Tarixində bir çox sivilizasiyaların izi qalmış şəhər fərqli din, dil və mədəniyyətlərin vəhdət yeridir

Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarına əsasən, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri 2014-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” elan edilib. Kazan bu mədəniyyət estafetini ötən ilin “paytaxt”ı olmuş Əskişəhərdən qəbul edib. Ötən dövr ərzində TÜRKSOY təşkilatının bir çox tədbirlərinin ünvanı Kazan şəhəri olacaq. Bu il ikinci dəfə gerçəkləşəcək “Türkvizyon” musiqi müsabiqəsinə də Tatarıstanın paytaxtı ev sahibliyi edəcək.

Biz də bu əlamətdar vəsilə ilə türk dünyası və İslam mədəniyyətinin zəngin səhifələrinin yaşadığı bu qədim və gözəl şəhərin tarixinə, mədəni irsinə ekskurs etmək qərarına gəldik.
Qeyd edək ki, Kazan şəhərinin tarixi bir sıra mənbələrə əsasən XI əsrin əvvəlindən hesablanır. 2005-ci ildə şəhərin 1000 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Hərçənd yaşayış məskəni kimi bu yerin tarixi daha qədim çağlara gedib çıxır. Bu yöndə elmi araşdırmalar hələ XIX əsrin sonunda aparılmışdı. Bir əsr sonra, 1995-ci ildə Rusiya və dünya arxeoloqlarının iştirakı ilə geniş tədqiqat işləri başlandı. Aşkar edilən qədim əşyalar, o cümlədən metal sikkələr diqqətlə tədqiq ediləndən sonra alimlər Kazanın bünövrəsinin 1005-ci ildə qoyulduğu barədə qərar verdilər və bu qərar Rusiya Elmlər Akademiyası tərəfindən təsdiqləndi.
Əlamətdar tarixin beynəlxalq səviyyədə qeyd edilməsi üçün UNESCO-ya müraciət olundu. Təşkilat Kazan Kremlini dünya mədəni irs siyahısına daxil etdi. Kazan Kremli öz gözəlliyi ilə heç də Moskva Kremlindən geri qalmır. Yeri gəlmişkən, sovet kinosunun yaddaqalan filmlərindən olan "İvan Vasilyeviç peşəsini dəyişir" komediyasının məşhur səhnələri məhz Kazan Kremlində çəkilib.

Qədim tarix və Bulqar dövlətinin paytaxtı

İndiki Kazan şəhərinin yerləşdiyi ərazi ən qədim vaxtlardan insan məskəni olub. Münbit torpaq, heyvanat aləmi, o cümlədən Kazanka çayında bol olan balıq ehtiyatı qədim insanların ətraf ərazilərdən bu yerlərə köç edərək məskən salmasına şərait yaratmışdı. Bu ərazidə ilk insan məskənlərinin tarixi yeni eradan əvvəl VIII-V minilliklərə təsadüf edir. Köhnə eranın II minilliyindən etibarən bölgəyə əcnəbi tayfaların basqınları genişlənib, əvvəlcə şərqi fin tayfaları, eramızdan əvvəl VIII-V əsrlərdə Qara dəniz sahilindən və Şimali Qafqazdan skif tayfaları buralarda görünməyə başlayıb.
Yeni eranın ilk əsrlərindən isə bölgədə qədim türk tayfaları olan bulqarlar məskən salıb. Əsasən Volqaboyundan köç edən bulqarlar VII əsrdə burada dövrün güclü dövlətlərindən sayılan Volqa Bulqar dövlətini qurublar. IX-X əsrlərdə Bulqar dövlətində ilk şəhərlər meydana gəlir. Onlardan ən böyüyü olan Kazan dövlətin paytaxtına çevrilir.
"Böyük Volqa yolu"nun - Skandinaviya və Baltik dənizi sahillərindən Xəzərədək uzanan ticarət yolunun inkişaf etməsi Kazanın strateji əhəmiyyətini daha da artırır. XII əsrdə Kazanka çayının sahilində şəhəri xarici basqınlardan qorumaq üçün qala divarları inşa edilir. Kazanı ələ keçirmək istəyən qüvvələr isə yetərincə idi.

Qızıl Ordanın hökmranlığı altında

XIII əsrin əvvəlində Qızıl Orda dövlətinin Qərbə doğru başlanan geniş istilaları Volqaboyu sahillərə və Bulqar dövlətinə də çatdı. Bulqarlar 1223-cü ildə Çingiz xanın qoşunlarının ilk hücumunu dəf etsələr də, bu nəhəng dövlətlə uzun müddət savaşmaq gücündə deyildilər. 1236-cı ildə Batı xanın qoşunları bütün Volqaboyunu, o cümlədən Bulqar dövlətini də ələ keçirdi. Kazan şəhəri Uzaq Şərqdən Avropayadək uzanın Qızıl Orda imperiyasının ən vacib ticarət mərkəzi oldu.
İki əsrə yaxın davam edən Qızıl Orda hökmranlığı dövründə Kazan və ümumilikdə Volqaboyu mühüm iqtisadi regiona çevrildi, bu yerlərə köç edən tatar tayfaları bölgəyə əlavə mədəni zənginlik də gətirdilər. Bu qarşılıqlı zənginləşmə tədricən sintetik türk etnosunun - tatar xalqının təşəkkül tapmasına təkan verdi. İslam artıq bölgədə hakim dinə çevrilmiş, Kazanda məscidlər tikilməyə başlamışdı.
Qeyd etmək lazımdır ki, qədim rus salnamələrində Kazanın adı da ilk dəfə məhz bu dövrdə, daha dəqiqi, 1391-ci ildə yer alıb. Həmin salnamələrdə 1399-cu ildə Moskva knyazı Yuri Dmitriyeviçin Kazana hücumu da əks olunub.
XV əsrin əvvəllərində Qızıl Ordada daxili çəkişmələrin artması imperiyanı zəiflətdi və bu vəziyyətdən istifadə edən vassal dövlətlər fəallaşdılar. 1422-1438-ci illərdə bölgənin hökmdarı olmuş və əslən Qızıl Ordanın hakim Cuçilər tayfasından olan Qiyasəddin imperiyanın dağılmaqda olduğunu görərək mərkəz Kazan olmaqla müstəqil dövlət (xanlıq) yaratmağa başladı.

Kazan xanlığı - bir əsr müstəqillik

Qısa müddətdə Kazan xanlığının güclü dövlətə çevrilməsi qonşu rus knyazlıqlarını, o cümlədən onların ən güclüsü olan Moskva knyazlığını razı sala bilməzdi. Üstəlik Qiyasəddinin ölümündən sonra xanlıq faktiki olaraq başsız qalmışdı. Belə bir şəraitdə Kazan zadəganları bacarıqlı diplomatiya yeridərək Moskva knyazlığına qarşı mübarizədə digər qonşu dövlətlərlə ittifaq yaratmağa müvəffəq oldular. İlk belə ittifaqı Aşağı Volqaboyunun hökmdarı Uluq Məhəmmədlə bağlayan Kazan xanlığı 1445-ci ildə Moskva knyazlığı ilə döyüşdə qalib gəldi.
Həmin ildə Uluq Məhəmməd vəfat etdi və onun oğlu Mahmudbəy müstəqil Kazan xanlığının ilk xanı elan edildi. Onun hakimiyyəti dövründə xanlıq iqtisadi yüksəlişə nail oldu, Kazan bölgənin ən iri şəhərinə çevrildi. Bu dövrdə Kazan həmçinin mühüm dini mərkəz kimi təşəkkül tapmağa başladı, şəhərdə yeni məscidlər, mədrəsələr tikildi.
Kazan xanlığının müstəqil dövlət kimi ömrü təxminən bir əsr davam etdi. Rus torpaqlarını Moskva knyazlığı ətrafında birləşdirən və 1547-ci ildə özünü Rusiya çarı elan edən İvan Qroznının nəzərləri artıq ətraf bölgələrə yönəlmişdi. Bu sırada ilk hədəf Kazan xanlığı idi. Xanlıq isə bu dövrdə özünün heç də yaxşı zamanlarını yaşamırdı. Yadigar xan dövləti sələfləri kimi idarə edə bilmirdi. 1552-ci ildə İvan Qroznının qoşunları bir həftə sürən mühasirədən sonra Kazana daxil oldular. Yadigar xan əsir götürüldü, şəhər isə yandırıldı. Tatarların rus istilasına qarşı üsyanları bir neçə il davam etdi, amma artıq Kazan xanlığı mövcud deyildi, o, Rusiyanın tərkibinə daxil edilmişdi.

Rusiyanın tərkibində

Kazan xanlığının Rusiya çarlığı tərəfindən istila edilməsi tatar xalqının taleyində ağır izlər qoydu. İvan Qroznının əmri ilə tatar əhalisinin böyük hissəsi Kazandan ucqar kəndlərə köçürüldü. Onların yerində şəhərə müxtəlif yerlərdən köçürülən ruslar məskən saldılar. Kazan isə rus şəhəri elan edildi. 1556-cı ildə şəhərdə Kreml tikilməyə başlandı. Ağ mərmərdən inşa edilən Kreml şəhərə əlavə gözəllik gətirsə də, bunun artıq yerli tatarlara elə bir təfavütü yox idi. Əslində Kazanda Kremlin tikintisi də hər şeydən öncə siyasi anlam daşıyırdı. Moskva knyazları ələ keçirdikləri bütün şəhərlərdə belə Kreml tikməklə həmin şəhərlərin tarixi rus şəhəri olduğunu nümayiş etdirməyə çalışırdılar.
1708-ci ildə I Pyotrun əmri ilə Rusiyanın bütün ərazisi quberniyalara bölündü və Kazan da eyniadlı quberniyanın inzibati mərkəzi oldu. Kazan tədricən iri sənaye şəhərinə çevrilsə də, əvvəlki görkəmini xeyli itirmişdi, Qızıl Orda və xanlıq dövründə tikilmiş məscid-mədrəsələrdən əsər-əlamət yox idi. Vaxtilə şəhər əhalisinin əksəriyyətini təşkil edən tatarların sayı isə ümumi əhalinin (təxminən 40 min nəfər) yalnız 10 faizini təşkil edirdi. Sonrakı dövrdə Kazanda tatarların məskunlaşmasına qismən icazə verilsə də, çar imperiyası ruslaşdırma xəttini davam etdirirdi. 1897-ci ildə aparılmış siyahıyaalmaya görə, şəhər əhalisi 130 min nəfər idi, bunun yalnız 22 faizini tatarlar təşkil edirdi.
Bununla belə, Kazanın Rusiya imperiyası tərkibində olduğu dövr müsbət tendensiyalarla da müşayiət olunurdu. Şəhər regionun iri elm, təhsil və mədəniyyət mərkəzinə çevrildi. 1758-ci ildə Rusiyanın əyalətlərində ilk dəfə məhz Kazanda gimnaziya açıldı. Çətinliklə olsa da, tədricən İslam təhsil sistemi də yenidən təşəkkül tapırdı. Kazanda mədrəsələr İvan Qroznının dövründə ləğv edilmişdi və 1771-ci ildə şəhərdə iki mədrəsə açıldı. Amma imperiya burada da müvafiq statistikaya riayət edirdi. Məsələn, XIX əsrin sonunda Kazanda 88 kilsə fəaliyyət göstərdiyi halda, məscidlərin sayı cəmisi 13 idi.
1791-ci ildə Kazanda ilk teatr fəaliyyətə başladı. 1804-cü ildə Kazan Universiteti açıldı. Universitet Rusiyanın ən iri təhsil ocaqlarından birinə çevrildi. Rusiyanın bir çox məşhur simaları, o cümlədən dünya şöhrətli yazıçı Lev Tolstoy bu universitetin məzunu idi. Məşhur azərbaycanlı şərqşünas, dilçi Mirzə Kazımbəy bu universitetdə dərs deyib.
Kazanda ilk qəzet - rus dilində “Kazanskiye izvestiya" 1811-ci ildə işıq üzü görüb. Təxminən bir əsr sonra, 1905-ci ildə isə Kazanda tatar dilində ilk qəzet - “Kazan müxbire" nəşr olunmağa başladı.
XX əsrin əvvəlində Kazan artıq təkcə Rusiyanın deyil, Avropanın da iri sənaye mərkəzlərindən birinə çevrilmişdi. Şəhərdə 100-ə yaxın sənaye müəssisəsi vardı. 1917-ci ilin Oktyabr inqilabı ərəfəsində Kazan sənaye və ticarət sahəsində Rusiyanın beş ən böyük şəhərindən biri, həmçinin iri elm-texnika və mədəniyyət mərkəzi idi. Sovet hakimiyyəti də Kazanı köhnə Rusiyadan beləcə təhvil aldı...

Kazanın yeni həyatı

Sovetlərin süqutundan sonra Kazanın həyatında yeni dövr başlayıb. Rusiya Federasiyasının 89 subyekti arasında ən geniş özünüidarə səlahiyyətlərinə malik olan Tatarıstanın paytaxtı olan Kazan zəngin tarixi ilə yanaşı, bu günü ilə də öyünməyi haqq edib.
Əsrlər boyu çeşidli sivilizasiyaların kəsişdiyi şəhər bu gün fərqli mədəniyyətlərin, Şərqlə Qərbin, İslam və xristian dünyagörüşlərinin qovuşduğu bir yerdir. Pravoslav, müsəlman, iudaizm, katolik, hətta buddizm dinlərinin bir arada mövcud olduğu şəhər tolerantlıq səviyyəsinə bir çox beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun hesabatlarında örnək olaraq göstərilir.
Kazan, eyni zamanda Rusiyanın ən "cavan" şəhərlərindəndir. Şəhərin 1,1 milyon əhalisinin 40 faizdən çoxunu gənclər təşkil edir. Kazan həmçinin dünyanın ən beynəlmiləl şəhərlərindən biridir. Burada nə az-nə çox - 110 millətin nümayəndəsi yaşayır...

Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar