Kabus illərin salnaməsi


Və ya böyük sevdanın cəzası

Bilmirəm, böyük sevda, xəlqi eşq, ümman sədaqət, ifrat pərvəriş sonda insanı hara aparır. Daha doğrusu, nə ilə və necə mükafatlandırır. Zaman-zaman bu böyük hisslərin daşıyıcıları elə məşəqqətli əzablar, elə haqsız cəzalar içində çırpınıblar ki... Nəhayətdə haqq qələbə çalıb, gecikmiş ədalət bərpa olunsa da.

Ağır illər, məhrumiyyət dolu günlər, əzab-əziyyət onun da ömrünü “bəzəyib”. İstehza, kinayə, bəzən də nifrət dolu nəzərlərin altında əzilməmək, övladlarının sual dolu baxışlarından qaçmaq, kədərlə dolu yaşlı gözlərini silmək üçün nə qədər tənha bucaq axtarıb.
Sürgünlərin, işgəncələrin, alçaldıcı hərəkətlərin, zülmün ərşə dayandığı illər, həsrətli gözləntilər də var hələ. Sevimli ömür-gün yoldaşının soyuq məmləkətlərdən gələn vətən həsrəti, övladlardan cüda, yardan nigarançılıq dolu məktublarında ovunmaq da bir iztirab. “Xalq düşməni”nin zövcəsi kimi o, nələrdən keçməyib ki...

Amma yenə

Hə, amma yenə də özünü itirməyib, hər şeyə rəğmən “Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” misraları ilə qürurlanan və beləcə bütün qadınları qürurlandıran böyük Hüseyn Cavidi yüksəltməyə çalışıb. Bu ailəni aşağılamaq, sındırıb ruhunu didərgin salmaq istəyənlərə meydan oxuyub. Daim haqq səsini ucaldıb, qorxmadan, çəkinmədən vuruşub hökmsüz keçən məhkum illərində. Böyük ədibin əbədi sevdasına layiq bir qadın, ana, şəxsiyyət olub

Mişkinaz Cavid

O da adi insanlar kimi gəldi dünyaya. 1902-ci ildə ulu Naxçıvan torpağında doğuldu. Sakit, qayğısız uşaqlıq, sevgi dadlı gənclik yaşadı. Ömrü böyük ədiblə birləşəndə o da xəlqiləşdi, məğrurlaşdı. Artıq özünü, həyatını, arzu və istəklərini unudub Cavid ömrünə caladı ömrünü. Və beləcə adı, özü, yaşantısı ilə daha bir Cavid ömrü yaşansın deyə, illərlə ömür-gün yoldaşının ədəbi mirasının keşiyində durdu. Ta həyatın ona verdiyi ömür payı kəsilənədək, 1976-cı ilin soyuq noyabrınadək ürəyində böyük sevdanın hərarəti ilə yaşadı.

Və yaşatdı

Təbii ki, böyük Cavidin bizlərə məlum və naməlum irsini göz bəbəyi kimi qoruyaraq. O, Hüseyn Cavidin ilk oxucusu olmaq, onun əsərlərinin üzünü köçürmək kimi bir missiyanı da daim böyük şövqlə yerinə yetirib. Təsadüfi deyil ki, "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş bir sıra ədəbi nümunələri kimi, bu əsər də itəcəkdi.

“Çarpacaq qəlbim, əgər sussa dilim...”

Beləcə, aylar ötür, xoş günlər bir-birini əvəz edirdi. Ədəbi mühitdə söz qovğaları nə qədər çətin, bəlkə də dözülməz olsa da, sevgi dolu evdə səadət hökm sürürdü. Cavidin ölməz əsərlərinin say sırası da genişlənir, ilhamlanan ədib durmadan yazıb-yaradırdı. «Keçmiş günlər» və «Bahar şəbnəmləri» kitabları, «Ana», «Maral», «Şeyx Sənan», «Şeyda» nəşr edilərək yayılırdı. Əsrin ikinci onilliyində Cavid artıq Azərbaycan ədəbi mühitində özünü təsdiq etmişdi. 1919-cu ildə oğlu Ərtoğrol, 1923-cü ildə qızı Turan dünyaya gəlib ailənin həyat təqvimini daha da rəngarəng etmişdilər.

“Qara maşın”dan sonra

Onların da həyatı alt-üst oldu, axarıyla axan suya daş atılan kimi bulandı həyatları “xalq düşməni” ləkəsi ilə. Yavaş-yavaş qapılarından əl-ayaq kəsildi, yaxın-uzaqlar üz çevirdi, yan-yörələrində dolaşmaq qorxuya çevrildi. Unuduldu həyatın şirinliyi, sevdanın ülfəti. Az sonra pozuldu həyatın ritmi, ev-eşiklərindən, Cavidli yurd-yuvalarından zorla çıxarıldılar. Soyuq küləklər əsdikcə əsdi. Dondu dodaqlardakı təbəssüm, itdi üzlərin sevinc saçan cizgiləri, batdı şaqraq gülüşlərin cingiltisi. Bir özləri oldu, bir də dağdan ağır dərdləri, ruh sıxan əzabları.

Tikə-tikə dərdləri

Dostlar kədərlənməsin, düşmənlər sevinməsin, hər gün məskunlaşdıqları yad, soyuq mənzilin küncləri məhəbbətlə isinib, əmanət balaların qarnı doysun deyə çalışmaq, hər şeyə rəğmən yıxılmadan yürümək lazım idi. Onda nə etməli, bu kəskin münasibətlərin, cüzamlı kimi hər kəsin qaçmağa çalışdığı vəziyyətin içindən necə çıxmalı?! Bu suallar gənc ananın ürəyini sıxır, qəlbini yaralayırdı. Günlərin birində nigaran-nigaran ətrafı süzən baxışlar yetimləşmiş, əşyaları belə “etibarsız” çıxmış mənzilin küncündəki tikiş maşınına sataşdı. Ev sahibəsi qəribə biz sıçrayışla ora yüyürdü və əllərini çoxdan unutduğu tikiş maşınında gəzdirdi. Bir zamanlar ədalətsizliyə üsyan bayrağı qaldıran ədibin “Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət, Bulmazmı nəhayət?” misralarını elə hey öz-özünə təkrarlayır, onları bu zülmət gecəyə məhkum edənlərə lənət yağdırırdı. Əksər, yox əstəğfürullah, bütün “xalq düşmən”lərinin xanımları kimi o da seçilmişdi. Hər yerdə qapılar üzünə bağlı idi. Çətinliklə də olsa, nəhayət 1938-ci ilin aprelində “Klara Setkin” adına sənaye kooperativ artelində işə düzəldi. Ehtiyac məcburiyyəti ilə fasilələrlə ta 1948-ci ilə qədər burada çalışdı. Artel o vaxt işəmuzd qaydada qəbul etdiyi qadınlara bacaracaqları qədər sifariş verirdi. Ən adi iş üçün bağlanan qapılar, o qapıların ardındakı dəyişən simalar Mişkinaz xanımı çox yorduğundan buna da şükür edib çalışır, çörək ağacı olan dərziliyindən əl çəkmək istəmirdi.

...Şirin xatirələrdən

O bütün çətinliklərə rəğmən həmişə Bakıda yaşadı. Sanki Cavidin hər an gələcəyini gözləyirmiş kimi. Böyük şəhərdə böyük dərdlər daşıdı ürəyində. Əslən Şahbuz rayonunun Remeşin (indiki Qızıl Qışlaq) kəndindən olan bu sadə el qızı böyük şairin əsl könül hayanı idi. O, Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat yoldaşı deyil, həm də dost, sirdaş ola bildi. Cavid də ona sevgiylə savad verdi, həyatı öyrətdi. Mişkinaz beləcə Hüseyn Cavidin yüzlərlə tələbəsindən birinə çevrildi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini yazıya köçürdü, onun haqqında ən doğru xatirələri qələmə aldı.
Onun gündəliklərindən Cavidlə bağlı bir xatirəsini seçdim. Ömrün ən kövrək, saf məqamları var o sətirlərdə. Gənc qadının səadəti, sevgisi, ülfəti... “Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...”

Uzaqları yaxın edən məktublar

İndi ümid bircə onlara idi. Ara-sıra gələn, ilk oxucusundan, ünvanlanan Mişkinazdan əvvəl neçə-neçə “test”dən keçmiş, hər sətri ələk-vələk, çək-çevir edilmiş məktublara. Amma yenə də onlar xoşbəxt idi. Hər məktub yazılandan sahibinə çatıb oxunan anadək qayğısız və xoşbəxt. Bunu bütün iztirablara rəğmən hər sətirdən, gileylərin gizləndiyi hər pərvərişdən sezmək olur.

4 həziran, 1927. Kislovodsk.
Əziz və sevgili Mişkinaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannalar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən...
Hüseyn Cavid

30 iyun, 1927. Kislovodsk.
Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodsk yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz - deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın...
Baqi ehtiram, səni öpürəm.
Cavid

Onun yeri bəlli idi

İllər keçdi, bulanıq sular duruldu, böyük Hüseyn Cavid sevgili vətənində əbədi qərarlaşdı. Nigaran ruhlar sakitləşdi, dincəldi, təsəlli tapdı. Və günlərin birində o da əbədi səadətə tələsdi. “Bəni öldürsələr də, bən yaşarım, Tərk edib xəlqi, xaliqə qoşarım” - deyən böyük Cavidinə qoşdu. Ədibin Naxçıvandakı məqbərəsində, ərinin və oğlu Ərtoğrolun qəbirləri ilə yanaşı əbədi səadət uyqusuna daldı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar