Azərbaycan
29 noyabr 1920 - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
29 noyabr 1928 - Dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi (1973-1992) olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı olan «Heydər Əliyev» (2008), “İstiqlal” (1998) ordenləri ilə təltif olunub.
29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi", "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda doğulub. Sumqayıt Musiqili Dram Teatrında işləyib. 1999-cu ildən Akademik Milli Dram Teatrında çalışır. Filmlərdə (“Mənim ağ şəhərim”, “Əlavə təsir” və s.) çəkilib.
30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən tərcümələr edib.
30 noyabr 1950 - Moskvada "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü" başa çatıb.
1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Bakı Müsəlman Teatrının (1906) təşkilatçılarından biri olub. Kiçik pyeslər, vodevillər və musiqili komediyaların müəllifidir. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
1 dekabr 1940 - Yazıçı-publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan televiziyası və radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
1 dekabr 1946 - Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub. "Şahid qız", "Yuxu", "Özgə vaxt" filmlərinə musiqi yazıb.
1 dekabr 2004 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933, Naxçıvan, Şahbuz rayonu Nursu kəndi - 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus dilindən ədəbi tərcümələr edib. “İstiqlal” ordeninə (1995) layiq görülüb. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s.
2 dekabr 1929 - Şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848, Şuşa - 1929) vəfat edib. Rus satirik şairi İvan Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
2 dekabr 1938 - Şair-publisist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub. Kitabları: "Mənim körpə çinarım", "Qəlbimin səsi", “Əgər sevirəm desən”, “Körpələrin xətrinə”, “Ömrün beşinci fəsli”, “Millətin xilaskarı” və s.
Dünya
29 noyabr 1911 - Rusiya kinooperatoru, rejissor, SSRİ Xalq artisti Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli ekran əsərlərinin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin (1953) müəllifidir. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompyuter Avadanlıqları Assosiasiyası tərəfindən kompyuter virusları ilə mübarizə devizi altında təsis edilib.
30 noyabr 1667 - Məşhur ingilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
30 noyabr 1835 - Məşhur Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
30 noyabr 1934 - SSRİ Xalq artisti Vyaçeslav Nevinnı (1934-2009) anadan olub. Filmləri: “Ruslan və Lyudmila”, ”Qaraj”, “Ola bilməz”, “Ölü canlar” və s.
30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s.
1 dekabr dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
1 dekabr 1935 - Məşhur Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.
1 dekabr 1940 - Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.
1 dekabr 1945 - Rusiyanın Xalq artisti, məşhur estrada aktyoru Gennadi Xazanov anadan olub.
1 dekabr 1952 - Yəhudi-rus əsilli ingilis dramaturqu, rejissor, ssenarist Stiven Poliakoff (Stephen Poliakoff) anadan olub.
2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
2 dekabr 1888 - Məşhur türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s.
2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub. 2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
Hazırladı: Vüqar Orxan