Azərbaycan

15 noyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb.
15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Rza qızı Zülfüqarova anadan olub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Filarmoniyasının baş baletmeysteri olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında tamaşalarda rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. "Şöhrət" ordeni ilə təltif olunub.
15 noyabr 1933 - Tanınmış ədəbiyyatşünas alim, professor Firudin Cəlal oğlu Hüseynov (1933-31.8.1986) anadan olub. BDU-nun filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub, İran dövlətinə casusluq ittihamı ilə güllələnib. 1956-cı ildə ölümündən sonra reabilitasiya (bəraət) olunub.
16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistan SSR-dəki tarixi yurdlarından deportasiyasına etiraz olaraq Bakıdakı Lenin (indiki Azadlıq) meydanında fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər ölkədə milli dirçəliş hərəkatına təkan verdi. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası, sənətşünas, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. "Azərbaycan xalçalarında ornament", "Azərbaycan xalçası" çoxcildliyi və s. kitabların müəllifidir. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.
17 noyabr 1927 - Yazıçı-jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” və s.
17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
17 noyabr 2006 - Xalq artisti, tanınmış aktrisa Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda (“Bayquş gələndə”, “Ötən ilin son gecəsi”), televiziya tamaşalarında (“Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.

18 noyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın bədii filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.

Dünya

15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanları, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.
15 noyabr 1925 - Rus yazıçısı və şairi, tərcüməçi, məşhur dissident Yuli Markoviç Daniel (1925- 30.12.1988) anadan olub.
15 noyabr 1976 - Məşhur fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib. Polis komissarı Jül Meqredən bəhs edən filmlərdə baş rolu oynayıb. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.

16 noyabr Beynəlxalq Tolerantlıq günüdür (International Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu günü qeyd etməyi tövsiyə edib.
16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən biri Jan Leron D"Alamber (Jean Le Rond D"Alembert, 1717 - 29.10.1783) anadan olub.
16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-28.12.1963) anadan olub.
16 noyabr 1900 - Rus yazıçı-dramaturqu Nikolay Poqodin (Stukalov; 1900-1962) anadan olub. Zamanında Lenin və Oktyabr inqilabı haqqında pyeslərin müəllifi kimi şöhrət qazanıb.
17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib.
17 noyabr 1788 - Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.
17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
17 noyabr 1925 - Amerika kinoaktyoru Rok Hudson (Rock Hudson, 1925-1985) anadan olub.
17 noyabr 1942 - Amerika rejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.
17 noyabr 1966 - Məşhur fransız aktrisası Sofi Marso (Sophie Daniele Sylvie Marceau) anadan olub. Çəkildiyi filmlər: “Cəsur ürək”, “Buludların arxasında”, “Bütün dünya da azdır” (Ceyms Bond seriyasından olan filmin bir bölümü Bakıda çəkilib, 1998).

18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar