Orta əsrlər ədəbiyyatımızın araşdırılmasında, “Kitabi-Dədə Qorqud” dastanının tədqiq olunmasında şair, ədəbiyyatşünas, pedaqoq Əmin Abidin xüsusi xidmətləri olub. O, eyni zamanda milli düşüncənin yorulmaz təbliğatçısı kimi tanınıb.

Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov) 1898-ci il noyabrın 2-də Bakıda ziyalı ailədə dünyaya göz açıb. İbtidai və orta təhsilini burada tamamladıqdan sonra ali təhsil almaq məqsədilə 1914-cü ildə Türkiyəyə getmək istəyir. Ancaq yenicə başlayan I Dünya müharibəsi buna mane olur. O, qardaşı şair Əlabbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik” və “Babayi-Əmir” jurnallarında çalışmağa başlayır. Müxtəlif imzalarla hekayə, şeir, məqalə və tərcümələr dərc etdirir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra onun xaricdə ali təhsil almaq arzusu da gerçəkləşir. Sənədlərini İstanbul Universitetinin ədəbiyyat fakültəsinə verir və qəbul olur. Tələbəlik dövründə “Azərbaycan türklərinin ədəbiyyat tarixi” adlı monoqrafik əsərini qələmə alır. 1920-ci ildə Cümhuriyyət süqut edir, vətəndən gələn acı xəbərlər onun yaradıcılığında da özünü göstərir. “Yeni Qafqaz”, “Azəri-türk”, “Odlu yurd” və digər jurnallarda Gültəkin təxəllüsü ilə milli ruhlu şeirlər dərc etdirir. Sibir sürgünlərinə, təqib və təhqirlərə qarşı etiraz səsini ucaldır. Şairin Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə çap olunan “Buzlu cəhənnəm” adlı kitabında əksini tapır.
Əmin Abid 1927-ci ildə Azərbaycana qayıdır, vətənində başqa ovqatla qarşılaşır. İstanbula oxumağa getdiyi zaman milli şüur yüksək, xalqda özünüdərk hissləri güclü idi. İndi isə o bunların tamam əksini müşahidə edir. Sovet rejiminin apardığı yadlaşdırma, milli dəyərləri heçə endirmə siyasətinin, müstəqil düşüncə sahiblərinin təqib edilməsinin şahidi olur. Ancaq bunlara baxmayaraq, o, yüksək tədqiqatçılıq qabiliyyəti ilə mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu araşdırmaq işində həvəsdən düşmür, səylərini daha da artırır.
Bakı Dövlət Universitetində işə düzəlir. Tədqiqatçı kimi qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair elmi məqalələri çap etdirir. Tədris ocaqlarında, dərnəklədə “Oğuznamə”, “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzularında məruzələrlə çıxış edir. “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərləri, eyni zamanda “Kitabi-Dədə Qorqud”un mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında aparılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”)” kimi məqalələri mətbuatda dərc olunur. Gərgin elmi axtarışları nəticəsində Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsərini aşkara çıxarır və elm aləminə tanıdır.
Alimin yaradıcılığının ən maraqlı səhifələri folklorumuzla, qədim qaynaqlarımızla bağlı olub. Mənbələrdə göstərilir ki, Əmin Abidin fikrincə, qədim türk dastanlarının ahəngdar mətni - vurğunun cümlələrin sonuna salınması, cümlə və ifadələrin təkrarı və s. zaman keçdikcə cilalanaraq heca vəznli şeiri formalaşdırıb. O, qədim şeirlərimizi “vəznli şeir” adlandırıb. Fikirlərini əsaslandırmaq üçün “Kitabi-Dədə Qorqud” dastanının Drezden kitabxanasında saxlanılan nüsxəsindən nümunələr verib. Bu dastanın müstəqil bir əsər deyil, “Oğuznamə”nin tərkib hissəsi olduğunu bildirib.
Əmin Abidə görə, vəznli şeirdən tədricən heca vəzni yaranıb. İlk nümunə kimi Mahmud Kaşqarinin “Divani-lüğat it-türk” əsərində qorunub saxlanılan atalar sözlərini misal göstərib. O, bununla da kifayətlənmir. Daha qədim qaynaqları önə çəkir. Orxon-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və ondan nümunələr verir.
O, elmi yaradıcılığı ilə yanaşı, gizli şəkildə yayılan vətənpərvərlik mövzusundakı şeirləri ilə gənc nəslin milli azadlıq mübarizəsi ruhunda yetişməsində önəmli rol oynayır. Həmin şeirlərin birində müəllif işğalçı bolşevik rejiminə, müstəmləkə zülmünə qarşı etirazını belə ifadə edir:

Qaldıqca ruslarda diyarım mənim,
İntiqam olacaq şüarım mənim.


Düşmənlərdən intiqamını gəncləri milli azadlıq uğrunda mübarizələrə hazırlamaqla alırdı. Əmin Abid millət sevgisinə, vətənpərvərliyinə görə daim təqib edilir və işdən çıxarılır. Eyni zamanda mətbuatda tənqid hədəfinə çevrilir. O, marksizm-leninizm ideologiyasına yiyələnməməkdə ittiham olunur.
Bələ bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü görür və elmi mübarizə yolunu seçir. Çox çətinliklə də olsa, qədim və orta yüzilliyin qaynaqlarını araşdırır. Əldə etdiyi nailiyyətləri sistemləşdirməyə çalışır. Amma həyatını repressiya tufanından xilas edə bilmir. Adı türk millətçilərinin siyahısına salınır. Maarif sahəsində aparılan “təmizləmə” əməliyyatı əsasən türk ədəbiyyatı, coğrafiya və tarix müəllimlərinə qarşı yönəldilirdi. Bundan sonra onun Bakıda işləməsi daha da çətinləşir. Məcburiyyət qarşısında qalan alim 1929-1934-cü illərdə Ağdas, Quba və Ağdam rayonlarında müəllim işləyir.
Milli ziyalılığa düşmən kəsilən Stalin diktaturası minlərlə günahsız insan kimi Əmin Abidi də qara kölgə kimi izləyir. Nəhayət, o, 1938-ci il iyulun 14-də həbs edilir. Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırılır. Oktyabrın 21-də, 40 yaşında güllələnir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar