Tanrı onu dünya işığına həsrət qoysa da, yaşayıb-yaratmaq eşqini əlindən almır. Əvəzində qeyri-adi ifaçılıq məziyyətləri, virtuoz sənətkarlıq və həyatın əsrarəngiz gözəlliklərini duyub qavramaq qabiliyyəti verir. O, ifaçılıq sənətimizdə öz dəst-xətti ilə seçilir, sağlığında əfsanəyə dönür, bənzərsiz ifası ilə təkcə Azərbaycanda deyil, bir çox Şərq ölkələrində tanınır...

Musiqi mədəniyyəti tariximizdə “Kor Əhəd” adı ilə məşhur olan istedadlı qarmon ifaçısı Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda yoxsul bir ailədə dünyaya gəlib. Bir il sonra atası dünyasını dəyişir, köməksiz qalan ailə ağır güzəran yaşayır. Əhəd isə iki yaşında bərk xəstələnir, göz xəstəliyinə düçar olur. Həkimlərin səyi nəticə vermir, bir il sonra gözləri tamam tutulur. Onun dünya işığına həsrət qalması anaya hədsiz əzab və qayğı yaşadır. Taleyin qismətidir, deyib səbir edir. Övladının gələcək taleyi üçün çox fikirləşir. Təsadüfən Əhədin qeyri-adi duyumu onda maraq yaradır. Altı yaşı tamam olanda ona balaca bir qarmon alır...
Onu da deyək ki, Əhəd Əliyevin yaxın qohum-əqrəbalarında musiqiçi olmayıb. Ancaq dövrün qrammofon valları onun üçün bir sənət məktəbi olub. Xüsusilə də məşhur qarmon ustası Kərbəlayi Lətifin ifaları onun yetişməsində əhəmiyyətli rol oynayıb. Ana oğlunun musiqiyə hədsiz marağını nəzərə alıb onu özü ilə məhəllənin qadın toylarına aparır. Həmin dövrdə Bakıda qadın toylarında əsasən qarmon və balaban ifaçıları çıxış edirdi. Qarmonla çalınan “Mirzəyi”, “Tərəkəmə”, “Vağzalı”, “Qızılgül”, “İnnabı”, “Uzundərə” və s. oyun havaları xüsusilə sevilirdi. Balaca Əhəd də toy məclisində qarmonçuya yaxın yerdə əyləşər, sonsuz həvəs və maraqla çalınan havaları dinləyərmiş. Evə qayıdan kimi qarmonu götürüb eşitdiyi, xoşladığı yeni musiqini ifa edərmiş.
Əhəd on beş yaşına çatanda artıq qarmonçu kimi tanınır, məhəllə toylarına, ailə şənliklərinə dəvət olunur. Məclislərdə Cabbar Qaryağdıoğlu, Seyid Mirbabayev, Keçəçioğlu Məhəmməd və İslam Abdullayev kimi məşhur xanəndələrin guşə və xallarını qarmonda çox məharətlə təkrar edir. On altı yaşından artıq mahir ifaçı kimi qadın toylarına dəvət edilir. Onu Zeynəb adlı bir xanım dəfdə müşayiət edirdi. Bir neçə il Bakı-Abşeron toylarında çalıb-çağırırlar. Əhədin bənzərsiz ifalarını eşidənlər onu daha böyük şənliklərdə görmək istəyirlər. Beləcə, o, Bakı kəndlərinin kişi toylarına da dəvət olunur.
Az vaxt içərisində şöhrət qazanan Əhədi Şirvan-Muğan məclislərinə də çağırırlar. Fitri istedadı sayəsində o, tək qarmonda deyil, eyni zamanda saz, piano, tar və tütək alətlərində el havalarını məharətlə ifa edib. Bir çox xanəndələr toy məclislərinə dəvət olunarkən mütləq Əhədlə çalıb-çağırmağı münasib biliblər.
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır: “Əhədin istər qarmonda, istərsə də tarda və sazda virtuoz çalğısı böyük müğənni Cabbar Qaryağdıoğlunun diqqətini belə cəlb etmişdi. O, Əhədi də özü ilə toylara aparırdı. Onun “Segah” muğamını qeyri-adi zövq və hünərlə, özünəməxsus incəliklə çalması Cabbar Qaryağdıoğlunu valeh edərdi. Məşhur sənətkar kimi Əhədin də öz dəstəsi vardı: tar, qarmon, dəf və qoşanağara alətlərində çalan musiqiçilər bu dəstəyə daxil idilər”.
Sovet hakimiyyəti qurulduqdan sonra Əhəd şəhərin fəhlə klublarında, mədəniyyət evlərində və geniş konsert salonlarında çıxışlar edir. Görkəmli bəstəkar Müslüm Maqomayev onu radionun solisti olmağa dəvət edir. 1927-1933-cü illərdə sehrli qarmonunun xoş səsi bütün Azərbaycana yayılır. O, respublikanın rayonlarına qastrola çıxır. Bütün konsertləri təmtəraqlı keçir, tamaşaçılar onun çalğısından zövq alırlar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli Əhədin istedadlı bir musiqiçi olduğunu nəzərə alaraq onu 1931-ci ildə Azərbaycan radiosunun “Notlu Şərq orkestrinə” dəvət edir. F.Şuşinski bu barədə yazır: “Üzeyir Hacıbəyli Əhədin sənətkarlıq qabiliyyətini yüksək qiymətləndirərdi. Təsadüfi deyildir ki, orkestrdə ”Şur" muğamının “Bayatı-Qacar” şöbəsi, “Rast”ın “Şikəsteyi-fars”, “Çahargah”ın “Bəstə-nigar” şöbələri ifa ediləndə solo çalmaq Əhədə həvalə edilir...”.
Əhəd Əliyev 1934-1935-ci illərdə İ.Əbilov adına klubda ansambl təşkil edib. Həmçinin Azərbaycan Dövlət Filarmoniyasında “Sazçı qızlar ansamblı”nın əsas təşkilatçılarından biri olub. O, qızlara saz çalmağı öyrətməklə yanaşı, ansamblın solisti kimi də fəaliyyət göstərib.
1938-ci ildə sənətkarın qarmonda “Segah”, sazda “Çahargah” ifaları qrammofon vallarına yazılır. O, bənzərsiz ifası ilə “Segah”ın bütün sirlərini açıb dinləyiciyə çatdıra bilib. Virtuoz aşıqlar belə Əhədin saz çalmağına həsəd aparıblar. Onun ifasında “Yanıq Kərəm” dillərdə dastan olmuşdu.
Mahir ifaçının virtuoz çalğısını nəzərə alan Üzeyir Hacıbəyli onu opera teatrına işləməyə dəvət edir. Əhədin qızı Leyla xanım bu hadisəni belə xatırlayıb: “Atamın xətrini Üzeyir bəy çox istəyirdi. Bizim evə Cabbar Qaryağdıoğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Zülfü Adıgözəlov tez-tez gələrdilər. Rəhmətlik Cabbar əmi atamın ”Bayatı-Qacar” çalmasını çox xoşlardı. Zülfü üçün isə o, həmişə “Segah” çalardı. Maraqlı burasıdır ki, atam “Segah”da vurduğu barmaqları sonra tarda vurardı, bu da Qurban əmini çox təəccübləndirərdi...”
Bu gün də qarmon ifaçılığından söz düşəndə sağlığında əfsanələşən Kor Əhəd yada düşür. Onun zəhməti sayəsində onlarla bacarıqlı qarmon ifaçısı yetişib. İstedadlı sənətkar 1942-ci ildə, 49 yaşında Bakıda vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar