Taleyinə mühacirət və didərginlik yazılan Məhəmməd Əmin Rəsulzadənin ailəsi təsviri sənət aləminə iki dəyərli ad bəxş edib
Ötən əsrin 20-ci illərin sonu - 30-cu illəri tariximizə kütləvi repressiyalar dövrü kimi həkk olunub. Bu illərdə sovet rejiminin hədəf aldığı yüzlərlə ziyalımız, xalqımızın öndə gedən övladları güllələnib. Repressiya dalğasından keçib həyatda qalanları isə SSRİ-nin gedər-gəlməz yerlərinə, ucqar guşələrinə sürgün gözləyirdi. Həmin qanlı-qadalı illərdə Vətənini, millətini varlığı qədər sevən neçə-neçə yurddaşımız ev-eşiyindən pərən-pərən salındı, uzaq ellərə sürgün edildi. İşıqlı əməl sahibləri olan bu adamların çoxunun günahsız olduğu çox təəssüf ki, yalnız çox-çox sonralar üzə çıxdı və onlar haqq etdikləri bəraəti aldılar.
Dövrün acı səhifələrini yaşamış insanlar arasında Həsən Haqverdiyev, Hüseyn Axundov, eləcə də atalarının məruz qaldığı repressiya dalğasından öz nəsibini almış Azər Rəsulzadə, Tahir Salahov, Toğrul və Vidadi Nərimanbəyovlar, Oqtay və Toğrul Sadıqzadələr kimi təsviri sənət nümayəndələri var.
Taleyinə didərginlik yazılanların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin ailəsi də vardı. İş elə gətirdi ki, repressiya dalğası səngisə belə, bu ailə daha heç vaxt bir yerdə ola bilmədi. Ölkəsini müstəqil görmək istəyən atanın ömür yolu - işıqlı arzulara köklənmiş həyatı Almaniya, Polşa və Türkiyədə, oğlu Azərin məşəqqətli günləri isə Azərbaycandan kənarda - Qazaxıstan torpağında keçdi.
Azər Rəsulzadə (1920-1993) Qazaxıstanda ailə həyatı qurdu və ömrünün axırına kimi orada yaşadı, rəssamlıqla məşğul oldu. O, sürgündən əvvəl Bakıda Rəssamlıq Texnikumunu bitirmişdi. Qazaxıstanda orta məktəbdə uşaqlara rəsm dərsindən dərs deyib, böyük həvəslə onlara rənglər vasitəsilə gözəllik yaratmağın sirlərini öyrədib. O, sonralar Karaqanda şəhərində Bədii Fondda rəssam işləyərkən sənət aləmi ilə daha dərindən təmasda olub, özünəməxsusluğu ilə seçilən əsərlər yaradıb və realizmin bədii ifadə ənənələrinin nəhayətsiz olduğunu əyani göstərməyə nail olub. Müxtəlif janrlarda çəkilmiş həmin lövhələr Qazaxıstanda təşkil olunan ayrı-ayrı sərgilərdə uğurla nümayiş etdirilib. Azərbaycan sənətsevərləri isə yalnız 1994-cü ildə Bakıda təşkil olunmuş sərgidə Azər Rəsulzadənin və onun Azərbaycanda yaşayan oğlu Raisin yaradıcılığı ilə tanış ola biliblər.
Azər Rəsulzadənin portret və mənzərə janrlarında işlədiyi tablolarda yuxarıda qeyd etdiyimiz kimi onu əhatələyən gerçəkliyə real bədii münasibət mövcuddur. O, portret janrında işlədiyi əsərlərdə (“Avtoportret”, 1950; “Həkim Əbdürrəhman Hüseynov”, 1951), eləcə də təbiət motivlərini (“Yol”, 1960; “Yay motivi”, 1962) Vətən həsrətilə bələməyə nail olmaqla, rəsmlərin duyulası təsirliliyini əldə edə bilmişdir. Rəssamın görüntüyə gətirdiyi obrazlara xas incə və səciyyəvi cizgiləri rənglərin dili ilə ifadə edə bilməsini ilk növbədə onun insan psixologiyasına bələdliyinin nəticəsi saymaq olar. Onun mənzərələrində də bədii görkəm almış təbiət motivləri rəng tutumuna görə kifayət qədər duyğulandırıcıdır. Bunu isə Azər Rəsulzadənin dərin müşahidə qabiliyyəti ilə yanaşı, duyduğu reallığı poetik ovqat daşıyıcısına çevirə bilmək istedadının nəticəsi saymaq olar.
Azər Rəsulzadənin oğlu Raisi Qazaxıstandan Azərbaycana gətirən də onun rəssam olmaq istəyi idi. 1969-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdi və geriyə - Qazaxıstana qayıtmadı. Rais Rəsulzadənin yaradıcılığı elə o vaxtdan bu günə kimi Azərbaycanda keçdiyindən sənətsevərlər onun imzasını müxtəlif sərgilərdən yaxşı tanıyırlar. Onun tablolarını milli təsviri sənətimizin inkişafına layiqli töhfə saymaq olar.
İstedadlı fırça ustasının ən müxtəlif janrlarda çəkdiyi əsərlərdə dünyanı fərqli bədii şərhlə ifadə etmək istəyinin uğurlu nəticəsini görmək mümkündür. Tarixi abidələrin, qədim yurd yerlərinin təsvirləri (“Naxçıvan dağları”, 1980; “İçərişəhərdə”, 1985; “Şamaxı dağları”, 2003) irili-xırdalı əsərlərdə dəyişkən və cəlbedici rəng həlli ilə açıqlanıb.
Onun işlədiyi müxtəlif tutumlu tablolarda (“Şərq natürmortu”, 1980; “Metro inşaatçıları”, 1986; “Gizlində”, 1988; “Yorğun əsgər”, 1989) psixoloji yozumlar və ovqat ifadəsi (“Rəssam Qadir Süleymanovun portreti”, 1985, “Balıqçının portreti”, 1990) fərdi müəllif yaşantıları ilə qoşalaşdığından çox düşündürücüdürlər.
Rais Rəsulzadə müstəqillik illərində Azərbaycan təsviri sənəti sahəsində səmərəli fəaliyyətinə görə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Uzun illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyən Rais müəllimin gənc kadrların yetişdirilməsində də mühüm xidmətləri var.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi