Sənət-səhnə aləmi yaddaşında daim bu sayaq xatırlanası Tofiq Kazımov...

Ötən yazılarımın birində mən onu əbədi “baş rolçu” kimi xatırlamışam - “əlbəttə, xatirələrimizin səhnəsində” əlavəsilə. Düz on altı il ölkəmizin baş teatrında baş rejissor titulu daşıdığı halda, onu “baş rolçu” adlandırmaq fikrinə düşməyimin bir neçə səbəbi var ki, bunların açması bu yazı boyunca...

Əsas səbəb olaraq bunu deyim ki, rejissorların istedad elementləri aktyorlara nisbətdə daha azgörünən, çətinçatan olur. Belə ki, birincilərin günlər-aylarla fikirləşib tapdıqları, məşqlərdə öyrətdikləri mizanlar, jestlər də, - bütün bunları bir andaca tamaşaçıya çatdıran ikincilərin nəfinə yazılır. Necə ki, kütlələr Üzeyir bəyin “heç hənanın yeridir?” kimi sözlərini həmişə “Əliağa demişkən” işarətilə xatırlayırlar. Bu “adı mənim, dadı sənin” məsəlinə timsal “tale”nin tərsini (dadı mənim, adı sənin) böyük rejissorlar da yaşayır. Belə ki, Tofiq Kazımovun saysız-hesabsız yozumları sadə tamaşaçılara ayrı-ayrı aktyorların tapıntıları kimi çatıb. Lakin hər dövrün ayıq-oyaq tamaşaçıları, teatr mütəxəssisləri, elitar rəhbər kadrları da olur ki, onlar hər şeyi öz yerində görür, hər kəsi öz dəyərində qiymətləndirirlər. Tofiq Kazımov da - atası (alovlu şair və yorulmaz teatr-mədəniyyət xadimi Səməd Mənsur) sovetlər dövrünün məşhur “dincdurmaz”larından olduğundan - öz istedad və qabiliyyət dəyəri müqabilində qiymətləndirilməsə də, “Antoni və Kleopatra” (1965) və “Şəhərin yay günləri” (1979) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub, həyat və yaradıcılığı, özəl sənətkarlıq xüsusiyyətləri haqqında maraqlı monoqrafiya və neçə-neçə məqalələr yazılıb.
Bütün bunların fövqündə isə Tofiq Kazımov fenomeninin əbədi atributu kimi qiymətləndirilən fakt budur ki, o öz fəhmilə o dövrdə SSRİ mərkəzinin hərdən “periferiya” ayaması ilə də xatırlatdığı Azərbaycan SSR-ni səhnə-sənət baxımından “balaca qardaş”lıqdan çıxarmağa müvəffəq olmuşdu. Onun qoyduğu tamaşalar öz orijinallığı, novator elementlərilə milli teatrımızı Smoktunovski, Tovstonoqov kimi Moskva nəhənglərinin qalın kölgəsindən çıxarırdı.
Bunlar hamıya məlum faktlardan idi. Amma Tofiq Kazımov sənətinin dərinliyinə vara bilənlər belə bir müstəqim və məcazi qovuşuqla da üzləşirdilər:

Alt qat...

Bəli, o, sənət inqilablı, səhnə sərhədi daxilində milli istiqlalçı rejissor idi. Təbiətcə poetik, təbcə dramatik, dirijor-rejissor idi. Öz nəsil-şəcərə kökü üstdə bitibən hər tərəfdən görünən palıd, əyilməz polad sənətkar idi. Əli qələm, dili milli atəş-ələm olan atası Səməd Mənsur kimi - mizan-düzəni Xalq idi, Vətən idi. Ümumiyyətcə... o - Tofiq Kazımov idi!..
Deyim ki, yuxarıkı abzasda bir qədər mənsuri-şeiriyyətə varmağım səbəbsiz deyil. Belə ki, Tofiq Kazımovun da təfsirində həyatla sənət qafiyələnirdi...
Onunçün səhnə də bir sənət inşaatı meydanı idi. Dahilər, ustadlar bu məbəd-“tikili”nin həm memarı olurlar, həm bənnası. Adilər isə, sadəcə, iş icraçısı...
O, işləri elə qurmuşdu ki, Dramteatr vahid bir milli müzakirə evinə, aktyor-tamaşaçı ailəsinə çevrilmişdi. “Akademik” təyinatı ilə çalışan baş teatrımız o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında “...birləşin!” xitabı edilən proletariatı da. Əslində, o zamanlar elitarlarla proletarlar, olsa-olsa, səhnədə birləşirdilər. Onun zadəgan mizan-düzənilə nail olduğu səhnə-salon tandemi, o dövrdən əvvəlki (1920-yə) və sonrakı (1991-dən) dövrlərin eyhami bir duallığı yaranırdı.
Səslənişcə doğma, əməl-işcə çətin bir ifadə var: quruluş... Bu da - Füzulianə “yaxşı nəzər etdikdə” - dövlət qurmaq kimi bir aktdır. Bu “sənət ölkəsi”nin “sərəncam”çısı isə ayrı-ayrı fanatlar, partiyalar, fraksiyalar yox, bütövlükdə xalqdır. Tofiq Kazımov isə dünyanın o rejissorları sırasındadır ki, bəzən sözə də quruluş verirdi. Ömür “quruluş”undakı avto-qəza məsələsinə gəldikdə isə... Qoy bu da olsun bütün ədəbi-bədii janrlarda saysız-hesabsız tamaşalar hazırlamış müqtədir rejissorumuzun “avtoportret-novella” tamaşası...
Bu gün saysız-hesabsız orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallarla qeyd etmək olar ki, Tofiq Kazımovun tamaşaları erasında “Dramteatr” dillər əzbəri, elitar diskusiyalar ünvanı, bəsirəti-gözlər bəzəyi idi. Bununla bağlı çox səbəblərdən biri də bu idi ki, bayırdakı basmaqəlib ictimai-siyasi situasiyalardan, münasibət trafaretlərindən bezikənlər “həyat belədir, gedək görək sənətdə nə deyirlər”, “səhnədə nələrə toxunurlar” kimi sual-istixarələr edirdilər. Tofiq Kazımov isə onları iki-üç saatlıq daha kalorili kəlam-mükalimə ziyafətinə, kaleydoskopial quruluş mənzərələrinə dəvət edirdi. O, bu kiçik məkan-həyatda böyük həyatdakı doğruların, doğruluqların üzünü bir az da ağardır, yalan-yalançılıqlarınınkını isə sənətin ecazkar rənglərilə daha da qızardırdı.
O vaxtlar biz (bir neçə gənc televiziya işçisi) Tofiq müəllimlə tez-tez görüşmək arzusunda olsaq da, onun işgüzar zəhmi (xüsusi sənət çəkisi) bunu əngəlləyirdi. Amma arzumuzun alındığı məqamlar da olurdu. Belə hallarda o, suallarımıza çox qısa cavablar verər, geniş erudisiyası, dəmir məntiqi ilə bizi “sual hakimiyyəti” kürsüsündən endirib, ortaq həmsöhbət, məsul tamaşaçı həddinə salardı. “Deyəsən, biz (televiziya) sizi (teatrı) üstələyirik, axı...” sualımıza cavabını dəqiq xatırlayıram: “Bunda pis heç nə yoxdur. Televiziya çox inkişaf edəcək. O qədər ki, - kütlələri də tam inkişaf etdirəcək və xalq bütövlükdə yenidən əsl teatra qayıdacaq...”.
Sənətə başdan-başa yeni baxışla yaşamış bu sənətkar heç nəyə və heç kimə “toxunulmaz” statusunda baxmırdı. O cümlədən, “məşhur” möhürlü müəlliflərə və “populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə kimi baş qəhrəmanı tələbə Amalya Pənahovaya, “Ölülər”dəki İsgəndər kimi katalizator-obrazı gənc Həsənağa Turabova tapşırması ilə o, dövrün əzəmətli vəzifəlilərinə, “qardaşoğlu-bacıqızı”lı “day-day”lara əməli və mənəvi bir dərs də vermiş oldu.
Və teatrda, institutda, həyatda belə-belə dərslər verə-verə, özü də dönüb oldu məktəb. Teatr tariximizdə beş-üç canlı məktəbdən biri. Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə, cəmiyyətimizin seçkin şəxsiyyətlər qalereyasına, teatrsevərlərin əziz xatirələrinə köçdü...
O xatirələrə ki, xatiratçıların hansından soruşsan, özünü yığışdırıb, qayğılı, məsuliyyətli bir görkəm alıb, bir az da hüznlənib dəqiqələrlə, bəziləri isə saatlarla danışa bilər. O külli-xatirələrə Kazımovsayağı traktovka verə bilsən, bəlkə bu xəyal-xatirəstandan birtəhər ayrılıb bir tərəfə çıxmaq ola. Peşəsinə görə “avtoteatral ömür” də adlandırmaqdan çəkinmədiyim həmin canlı əsərin üç pərdəsi isə milli-mental salonumuzun əbədi alqışlarına layiq:
- evində ideal ata, ər;
- həyatda məğrur ziyalı;
- işdə ciddi və qayğıkeş sərkər!
Qeyd edim ki, qırx illik mətbu fəaliyyətimdə - təkrar-trafaretçiliyə yol verməmək cəhdilə - Tofiq Kazımov haqda çox yazmışam və - basmaqəlib ifadə ilə davam edim ki, ömür vəfa etsə, hələ çox yazacağam. İrəliki yazılarımda ən sevimli, sevgili xatirələr adamı olan bu sənətkar barədə müxtəlif epizodlar versəm də, aşağıdakı xatirəni, demək olar, hər dəfə oxuculara çatdırmaq ehtiyacı duymuşam.
Bəli, bir gün Azdramadakı iş otağında məşhurluqdan söz düşdü, onu çox öydük, qayıtdı ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda Ədil İsgəndərov bir neçə dostuyla Gəncə yaxınlığındakı doğma kəndinə qonaq gedir, anası Həsənağa Salayevi görəndə yüyürür üstünə ki, ay oğul, bu Ədil məni eşitmir, yaxın dostusan, bunu başa sal, qoy yığışıb gəlsin kəndə. Axı o şəhərdə nə var, e?! Day biz də qocalmışıq, mal-davarımıza ot-əncər gətirənimiz yoxdur...
Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana (ata, qardaş, bacı) tamaşaçılara oyanış, o ananın əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu və bu “son ucu ölümlü” dünyanın baş monoloqunun başlığındakı (“Olum, ya ölüm?!”) sözlərin birincisinə nail oldu...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar