XIX yüzillikdə Azərbaycanda bir sıra ədəbi məclislər fəaliyyət göstərib. Qubada A.Bakıxanovun rəhbərliyi ilə “Gülüstan”, Ordubadda Məhəmməd Tağı Sidqinin başçılığı ilə “Əncüməni-şüəra”, Lənkəranda Mirzə İsmayıl Qasirin rəhbərlik etdiyi “Fövcül-füsəha”, Şamaxıda Seyid Əzimin “Beytül-səfa”, Şuşada Xurşudbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns”, Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yaradılan “Məclisi-fəramuşan”, Bakıda Məhəmmədağa Cürminin rəhbərliyi ilə “Məcmuəş-şüəra” ədəbi məclisləri bədii fikir tariximizdə özünəməxsus iz qoyublar.
Bu ədəbi məclislər klassik irsin öyrənilməsində, söz sənətinin xalq arasında təbliğ olunmasında, həmçinin yeni-yeni istedadların üzə çıxmasında böyük rol oynayıb. Belə istedadlardan biri də “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvü Hüseyn Nadim Naxçıvani olub.
Hüseyn Abdulla oğlu Mehdiyev (Nadim) 1871-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Valideynləri onu oxutmaq məqsədilə mollaxanaya qoyurlar. Sonra təhsilini Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbdə davam etdirir.
Ancaq gözlənilmədən Hüseynin atası vəfat edir. Hüseyn maddi ehtiyac üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Ailənin qayğısı onun üzərinə düşür. Buna baxmayaraq o, təhsilini şəxsi mütaliə yolu ilə artırır. Ərəb və fars dillərini öyrənir, İslam tarixini, həmçinin Şərq ədəbiyyatını, xüsusilə klassik Azərbaycan poeziyasını dərindən mənimsəyir.
Hüseyn Nadimin güzəranı xoş keçməyib. Atasının vəfatından sonra Nadim Nehrəm kəndində kiçik bir çayxana açır, cüzi bir gəliri ilə dolanır. Deyilənlərə görə, Nadimin çayxanası daima şeir-sənət adamlarının üzünə açıq olub. Culfa və Ordubaddan ədəbiyyat həvəskarları Nadimlə səmimi münasibət qurublar. O, tez-tez Ordubada gedib ədəbi məclislərdə iştirak edib.
Araşdırmalardan məlum olur ki, “Əncüməni-şüəra” ədəbi məclisinə Hacağa Fəqir, Məhəmməd Tağı Sidqi, Molla Hüseyn Bikəs, Usta Zeynal Nəqqaş, Məşədi Həsən Dəbbağ, Məhəmmədqulu Salik kimi ustad sənətkarlar toplaşıblar. Sözsüz ki, bu məclisə yığışan ustad sənətkarların da Nadimin yaradıcılığına təsiri olub. Onun yaradıcılığında Bakı və Qarabağ ədəbi mühitinin təsiri də aydın duyulur. Bu da onu göstərir ki, XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin bir-biri ilə sıx əlaqələri olub.
Tədqiqatçı alim Nəsrəddin Qarayev “XIX əsr Azərbaycan ədəbi məclisləri” kitabında yazır ki, ömrünün son illərində Hacağa Fəqirin gözləri tutulur. Bu zaman onun dediyi şeirləri dostu Sidqi yazıb toplayıb. Məclis üzvlərindən Bikəs və Nadim də bu işdə ona kömək ediblər. Çox güman ki, Fəqirin əldə olan əsərlərini də vaxtilə onlar toplamışlar.
Hüseyn Nadimin əsərlərindən danışarkən, şairin klassik üslubda yazdığı aşiqanə-lirik qəzəlləri ilə yanaşı, dini-ictimai motivli qəzəllərini də yada salmaq gərəkdir. Vətən dərdi, millətin taleyi, din və əqidə təəssübkeşliyi, insaf və ədalət axtarışları Nadim qəzəllərinin əsas qayəsini təşkil edir:
Yox bircə kəs xilas edə bu nardən bizi,
İmdad edən yoxdı bu biçarə millətə.
İslamdən kənar eləsün bu bəlaləri,
Olsun müin zəmanədə dilparə millətə...
Mən Nadiməm, zəmanədə millət cünuniyəm,
Ağlar gözüm həmişə bu biçarə millətə!
Əhli-beyt aşiqi olan şair dəfələrlə Kərbəla və Məşhədə gedərək imamların qəbrini ziyarət edib. Lakin o həm də Füzuli aşiqi idi. Kərbəla ziyarətində olarkən dahi Füzulinin məzarını ziyarət edib. Məqbərəsi önündə şairə müraciətlə bir qəzəl yazır:
Füzuli, dur əyağə, qəmə giriftarəm, ağlaram,
Dəstgirəm sənüntək ruzgardə xarəm, ağlaram.
Qəbrün üstə baş əydim, qüssədən qanla dolub könlüm,
Solub gülistandə güllərim, səntək zarəm, ağlaram.
Hüseyn Nadimin zəngin yaradıcılığında qəsidələr, növhə və sinəzənlər, dini-ictimai məzmunlu şeirlər, satiralar da yer alıb. Ancaq şairin ədəbi irsinin çox hissəsi itib-batdığından əldə olan şeirləri əsasən növhə və sinəzənlərdir.
Şairin oğlu Məhəmməd Abdullayev xatirələrində yazır: “Atamın şəxsi kitabxanasında Nizaminin farsca əsərləri, Qumrunun, Racinin kitabları vardı. Lakin atamın vəfatından sonra 1930-cu illərdə ərəb əlifbası ilə yazılan kitabları evlərdə saxlamaq qadağan edildi. Bu səbəbdən o kitabları yandırdıq. Çox güman ki, atamın əsərləri də elə o zaman itib-batdı. Sonralar dini şeirlərini və qəzəllərinin bir qismini tapıb Əlyazmalar Fonduna verdim”.
Hüseyn Nadim Naxçıvani çox vətənpərvər bir şəxs olub. Araşdırmalardan məlum olur ki, o, 1918-1920-ci illərdə daşnak Andronikin Naxçıvana, şairin doğma kəndi Nehrəmə və Ordubad ərazilərinə basqını zamanı yaradılan müdafiə dəstələrində vuruşub, Ordubadın Ələngəz dağı ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Sonradan sağalsa da, yara qövr edir və onu incidirdi.
Şair 1927-ci ildə vəfat edib. Hörmət və ehtiramla Nehrəm qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov