Bu, sözgəlişi deyim deyil, “Bu get-gəllər dünyası”nın əbədi qalmışına könül səslənişi...

Bir oğul doğuldu - 80 il öncə. Ağlı kəsən gündən əlinə “çörək ağacı” əvəzi milli-mənəvi gərək qələməsi götürüb, gəldi yazıb-yaratmağa. Ömrün axırlarına yaxın da yazdı ki; “...haqqın var yaşamağa”.
Bir şair vardı - kainat duyğularına, dünya başına dardı. Ömrü boyu tufan əydi, su yardı. Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi...

O, bu karandaşla bir xətt çəkdi - “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” patriot-portreti yaratdı. Can kətanına iki cızıq atdı - “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı. Üçüncü çaba-çəkimində - “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən...” peyzaj-triptixi boy atdı...
Ataların “say cızığı”ndan - “üç”dən çıxmamaq üçün üslub havasını dəyişmək gərək. Dəyişib çıxmasam, bu ümumədəb ədibinin, ümummilli söz ozanının, büsbütün ata salğarlı, ana dilli karandaş yiyəsinin ümummüsəlman, ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdir yazanım!” dedirdilən çağlarda “Azərbaycan!” deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər” söyləyirdi. “İti bazarında atından baha - Mən belə dünyanın nəyindən küsüm?!” hayqırırdı. “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” rəsmləyirdi.
O karandaşın yaratdığı yüzlərlə major “tablo”dan bir minorlusu:

Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər...
Bu axşam... Özümdə yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş başam...

“Tragizm”? Yox, məntiqi bir sillagizm! Guya, heç nə yaza bilmədiyinə acıyıb, ilham pərisini imdada çağıran şair bunun səbəbini bir alimə (Xudu Məmmədova) ithaf etdiyi beşxətli tabloda dahiyanə rəsmləyib:

Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içiboş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək -
Sən kimə gərəksən, mən kimə gərək?..

İndilər ürəyimizə batman-batman fəxarətlər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları elələrinin çiyinlərində, ürəklərində dövr-qövr edirdi. Dillərdə bu alovlu şairin “Gözünü sıx, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”ları dolaşırdı, məclis-mərəkələrdə o alim-ziyalının “Adətən ev-eşikdə nə çatmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər; bir gün oğlum mənə qayıtdı ki, ata, mənə Vətən al...” kimi xısıntı postulatları gəzirdi...
Hərdən mənə elə gəlir ki, 1933-cü il 14 oktyabr doğumlu Məmməd Araz bizim eradan əvvəl və ya ən azı, orta əsrlərdə doğulub. “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqları, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!” kimi xitablar edən Məmməd Araz!
Bəs, sizə necə gəlir, əziz oxucular? Aranızda mənim kimi təəccüblənənləriniz də varmı ki, bu böyüklükdə fikir, düşüncə, hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurda, müəllim işlədiyi vaxtlar o kəndin bapbalaca sinif otaqlarına necə sığıb? Belə bir təəssüf dolu “dosye”dən xəbərdar olanınız da varmı ki, “Stalinin Mikoyanı”nın Moskva ərköyünlü oğlu “...o, “gəncləri Nərimanovlaşdırmaq” ideyası ilə yaşayır” damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə bu cavan şairi illər xəstəsi etdi. Sonralar onun müayinə və müalicəsinə Heydər Əliyev nə qədər diqqət, necə qayğılar göstərdi. Fərqindəsizmi, ömrü uzunu öz əsgər-misraları ilə azadlıq mücadiləmiz üçün ərəfə ordusu yaradanlarımızdan biri olmuş bu şairin gözləri ümummilli liderlə son görüşü zamanı necə parlayırdı! Həmin görüşdə dahi siyasətçinin necə poetikləşdiyini, dahi lirikinsə necə sənətkaranə sərkərdələşdiyini sezdinizmi?..
Onun Xalq şairi, “Hacı Zeynalabdin Tağıyev adına milli mükafat” laureatı, “İstiqlal” ordeni təltifatları da əsl millilik mahiyyəti daşımırmı? Adına təsis edilmiş “Məmməd Araz” mükafatı isə əsrlər uzunu yeni-yeni yaradıcı isimləri şərəfləndirəcək.
Bayaqdan bəri - onun yuxarıda misal gətirdiyim misralarından biri ilə əlaqədar - nəm çəkirəm. “Nə qədər ki, öz əlimdir yazanım” misrasını deyirəm. Yəni indi mənim də yazanım öz əlimdir, amma çox duyğunu hamıdan öncə, hər kəsdən incə duymuş, saymaqda mahir fələyin hesabından yayınanları da öz fəhmi ilə xalqın poetik zövq bankına saymış Məmməd Araz misralarının iştirakı olmadan yaza bilmirəm...

“Dünya...

...mənim, dünya sənin, dünya heç kimin”. Düzdür, dünya heç kimin. Amma ki... sən dünyanın - Məmməd Araz! Hər şeyi duya-duya, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan “Bu da belə bir ömürdü - yaşadım...” deyə, bu dünyasına “xitam” verib, bütün gələcəklərə addımlayan Məmməd Araz!..
Ümummilli könlümüzdə vahid, hər könüldə ayrıca-alayıca - mənim, sənin, onun Məmməd Arazı...

“O zamanmı bitdi bizim dilimizin
“sənin”-“mənim” qabarı da,
O zamanmı bitdi bizim dilimizin
“haralısan” damarı da?!”

Bəli, bu qədər bütöv Azərbaycançı, din-imançı, türk-turançı misralar müəllifini “mənim”-“sənin”səmək hər şeydən agah və arif olmayanlar yanında şərhə-bəyana gəlməsə də, hər kəsin ayrıca bir Məmməd Arazı var...

Mənim Məmməd Arazım...

Mən onu 60-cı illərin sonlarında - doğulduğum Arazboyu rayonda bünövrəsi yenicə qoyulan “Arazstroy” tikintisi ərəfəsində oxuduğum “Araz axır” kitabından tanımağa başlamışam. Ötən əsrin iyirminci illərində bolşevik-sovet qəddarlığından qaçaq düşüb Arazın o tayına keçənlərini ağlayan, həmin tikinti ilə ilgili Araz çayı üstdə bərq vuran Sovet-İran işıqlarına baxıb ümidlənən nənələrimizə o kitabdan oxuyanda ki;

“İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqlar...
İşıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək, dəvə qardaş,
yükünü çək...” -

o qarıların yanaqlarından ata, qardaş, ər, oğul nisgilli göz yaşları süzülürdü...
Bir müddət keçmiş hamımızın payı olan paytaxtımıza gəldim, sözünə çoxdan bələd və vurğun olduğum bu şairin özüylə də tanış oldum.
Bir tələbə dostumla bir neçə il hər Novruz bayramında onu ziyarətə gedər, şeirlərilə nəfəs aldığımızı bildirər, haqq-halal təriflərlə öyər, titrəyən əllərinə, “aran-dağ” düşüncələrinə, milli azadlıq arzu-istəklərinə sığal çəkməyə çalışardıq. Bu gedişlərimizin birində soruşdum ki, niyə “Yer üzünün Qarabağ düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara verib? Bizə bir dəftərçə göstərib: “Bu səpkidə əlli mövzu gözaltılamışdım... - dedi və qırıq-qırıq əlavə etdi: - ...amma, heyf, bu “ali” xəstəlik...” Dedim, Məmməd müəllim, nə etməli, görünür, “ali” xəstəliklər də özünə ali canlar arzulayır... Ki, onlardan “heyf, ey eyş-işrətli dövranlarım!” kimi sızıltılar əvəzinə, “heyf, ey yazmadığım mövzular!” sayaq qızıltılar eşitsin...

Sənin Məmməd Arazın...

Bu “sən” ki var, o qədərsən ki! Minlərlə, milyonlarlasan... İndi mən hansınıza dilmanclıq edim? Qoy sənin Məmməd Arazından bəhs edim, rəhmətlik Mirzə Dəmirli! Bir gün, “dahi”liyi yalnız “böyük qardaş”larımız arasında axtaran bir neçə tələbə yoldaşımıza dediyim bir fikri əlçalma ilə dəstəkləyən qubalı Mirzə! O fikir isə bu: “Yadda saxlayın, indi bizim yanımızdan otuz beş yaşlı bir dahi ötüb-keçdi...” Hələ onun “Məndən ötdü, qardaşıma dəydi...” şeiri “Azərbaycan” jurnalında çap olunan günün sabahısı şadlığından yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan tələbələri başına yığdın. O şeiri xüsusi bir məhəbbət və bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik “qərar”-möhürlə birləşdiyini söylədin. Sonra əslən o taylı tələbə yoldaşımız Rəhim Huşiməndinin “Mirzə, əgər Azərbaycan reallıqda da birləşsə, neylərsən” sualını nağıllardakı (su verməsi üçün hər dəfə bir gözəl istəyən) əjdaha epizodu ilə cavablandırdın. “Özümü o əjdahanın bir günlük övnəsi kimi - Araza atıb qurban gedərəm!” - dedin.

Onun Məmməd Arazı...

“O” da çoxdu, sevənləri sayagəlməz Məmməd Araz! Sənin 25 kitabının 5 min 5 yüz səhifəsindəki hərf-işarələrdən də çox. Onların yolu dağa-daşa düşəndə çox vədə sənin dilinlə danışırlar: “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, sıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat...” deyirlər. Elə ki bir kədər üz verdi, bəzən elə sənin kimi: “Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər; Bu axşam sahibi ölmüş bir tacam, Kimsə istəməyən bir ehtiyacam” - duyğularıyla azaylanırlar...

...Və bütöv Vətən Məmməd Arazı!

Azərbaycan - mayası nur,
qayəsi nur ki,
Hər daşından alov dilli
ox ola bilər.
“Azərbaycan!” - deyiləndə
ayağa dur ki -
Ana yurdun ürəyinə
toxuna bilər...

Salamat yat, salamat...

Bu dünyandan arxayın ol, o dünyandan muğayat...
Bu sözlərim çox yava-havalı səslənir, şair, - özüm də bunun fərqində! Lap sənin “qədim tarix dərəsində”kilərə (“məndən ötdü” demişlərimizə) hayqırdığın “Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram!” hökmünə bənzəyir. Obrazlarına bənzər söz demək isə çox çətin! Məsələn; “Nazim qırx il, qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan şairə nə çatdı? - Bir ovuc torpaq! O da ki, qəbrinə qismət oldu! Eşidirsənmi, Anadolu? Qəbrinə qismət oldu...”
... Bu “qəbir” sözü yazımı nöqtələməyə qüvvət kimi gəldi, deyəsən. Əlimdəki “yarım şahılıq” bu qələm doqquz il öncəyədək dövrümüzün “canlı poetik fikir şahı”nın uyuduğu Fəxri xiyabana doğru xəyallandırır məni. Özü də “Sıx gözünü, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır” misralarının sarbanlığı ilə. Orada isə kağız-qələmlik bir iş yox. Orada söz gözündür. Göz və... lap axırıncı misranın ilk ifadəsini müasirlərinin ustalıq-ustadlıqla dəyişib, sinədaşı üstünə yazdırdıqları bir söz: “Bu daş altda Məmməd Araz yaşayır...”
Yəni, başlıqda “Bir şair vardı” yazmağıma bənd olmamalı; bu şair var və həmkar sələfi - nakam Mikayıl Müşfiq demişkən, “kainat olduqca” olacaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar