Azərbaycan

10 yanvar 1929 - Tanınmış dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 - 26.9.2009) Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan onomastikası" və s. kitabların müəllifidir.
10 yanvar 1932 - Musiqişünas, professor Elmira Əbdülhəmid qızı Abasova (1932-12.2.2009) anadan olub. Üzeyir Hacıbəyli haqqında kitabların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) rektoru (1977-1991) olub.
10 yanvar 1938 - Bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova (1938 - 11.2.2012) Hacıqabulda anadan olub. ”Yanan laylalar” operasının (libretto - Ramiz Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Gəl-gəl, gülüm” və s.), romansların müəllifidir.
10 yanvar 1948 - Əməkdar artist Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bico kəndində doğulub. Milli Dram Teatrının aktyorudur. “Cavad xan” filmində, televiziya tamaşalarında rol alıb.
10 yanvar 1949 - Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub.
10 yanvar 1953 - Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 - 28.11.2011) Bakıda doğulub. Teatr və televiziya tamaşalarında («Kişilər» - Səlimə, «Yollar görüşəndə» - Rahidə və s.) maraqlı rollar oynayıb.
10 yanvar 1954 - Şair, nasir, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Məsimov) anadan olub. Bir çox şeirlərinə musiqi yazılıb.
10 yanvar 1956 - Müğənni, Xalq artisti Ağadadaş Həmid oğlu Ağayev Cəlilabad rayonunun Hasıllı kəndində doğulub.
10 yanvar 1962 - Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 - 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, bir sıra filmlərdə (“Lətif”, 1930) çəkilib.

11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
11 yanvar 1994 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (Bakı, Əmircan, 8.3.1940 - 1994) vəfat edib. “Alma almaya bənzər”, “Qızıl uçurum”, “Qanlı zəmi”, “Fəryad” və s. filmlərdə quraşdırılmış səhnələrin operatoru olub.

12 yanvar 1908 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si, “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.
12 yanvar 1928 - Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli anadan olub. Estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Milli Ensiklopediyanın ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.

13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib.
13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” (eyni zamanda baş rolun ifaçısı), “Gənc qadının kişisi” və s.
13 yanvar 2003 - Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah və s.) maraqlı obrazlar yaradıb.

Dünya

10 yanvar 1797 - Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Annette von Droste-Hülshoff; 1797 - 1848) anadan olub.
10 yanvar 1827 - İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox; 1827 - 1902) anadan olub.
10 yanvar 1883 - Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 - 1945) anadan olub. “I Pyotr”, "Əzablı yollarla" (üç kitab), "Mühacirlər", “Mühəndis Qarinin hiperboloidi” romanlarının, "Aelita", "Gürzə", "Qraf Kaliostro" povestlərinin müəllifidir.
10 yanvar 1905 - Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.

11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan SSR-nin Xalq artisti (1934) adına layiq görülüb.
11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.

12 yanvar 1628 - Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
12 yanvar 1863 - Hind filosofu Svami Vivekananda (əsl adı Narendranatx Datta, 1863 - 1902) anadan olub.
12 yanvar 1876 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer) Vyanada anadan olub. 104 yaşlı aktrisa hazırda həyatda olan ən qocaman “Oskar” (1936 və 1937-ci illərdə layiq görülüb) laureatıdır.
12 yanvar 1936 - Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.
12 yanvar 1937 - Fransız aktrisası Mari Dübua (Marie Dubois - Claudine Lucie Pauline Huze) anadan olub. Filmləri: “Böyük gəzinti”, “Təhlükə”, “Cəhənnəmə yol” və s.
12 yanvar 1949 - Yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.

13 yanvar 1924 - Alman əsilli Amerika filosofu Paul Feyerabend (Paul Karl Feyerabend, 1924-1994) Vyanada doğulub.
13 yanvar 1931 - Rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə məşhur detektiv əsərlərin müəllifidir. Əsərləri: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası” (povest əsasında “Görüş yerini dəyişmək olmaz” televiziya filmi çəkilib), “Cəlladın incili” və s.
13 yanvar 1937 - Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar