Azərbaycan

1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.
1 noyabr 1838 - Filosof, ictimai xadim Cəmaləddin Əfqani (əsl adı Seyid Məhəmməd ibn Səftər, 1838-1897) Həmədan yaxınlığındakı Əsədabad kəndində anadan olub. Əsərlərini ərəb, fars və türk dillərində yazıb. Əfqanıstanda, Hindistanda, Misirdə, ömrünün son illərini İstanbulda yaşayıb.
1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.
1 noyabr 1923 - Şair, qəzəlxan Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev, 1923-22.5.1998) anadan olub.
1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.
1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsində təhsil alıb. Teatrda, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”. “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
1 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev Şuşa şəhərində doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb, 2000-ci ildən Akademik Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.
1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatoru olub.
1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Akademik Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.
1 noyabr 1956 - Rejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.

2 noyabr 1898 - Şair, ədəbiyyatşünas, jurnalist Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov, 1898-1938) Bakıda doğulub. İstanbul Universitetində təhsil alıb, Azərbaycan ədəbiyyatı tarixinin, “Kitabi-Dədə Qorqud”un tədqiqatçısı olub. İstiqlal ruhlu şeirlər yazıb. Pantürkizm təbliğatında ittiham edilərək repressiya olunub.
2 noyabr 1934 - Tanınmış şair Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub. Kitabları: “Daş çırağın işığında”, “Günəşin adından”, “Adlı, ünvanlı misralar” və s.
2 noyabr 1937 - Məşhur bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Populyar mahnıların müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın bədii filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Qanlı zəmi”, “Ölsəm... bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və s.
2 noyabr 1988 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik rolların əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
2 noyabr 1994 - Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib.
2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında (Fəhlə Uşaq Teatrı) fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

4 noyabr 1954 - Aktyor, rejissor Fərman Abdulcabbar oğlu Abdullayev (1954-5.3.2013) Şəkidə anadan olub. Şəki Dövlət Dram Teatrında çalışıb. “Həm ziyarət, həm ticarət...”, “Otel otağı”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.

Dünya

1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler, 1781-1854) anadan olub.
1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.

2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin, 1699-1779) anadan olub.
2 noyabr 1906 - İtalyan rejissoru, ssenarist Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
2 noyabr 1913 - Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 26.7.1856 - 1950) vəfat edib. “Kandida”, “Piqmolion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” və s. romanların müəllifidir.
2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştun, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.

3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1825) iştiraka görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə ilə dostluq edib, onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Yazıçının “Molla Nur” povesti Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edir.
3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 - Məşhur rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
3 noyabr 1871 - Alman yazıçısı və şairi, mistik əsərlər müəllifi Hans Heyns Evres (1871-1943) anadan olub.
3 noyabr 1887 - Rus şairi Samuil Yakovleviç Marşak (1887-1964) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir: “On iki ay”, “Pişiyin evi”, “Axmaq siçan haqqında nağıl” və s.
3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.
3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.

4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların (“Qara qayıqlar buxtası” və s.), ssenarilərin müəllifidir.
4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar