Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova haqqında bu məqaləmizin sərlövhəsini onun həmkarı və bizim də çox hörmətli müəllimimiz Xalq artisti, professor Ramiz Zöhrabovun 1993-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş yazısından götürdük. Yazıda Ramiz müəllim Zemfira xanımın xidmətlərini çox dolğun şəkildə ifadə edir.

Məqalədən bəzi fikirlərə nəzər salaq: “Zemfira Qafarova Azərbaycan musiqişünaslarının istedadlı nümayəndələrindən biri, bacarıqlı pedaqoqdur. Musiqi ictimaiyyəti onu bir neçə monoqrafiyanın, kitabların, yüzdən artıq elmi-populyar, publisistik məqalənin müəllifi kimi tanıyır. Zemfira Qafarovanın bir musiqişünas kimi maraq dairəsi çox genişdir».
Zemfira xanım fədakar musiqişünasdır desək, yanılmarıq. Çünki o, musiqişünaslığın tələb etdiyi bütün istiqamətlərdə fəal çalışaraq uğurlu göstəricilər əldə edib. Onun bir müəllim olaraq musiqişünasların yetişməsində, tədqiqatçı kimi bəstəkarların, ifaçıların yaradıcılığının təbliğində, musiqi irsimizin tədqiqində mühüm rolu var. Müxtəlif auditoriyalarda, radio və televiziya verilişlərində maraqlı çıxışları, dövri mətbuatda nəşr olunan məqalələri yaradıcılığının uğurlu nailiyyətləridir.
Zemfira xanımı belə şövqlə yazıb-yaratmağa sövq edən həm istedadı, həm də böyüdüyü mühitin təsiridir. Çünki o, tanınmış incəsənət xadimlərinin nəslindəndir. Atası Həsən Haqverdiyev, anası Güllü Mustafayeva Azərbaycan rəssamlıq məktəbini təmsil edən məşhur simalar olmuşlar. Qardaşı Əli Haqverdiyev müğənni, rəssam və aktyor kimi incəsənət aləmində xüsusi izlər qoymuşdur. Bacısı Rəna İsmayılova mahir orqan ifaçısı kimi nəinki respublikamızda, onun hüdudlarından kənarda da tanınır. Hazırda Almaniyada çalışaraq Azərbaycan musiqi mədəniyyətini təbliğ edir. Zemfira xanımın dayıları - görkəmli bəstəkarımız Ramiz Mustafayev və dirijor Faiq Mustafayevin milli və professional musiqimizin inkişafında böyük xidmətləri olub. Belə bir mühit, təbii ki, Zemfira xanımın yaradıcılığına çox müsbət təsir aşılayıb. Onun həyat yoldaşı Əmir Qafarov uzun illər teatr və musiqi sənətini yüksək peşəkarlıqla təbliğ etmişdir. Bu təsirlər Zemfira xanımın övladı Seyran Qafarovun da musiqiçi kimi yetişməsinə və musiqişünas alim kimi fəaliyyətinə təkan vermişdir. Bir sözlə, Zemfira Qafarova sayılıb-seçilən bir nəslin layiqli davamçısıdır. Bu yerdə onun ömür-kitabından bəzi səhifələri vərəqləyək.
Sənət dünyasına 2 saylı musiqi məktəbində fortepiano ixtisası üzrə qədəm qoyan Zemfira Qafarova 1957-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumuna (indiki musiqi kolleci) daxil olur. 1961-ci ildə texnikumu bitirdikdən sonra təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsində davam etdirir. 1966-cı ildə təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik fəaliyyətinə başlayır. İndiyədək bu tədris ocağında fəaliyyətini davam etdirir. 1984-cü ildə sənətşünaslıq namizədi, 1986-cı ildən dosent, 1993-cü ildən professordur. 1981-1991-ci illərdə tarix-nəzəriyyə fakültəsinin dekanı olmuşdur. 1973-cü ildən Bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında idarə heyətinin üzvü, IX qurultayda isə ittifaqın katibi seçilmişdir.
Zemfira Qafarova Azərbaycan musiqi mədəniyyətinə bir çox dəyərli mənbələr bəxş edib. Bu sırada Ü.Hacıbəylinin «Koroğlu» operası haqqında tədqiqat işini, «Ramiz Mustafayev», «Tofiq Bakıxanov», «Şəfiqə Axundova», «Hacı Xanməmmədov», «Telman Hacıyev», «Əli Haqverdiyev» monoqrafiyalarını, çoxlu sayda elmi məqalələrini, resenziya və oçerklərini misal göstərə bilərik.
Onun Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, öz dəst-xətti var. Gözəl müəllim, alim olmaqla bərabər, çox səmimi və xeyirxah bir insandır. Həmkarlarına, dostlarına, tələbələrinə - bir sözlə, onunla ünsiyyətdə olan hər bir insana Zemfira xanımın işıqlı aurasından sevinc bəxş olunur. Biz hörmətli Zemfira xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.

Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar