Dramaturqu da, rejissoru da, aktyor və ilk tamaşaçısı da Vaqif İbrahimoğlu özü...
Adı əbədiyyətə qovuşmuş məşhur Vaqiflərimizdən hələlik sonuncusu. Rəngarəng mədəniyyət-sənət ailəmizin eyniadlı üç oğlundan biri. Böyüyü Molla Pənah, ortancılı Mustafazadə, sonbeşiyi - haman bu “ömür rolu”nun müəllifi - İbrahimoğlu. İlki “xumar-xumar baxmaq”, “lalə tək qızarmaq” kimi anatomik-poetik subyektləri kəşf edən, ikincisi “muğam-caz”ı ilə ürəkləri “cızz”layan, bu yazının baisisə gah sevimli, gah bezimli dünyanı, eyzən yuxarılıq istəsə də, bəzən aşağılıq olan el-çöl Həyatı Yerdən bir qurşaq yuxarı səhnəyə qaldırıb mizan-mizan, düzən-düzən yozan...
Onun gözü işıqlı dünyaya açılanda dörd il əvvəl bitmiş müharibə “tamaşa”sının qara pərdəsi hələ tam salınmamışdı. Hələ “SSRİ” adlı böyük siyasi teatrın hər gün-günaşırı bər-bəzəkli tamaşalar hazırlayıb sürəkli alqışlar qoparan baş rejissorunun - İosif Vissarianoviç Stalinin ölümünə də dörd il qalırdı. O rejim-teatrın bütün məkanlarında olduğu kimi, Vaqifin doğulduğu Mərdəkan qəsəbəsində də siyasət baş qəhrəman, cəmiyyət isə personaj imiş. Az-çox seçilənlər ya ideoloji, ya fizioloji surətdə biçilirmiş. “Qızıl Meydan”a, “Stalin ata”ya and içilirmiş. Aclıqdan, əzab-əziyyətdən, repressiyadan qurtulanlar formaca böyüsələr də, məzmun-mahiyyətcə kiçilirmiş. Və... deməyə qıymasam da, bütün bunları, onları, o biriləri - hər cür siyasi səhnələri makro-SSRİ məkanının mikro-Mərdəkanında görüb, iyirmi-otuz yaşından etibarən sənət səhnəsinə çıxarmağa başlamış Vaqif İbrahimoğlu da onlardan biriymiş...
O dövr...
Təkcə o dövr yox, qəhrəmanımızın özü də başqa titulla - soy adıyla tanınırmış. Hələ o sadəcə Vaqif Həsənov imiş. Amma hər vaxt, hər yerdə - sonralar “fenomenal-teatral Vaqif İbrahimoğlu” adına doğru yürüyürmüş. Şagirdliyində, abituriyentliyində, tələbəliyində, sıravi aktyorluğunda da seçilir, canında-qanında od gəzdirirmiş. 1967-ci ildə qəbul olunduğu Azərbaycan Dövlət Teatr İnstitutuna (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) hər gün bir qiyafədə, hər kurs bir imicdə gəlib-gedərmiş. Bəzi müəllimləri və diləzbər tələbələri elə yamsılayarmış ki, “real dublyor” deyə çağıranlar da olurmuş onu. Tələbə dostlarından müəllim kimi, müəllimlərindən dostu kimi baxanlar da varmış ona. Zarafatları, ekspromt atmacaları, yumoristik şəbihləri “xüsusi kurs” timsalında qəbul edilirmiş. Amma sən demə bütün bu mozaik keyfiyyətlər, aşkar illüstrativ keyfiyyətlərlə bahəm, onun içində çox ciddi, çox dramatik bir “gizli” obraz - Vaqif İbrahimoğlu personası da yetişirmiş. Həyatın hər cür səfsəfələri bu gəncin daxilində səhnə fəlsəfəsinə çevrilmə prosesi keçirir, onu Əməkdar incəsənət xadimi, Xalq artisti, professor adlarına, “Zirvə”, “Qızıl dərviş”, “Humay” mükafatlarına hazırlayırmış.
İnstitutu bitirdikdən (1972) sonra Vaqif Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayır. Onun “ömür rolu”nun bu qolu üçcə il çəkir və qaynar təb, oynar təbiət, dadlı-duzlu istedad, tükənməz enerji öz işini görür: gənc Vaqif Azərbaycan Teatr Cəmiyyəti nəzdindəki eksperimental teatr studiyasına bədii rəhbər təyin edilir. Daha üç il ötcək Tədris Teatrında bədii rəhbər olur və 1982-ci ilədək gördüyü işləri, həyata keçirdiyi sənət-təşkilat görəvlərilə “Bədii rəhbər”liyin nələri, nəçiliyi ehtiva etdiyinin, nələrə qadirliyinin ən maksimal nümunəsini yaradır. Otuz üç yaşından isə (1982-1989) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor!..
Yuxarıda adları çəkilən teatrların “doğma Vaqifi”nin bir neçə “yad” səhnələrdə - Azərbaycan Akademik Milli Dram Teatrında, Türkiyə (Ankara, Bursa), Estoniya (Uqala) və başqa ölkələrin teatrlarında qoyduğu tamaşalar buraların və oraların o vaxtlarkı ən gənc tamaşaçıları qədər yaşayacağını nəzərə alsaq, bu qeyri-adi səhnə azmanının, bütün varlığıyla yeni rejissorun dünyadəyişiminə yönəlik tez-tez və yanğılarla işlədilən “vaxtsız ölüm”, “amansız əcəl” kəlmələri öz zalım sədalarıyca ədalanmaz...
Ömürcə bir az “alayarımçıq”, sənət-fəaliyyətcə isə bəlkə də tam “kam alımcıq” olmuş bu bütöv, fenomenal teatral sənətkarın çox ora-bura dəyiş-gəzişmələri, fraqmental sənət-məkan dəmləri olub. Onlardan biri isə əməlli-başlı bir dövran, şəxsi bir məlum-məşhurluq erası -
“Yuğ” çağı...
Bunu tək elə Vaqif İbrahimoğlunun yox, həm də bütövlükdə Azərbaycan teatr aləminin təntənə çağı kimi sayğılamaq, əlahiddə səhnə Zamanı tutumunda qutlamaq gərək!
O, çalışdığı bir çox teatrlarda onlarla, öz “Yuğ”unda isə 100-dək tamaşa qoydu səhnəyə. Təbii ki, tamaşaçılar arasında onların hamısına baxmış birisi tapılmaz. Amma həm də heç kəs deyə bilməz ki, Vaqif İbrahimoğlunun hansısa bir tamaşası zəif olub. O tamaşaların adları, sayları çox, orijinal quruluş-qoyuluş sanbalları haqda deyiləsi sözlər isə onlardan da çox. Bəs bu təkrarsız zövq, qədərsiz yenilik, savad, bilik, sevimlilik sahibinin qədim uyğulu, müasir duyğulu “Yuğ”unu, həzin-hüznlü yoxluğunu bu yığcam yazıda necə verməli?..
Yeganə yol onun son “teatr”ını - dəfn mərasimini xatırlamaq, sənət yoldaşlarının yanğı dolu “monoloq”larını xatırlatmaqdan keçir. Həmin günədək həmin o səhnədə, o səhnə arxasında çox yaradıcılıq tufanları qoparmış Vaqif o anlarda öz susumu ilə hamını ağladır, özü kimi məşhurları isə həm də məlul-məyus hal-əhvalda danışdırırdı.
Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov deyirdi: “Mən hələ də anlamaq, hələ də inanmaq istəmirəm ki, bu qeyri-adi dostumuzu, qeyri-adi bir teatr yaratmış qeyri-adi Vaqif İbrahimoğlunu itirmişik... Bəlkə Vaqif indi sonuncu məşqində, sonuncu dərsindədir?..”
Sənətşünaslıq doktoru Məryəm Əlizadə: “Vaqif heç zaman tək olmayıb, bu günsə onun ətrafına daha çox insan toplaşıb. Amma həmişə güldürən, düşündürən bu dostumuz, mənim əziz tələbə yoldaşım bu gün bizi niyə belə sarsıdır, niyə belə ağladır?..”
Xalq yazıçısı Anarın çox qısa çıxışının son sözünü xatırlayıram: “Vaqifdən daha olmayacaq...”
Xalq artisti Fəxrəddin Manafov da çox qısa danışdı, amma mənası çox geniş oldu: “...Mənim çox kitablarım var və onlardan biri canlı idi, əyani idi! Bu gün mən onu itirdim...”
Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov: “Hələ “Yuğ” Teatrı yaranmamışdan əvvəl Vaqif mənə “yuğ” estetikası, teatral-xəlqi “yuğ” aləmi, qədimlərdə türkdilli xalqlarda bu səpkili mərasimlərin çox keçirilməsi haqda danışardı və nəhayət, o, bunun qeyri-adi səhnə variantını yaratdı. Bu an burada elə bir mərasim yaratmağa bizim gücümüz yetmir, ancaq Vaqif bunu bacarardı. “Yuğ” Teatrı barədə belə bir deyim də var: “Adam burada məbəddəymiş kimi içinə çəkilib tənhalaşır, sükuta və Tanrıya qovuşur”. Deməli, Vaqif İbrahimoğlu uzun illərmiş ki, Tanrıya doğru yol gedirmiş...”
Düz sözdür; o, öz “ömür yolu” ilə Tanrıya doğru yol başladı və mənzilinə yetişdi. Allah rəhmət eləsin...
Tahir Əhmədalılar