Mikayıl Müşfiqin xatirəsi yad edilib

Yanvarın 6-sı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin (1908-1938) xatirə günü idi. Bu münasibətlə tanınmış ədəbiyyat, elm xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri şairin Bakı şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) özünəməxsus poetik aləmə malik, coşqun, parlaq, nikbin təbiətli bir şair olub. O, 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” ləqəbi ilə şeirlər yazmışdır. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib, rus-Azərbaycan məktəbində, Bakı Darülmüəllimində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, son iş yeri hazırda Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.
Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları işıq üzü görüb. Müşfiq həm də gözəl tərcüməçi olub, A.S.Puşkin, M.Y.Lermontov, T.Şevçenko, Ö.Xəyyam və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib.
Şairin əbədiyaşar xatirəsi əbədiləşdirilib, Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb.
Bu gün Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalıdır, onun əziz xatirəsi doğma xalqının qəlbində daim yaşayacaq.
* * *
Xızı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Sayadlar kəndində Mikayıl Müşfiqin ölümünün 76 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında təşkil edilmiş mərasimdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Şair-publisist Məmməd Aslan, Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu və başqaları görkəmli poeziya ustasının yaradıcılığından söz açıblar. Cabir Novruz adına Şuraabad qəsəbə orta məktəbinin şagirdlərinin, eləcə də mədəniyyət işçilərinin ifasında ölməz şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Mərasim iştirakçıları Mikayıl Müşfiqin xatirə muzeyində toplanmış eksponatlara baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar