Azərbaycan

8 noyabr 1923 - Xalq artisti, insrtumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923-23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 - Tanınmış bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, poemalar, uşaq xoru üçün əsərlərin müəllifidir.
8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü elan edilib.

9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra respublikanın qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
9 noyabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
9 noyabr 1994 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.

11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
11 noyabr 1934 - Xalq artisti, görkəmli xanəndə, pedaqoq İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.
11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisi bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.

Dünya

8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Qriqoryeviç Çavçavadze (1837-12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq cəhdlərini ifşa edib.
8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
8 noyabr 1935 - Dünya şöhrətli fransız kinoaktyoru, rejissor, ssenarist Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub. Filmləri: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.
8 noyabr 1961 - SSRİ-nin mərkəzi televiziyasında Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən 8 noyabr beynəlxalq “KVN günü” kimi qeyd olunur.

9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu”, “Asya”, “Bahar suları” povestləri və s.
9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
9 noyabr 1929 - Görkəmli rus bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Aleksandra Nikolayevna Paxmutova anadan olub. Əksəriyyəti bu gün də populyar olan 400-dən çox mahnı bəstələyib.

10 noyabr Dünya Gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federasiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546, Martin Luther) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə lüteranlıq adlanır.
10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. 400-dən çox filmə musiqi yazıb, kinematoqrafiyaya töhfələrinə görə “Oskar” mükafatına (2007) layiq görülüb.

11 noyabr 1821 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
11 noyabr 1944 - Məşhur türk kinoaktyoru, komik rolların mahir ifaçısı Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: “Salako”, “Hababam sinfi”, “Tosun Paşa”, “Zibilçilər kralı”, “Qərib Şaban”, “Kreslo bəlası” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar