Azərbaycan
17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Dövlət Musiqili Teatrı) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.
17 yanvar 1926 - Şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" kitablarının müəllifidir.
17 yanvar 1951 - Filologiya elmləri doktoru, professor Sədi Şəfaqət oğlu Nuriyev Bərdə rayonunun Hacallı kəndində anadan olub. F.M.Dostoyevskinin yaradıcılığına dair tədqiqatların, “Dostoyevski və Şərq” monoqrafiyasının müəllifidir.
18 yanvar 1915 - Rəqqas, Əməkdar artist Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun” (1956), “Əhməd haradadır?” (1963), “Ulduz” (1964), “Dəli Kür”(1969) və s. filmlərdə baletmeyster, rəqslərin quruluşçusu olub.
18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927-5.12.1997) anadan olub.
18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “Girov”, “İstanbul reysi” və s. filmləri çəkib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
18 yanvar 1947 - Xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Hazırda kollektivin bədii rəhbəridir.
18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873-6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biridir. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
20 yanvar 1928 - Tarixçi və etnoqraf, AMEA-nın həqiqi üzvü Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir. “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktorudur.
20 yanvar 1940 - Teatr rejissoru, Xalq artisti, professor Cənnət Əlibəy qızı Səlimova anadan olub. Rus Dram, Bakı Kamera teatrlarının rejissoru olub, Musiqi Komediya, Opera və Balet teatrlarında tamaşalara quruluş verib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. "Şöhrət" ordeni ilə təltif edilib.
20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında” və s.
20 yanvar 2010 - Bakıda 20 Yanvar abidə kompleksinin açılışı olub. Kompleksin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
21 yanvar 1907 - Tarixçi və iqtisadiyyatçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-22.1.1992) Bakının Əmircan kəndinə doğulub. Azərbaycan xalqının etnogenezinə dair dəyərli tədqiqat əsərlərinin müəllifidir.
21 yanvar 1924 - Bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", "Gözlərimin işığı" və s.), romansların müəllifidir.
21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədridir.
21 yanvar 1999 - Bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1922, Şuşa - 1999) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
21 yanvar 2008 - Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
21 yanvar 2011 - Dilçi alim, şair Əjdər Fərzəli (23.3.1937, Ağcabədi - 2011) vəfat edib. Nəsimi adına Dilçilik İnstitutunda çalışıb, “Kitabi-Dədə Qorqud” dastanı, Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, qədim yazı mədəniyyətimizlə bağlı tədqiqatların müəllifidir.
Dünya
17 yanvar 1706 - Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
17 yanvar 1863 - Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.
17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti, 1933-1987) Misirdə anadan olub. Fransız və ərəb dilində populyar mahnılar oxuyub.
18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
18 yanvar 1955 - Amerika aktyoru, rejissor və prodüser Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” - 1990) və s.
19 yanvar 1798 - Fransız filosofu, pozitivizmin və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
19 yanvar 1809 - Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları ekranlaşdırılıb: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.
19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
19 yanvar 1865 - Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
20 yanvar 1884 - Rus yazıçısı Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
20 yanvar 1920 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub. “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.
21 yanvar 1941 - İspan opera (tenor) müğənnisi Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub.
Hazırladı: Vüqar Orxan