarıdan həmin imperiyalara ortaq olan İranın da vəziyyəti qolay deyildi; Napoleonun “kafər qonşu”ya məlum hücumundan sevincəyə düşüb, faydalanmağa çalışan İran vəlihədi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqları üstünə hücum etsə də, çar generalının (P.Kotlyarevskinin) işğalçı döyüşçüləri qarşısında duruş gətirə bilmir və bölgədə hərbi-siyasi üstünlüyünə birdəfəlik xitam verib, geri qayıdır. Bu vəziyyət İranı başqa bir varianta - “ziyanın yarısından qayıtmağa” sövq edir. Belə ki, zəmanənin “siyasi ağsaqqalı”nın - İngiltərənin təkidli təklifi nəticəsində Rusiya ilə sülh müqaviləsi imzalamaq qərarına gəlir və... həmin o məlum ilin bəlli ayının bizimçün bəlalı günündə həmin bu adı Gülüstan, dadı milli zimistan müqavilə bağlanır...
Görəsən, - 200 il bundan əqdəm - o müqavilə bağlanan an o tay-bu taylılarımızdan heç olmaya 200 (lap olsun 2000) adam fərqindəymişmi ki, həmin gün bizim bir çox büyüklüklərimizin, ən əsası - vahid dövlət içrə millət böyüklüyümüzün də -

“Kitabı bağlandı”?!.

Deyim ki, “ən əsas” məsələmizin kitabı haçansa açılacaq. Zaman-zaman bir neçə yağı-yaman ölkələr tərəfindən kilkə-kilkə zəbt olunmuş yer-yurdlarımız, onların törətdikləri maneələr hesabına sarsılmış, qınında boğulmuş, mental qanun halından deformasiya edilmiş mənəvi böyüklüklərimiz isə, ya qismət...
O vaxt bağlanmış bu “kitab”ın səhifələri nələri gizlətdi sonrakı nəsillərdən? O “kitab” iyirmi-otuz il öncələrədək arxivlərətrafı nəsillərdən, əhalidən gizlətmişdi ki, bizim 410 min kvadratkilometrlik ərazimiz varmış. Sonralar şairlərimizə “Yox millətimin imzası imzalar içində...”, “İki bölünməkdən elə qorxmuşam, - Çöpü də ikiyə bölmərəm daha” yazdıran, müğənnilərimizə “Dərbənd aralı, könlüm yaralı” oxudan o müqavilədə Azərbaycan adı yerli-dibli çəkilməyibmiş. On bir maddədən ibarət o bölücü, ayır-buyurucu sənəddə iki istilaçı bundan sonra “əbədi dostluq şəraitində yaşamaq” əhd-peymanı bağlayıbmış. Bu “peyman”a görə, əhd-əqdçilərin birinə 280 min, digərinə 130 min kvadrat kilometrlik torpağımız düşübmüş. 1918-ci ildə sovet Rusiyasının təzyiqlərilə ermənilərə verilmiş İrəvan xanlığı 9 min kv.km., Rusiya əsarətinə keçən Dərbənd xanlığı 7 min kv.km., sonralar Ermənistan və Gürcüstan SSR-lərə 27,4 kv.km. peşkəş edilməklə 86,6 kv.km. torpağımız qalıbmış. Bu nağıl “mış”-“muş”larından sonra isə bugünkü real torpaq faizimiz...
O vaxt bağlanmış kitabımızı açdıqca, oxuduqca belə-belə faktlar çıxdı ortaya. Elə faktlar ki, bunların adicə mütaliəsi belə, yəqin bir çox oxucumuza çətinlik törədəcək. Amma nə qədər səbrü-qərar çətinliyi olsa da, istərdim, həmin müqavilənin ikinci maddəsini (bununla da, bizi bölüşdürənlərin səbrini, özgə torpaqlarının, yer-yurdlarının qəliz-qəliz toponimlərini araşdırıb-öyrənmə dəqiqliklərini) diqqətinizə çatdırım: “Bir halda ki, hər iki yüksək dövlət arasında ilkin əlaqələr vasitəsilə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülən "status quo ad praesens", yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması özülündə sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda bu gündən və gələcəkdən bütün Rusiya imperiyası və İran dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzündən Araz çayında Yeddibulaq keçidinədək, oradan üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə, oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının sərhədləri ilə davam etdirərək, Alagöz dağları silsiləsilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol (Gəncə) dairəsinin bir hissəsinin sərhədləri birləşən Dərələyəz sərhədinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarını ayıran sərhədlə Eşşəkmeydan sərhədinə, oradan da dağlar silsiləsilə, çayın sağ tərəfilə, onun arxa yönündə, Həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şurakel sərhədinin küncünədək, bu küncdən də qarlı Alagöz dağının başınadək, buradan da Şurakel sərhədi, dağlar silsiləsi ilə, Mastaras və Artkin arasıyla Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan hüdudları daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş komissarlar tərəfindən, bu müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda "status quo ad praesens" əsasında Talış xanlığının sərhəd xətti ilə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki ali dövlətin komissarlarının təhlilindən sonra hər bir tərəf "status quo ad praesens" əsasında təminat verəcək”.

Nə qaldı?..

410 kv.km.-dan bizə qalan 86 kv.km. öz yerində, burada yazılması çox vacib olan məsələləri deyirəm. Həmin məsələlərsə o qədər çox, oxəntərə qəliz ki...
“Nə qaldı”nı “nə etməli” ilə davam etdirməli olsaq; hamılıqla həmfikir olub, daha mütəşəkkil toparlanmalı, ən son işğal subyektimizə yiyələnib, üzü gerikilərin əldə edilməsi uğrunda üzü (və sözü) irəliyə doğru irəliləməli!..
Hə, bir də qalıb bu yazının əvvəlində vəd etdiyim növbəti ədəbiyyatçı baxışı - A.Bakıxanovdan çox sonrakı şairlərimizdən birinin - Bəxtiyar Vahabzadənin 54 il bundan irəli yazdığı “qorxulu poema”sından - “Gülüstan”dan ixtisarla verəcəyim bir neçə bənd:

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Atıb imzasını hər kəs varağa,
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Dayanıb Arazın bu tayında mən
"Can, qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

“Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı"...


Bu müqavilə haqda nə yazılıb, nə yazılır, nə yazılacaqsa da “nə qaldı” sualı öz aktuallığını saxlayıb, saxlayır, saxlayacaq...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar