Azərbaycanda alternativ turizm növlərinin inkişafı üçün akademik Budaq Budaqov irsi dərindən öyrənilməlidir

Noyabrın 1-də görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun (1928-2012) vəfatının bir ili tamam olur. İnsan taleyi bu dünyada ölçülüb-biçilib, deyirlər. Kimin ömrü nə qədərdir, nə zaman bitəcək, bunu yalnız Allah bilir. Önəmli olanı Tanrının verdiyi ömrü necə yaşamaqdır. Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqov ömrü boyu doğma xalqı, milləti üçün çalışdı. Bu işdə millətin «Allah səni min budaq eləsin» duaları da dəstək oldu. Onun yurdsevərliyi, torpağa bağlılığı hər bir Azərbaycan gənci üçün bir örnək olmalıdır. Neçə-neçə tələbələr, alimlər yetişdirdi Budaq müəllim. Bu gün artıq onun meyvələri min budaq yox, on min budaq olub.

O, hələ 1951-ci ildə Moskvada SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasına daxil olanda artıq öz seçimini etmişdi. Budaq Budaqov yalnız coğrafiyaşünas alim deyildi, eyni zamanda təbiət və poeziya vurğunu idi. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tuturdu. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, gözəlliklərini artırmağa səsləmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış onun əsas qayəsi idi.
Ona görə də «Nizami əsərlərində təbiət», «Yer adları xalqın sərvətidir», «Toponimika: keçilən yol və gələcəyə baxış», «Bu qala bizim qala», «Görən, kim yaratmış bu təbiəti», «Pirşağının ekoloji qayğıları» və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdı.
Budaq müəllim bir kitab idi, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunurdu. Amma nə qədər diqqətlə oxunsa da, açılmayan, oxunmayan səhifələri çox qaldı. Onun üçün məmləkətimizin hər qarışı əziz və doğma idi. Qarış-qarış gəzmişdi bu torpağı. Səyahəti, gəzib dolaşmağı çox sevərdi. Bu əzmkarlığı, bu enerjini təbiətdən, torpaqdan, Azərbaycan insanına sevgidən alırdı.
Hələ çox-çox əvvəllər xarici səfərlərində, dissertasiya müdafiələrində Azərbaycanın əlverişli coğrafi mövqeyi, misilsiz təbiəti, iqlim müxtəlifliyi, adət-ənənə, milli mətbəx zənginliyi, qonaqpərvərliyi haqqında mükəmməl təqdimatları hər zaman həmkarlarının diqqətini cəlb etmiş və Azərbaycana qarşı xüsusi maraq oyatmışdı.
Azərbaycanın bu sadalanan mükəmməl üstünlükləri hər zaman xarici səyahət sevənlərin diqqət mərkəzində olmuşdur. Bu gün təbii və ekoloji faktorların uğurlu təbliğatı vətənimizin turizm cənnətinə çevrilməsində həlledici rol oynaya bilər. Azərbaycanın ekoturizmin model ölkəsi olması üçün bütün amillər vardır. Budaq Budaqov irsinin dərindən öyrənilməsi Azərbaycanda müalicəvi, termal, ekoloji, macəra, kənd və digər turizm növlərinin daha da inkişaf etdirilməsi üçün geniş meydan açır.
Turizm müasir dünyanın mürəkkəb sosial-mədəni, iqtisadi fenomenidir. Onun müxtəlif aspektləri bir sıra elm sahələrinin maraq dairəsindədir. İqtisadçılar, coğrafiyaşünaslar, sosioloqlar, pedaqoqlar, psixoloqlar, tarixçilər, mədəniyyətşünaslar, sənətşünaslar və hüquqşünaslar turizmin nəzəriyyə və praktikasını «öz məsələləri» hesab edirlər.
Bu sahəyə coğrafi yanaşmalar daha çox üstünlük təşkil edir. Fikrimizi əsaslandırmaq üçün akademik Budaq Budaqovun elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələrindən bir qismini qeyd etmək kifayət edər ki, gənc mütəxəssislərin yeni elmi araşdırmalarına bir zəmin yaransın. Onun «Ən yüksək zirvələrdə», «Canlı adalar», «Qərq olmuş dağlar», «İkimərtəbəli çay», «Üzən su anbarları», «Coğrafi adlar tarixi abidədir» və s. - ümumilikdə 180-dən artıq məqaləsi «Elm və həyat», «Azərbaycan təbiəti», «Azərbaycan məktəbi», «Ulduz» jurnallarında, qəzetlərdə dərc edilmişdir. Alimin «Coğrafi adlar tarixi abidədir», «Qərq olmuş dağlar», «İkimərtəbəli çay» kimi məqalələri ölkəmizdə beynəlxalq turizm marşrutlarının yaradılması, Azərbaycanın ekoloji, mədəni-tarixi və etnoqrafik irsinin dünyada tanıdılması üçün çox böyük vəsilə ola bilər.
Mütəxəssislər deyirlər ki, məktəblərdə turizm və səyahətsevərlər klublarının yaradılmasına böyük ehtiyac var. Gənclərə təbiəti sevmək hissləri aşılanmalı, milli parklara və füsunkar guşələrimizə tez-tez turlar təşkil olunmalıdır. Budaq Budaqovun Azərbaycanın təbiəti, coğrafiyası, toponimləri, flora və faunası ilə bağlı fikirləri kitabçalar, broşüralar şəklində çap olunaraq hər bir yurdsevər vətəndaşımızın masaüstü məlumat vasitəsinə çevrilməlidir. Bu zəngin irs dünya çapında tanıdılmalı, gənc alimlərin bu istiqamətdə elmi fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki yeni nəslin qarşısında böyük bir missiya durur. Onun yaratdığı on min budağı yüz min və daha çox etməliyik....

Ruslan Quliyev,
“Millennium Tourism & Congress DMC”nin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar