Musiqi mədəniyyəti tariximizdə elə sənətkarlar olub ki, onların fəaliyyəti ictimaiyyətin diqqətini çəkib, dövrün görkəmli şəxsiyyətləri tərəfindən yüksək qiymətləndirilib. Belə musiqiçilərdən biri də tarzən, pedaqoq, muğamlarımızın mahir bilicisi, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Mənsurov olub.

Mənsur Məşədi Məlik oğlu Mənsurov 1887-ci ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından mühitə gözüaçıq münasibəti valideynlərində rəğbət oyadıb. Məşədi Məlik oğlunun gələcəkdə qoçaq bir gənc olacağına inanıb. Bu ümidlə onu oxutmaq qərarına gəlib. Beləliklə, Mənsuru on bir yaşında ikən mədrəsəyə qoyub. Burada o, fars dilini mükəmməl öyrənir. Lakin kiçik yaşlarından musiqi Mənsurun qəlbini sehrləyir. Bir gün dərs zamanı Mənsur taxta parçasını tar kimi sinəsində tutub, “Uzundərə” havasını zümzümə edir. Bunu görən molla onun ayaqlarını falaqqaya salaraq cəzalandırır. Bu hadisədən sonra Mənsur mədrəsədən qaçır və bir daha oraya qayıtmır.
Həmin vaxtdan Mənsur taleyini əbədi olaraq musiqiyə bağlayır. Əlbəttə, bu da təsadüfi olmayıb. Çünki Məşədi Məlikin ailəsi musiqi aləmi ilə sıx bağlı idi. Mənsur hələ kiçik yaşlarından atasının tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleymanın tar, anası Soltan Bəyimin isə saz çaldığının şahidi olurdu. Belə bir mühitdə böyüyən Mənsurun musiqiyə qəlbən bağlanması təbii idi. Tarzən Mirzə Mənsur xatirələrində ötən uşaqlıq illərini xatırlarkən yazıb: “Mənim on beş yaşım olanda atam mənə bir qoltuq sazı aldı. Çox keçmədi öz-özümə saz çalmağı öyrəndim. Hərdən qardaşım Süleymanın tarını da götürüb oyun havalarını çalardım. Atam musiqişünas olmaqla bərabər, həm də çox qonaqpərəst idi. İrandan, Qarabağdan və başqa yerlərdən Bakıya gələn musiqiçilər bizim evə düşərdilər. Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi Bülbülcan kimi məşhur sənətkarlar Bakıya toy məclislərinə dəvət olunanda həftələrlə atamın qonağı olardılar. Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Mirzə Fərəc və başqaları da tez-tez gələr, çalıb-çağırardılar... Hələ uşaq yaşlarımdan bu görkəmli sənətkarların çalıb-oxumağını acgözlüklə dinlərdim. Bu mühit getdikcə məndə musiqiyə dərin maraq yaratdı. İlk tar müəllimim Mirzə Fərəc oldu. O, mənə tar çalmağı öyrətməklə bərabər, həm də muğamların adları, onların mənası, hissə və şöbələri haqqında maraqlı bilgilər verərdi... Beləliklə, mən 20-25 yaşımda kamil bir tarzən kimi tanış-qohum məclislərinə dəvət olunurdum”.
El məclislərində şöhrət qazanan tarzən 1923-cü ildən dahi bəstəkar Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi deyir. 1926-cı ildə musiqi məktəbi konservatoriya ilə birləşdirilir. Bundan sonra Mirzə Mənsur konservatoriyaya dəvət edilir. Burada 1946-cı ilədək müəllimlik edir. İstedadlı tar müəllimi kimi konservatoriyada Üzeyir Hacıbəylinin ən yaxın köməkçisi olur, musiqi kadrlarının hazırlanması işində ona yaxından köməklik göstərir. Qayğıkeş bir müəllim, bacarıqlı tar ustası kimi də məşhurlaşır.
O həm də yaradıcı təfəkkürlü musiqiçi kimi tarın quruluşunda (pərdələrin qoşulmasında, tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi dəyişiklik edib. Hətta yeni quruluşda bir tar da hazırlayıb. Onun 1934-cü ildə yeni formada hazırladığı iki tardan biri Parisdə, digəri isə İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilir.
Üzeyir Hacıbəylinin 1934-cü ildə Mirzə Mənsura verdiyi xasiyyətnamə onun pedaqoq və musiqiçi kimi fəaliyyəti haqqında aydın təsəvvür yaradır. Böyük bəstəkar həmin xasiyyətnamədə yazır: “Bununla mən təsdiq edirəm ki, Mənsur Mənsurov 1926-cı ildən indiyə kimi Azərbaycan Dövlət Konservatoriyasında tar müəllimi vəzifəsində çalışır. Bu dövr ərzində yoldaş Mənsurov bir tar müəllimi kimi özünü ən işgüzar və ən yüksək ixtisas sahibi kimi göstərib. Bundan əlavə, o, tələbələr tərəfindən muğamların bədii cəhətdən düzgün çalınmasına, kamil öyrənilməsinə böyük əmək sərf edib. Yoldaş Mənsurov eyni zamanda xalq çalğı alətləri üçün proqram tərtib edilməsində, tarın və başqa alətlərin yenidən qurulmasında, onların gözəl səslənməsi tədbirlərində fəal iştirak etmişdir. O, bütün müəllimlik fəaliyyəti illərində özünü fəal və hörmətli bir pedaqoq kimi göstərmişdir”.
Sənətkarın pedaqoji fəaliyyəti və incəsənət sahəsində xidmətləri yüksək qiymətləndirilir, 1940-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilir.
Mirzə Mənsur Azərbaycanda bir çox istedadlı musiqiçilər nəsli yetişdirib. Bu sırada Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mənsurov (Mirzə Mənsurun oğlu), Rəşid Əfəndiyev və başqalarının adını çəkmək olar.
İstedadlı tarzənin musiqi ifaçılığı, pedaqoqluğu ilə yanaşı, həm də özünəməxsus poetik təbi olub. Qələmə aldığı bir çox qəzəl və qoşmaları ideya-sənətkarlıq cəhətdən mükəmməl bədii nümunələrdir.
Mirzə Mənsur gənclik illərində olduğu kimi, ömrünün ixtiyar çağlarında da “Rast”, “Bayatı-İsfahan” muğamlarını özünəməxsus ustalıqla ifa edib. O, “Mahur-hindi” muğamını ifa edəndə hamıya elə gəlirmiş ki, tarı 30-35 yaşlı bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın singənə simlərində Sadıqcanın mizrablarını vuranda dinləyiciləri məftun edirmiş.
Ömrünün 60 ilini sənətə və müəllimliyə həsr edən Mirzə Mənsur 1967-ci ildə, 80 yaşında Bakıda vəfat edib, böyük hörmət və ehtiramla dəfn olunub.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar