“Min dəfə eşitməkdənsə, bir kərə görmək”...

1956-cı ilədək bu məsəl Azərbaycanda onlarca digər məsələ-mətləbə işləyirdi. Hamısı da yerli obyekt-subyektlərdən, maraqları mat-məəttəl qoyan mar-matahlardan ibarət...

Həmin ilin 14 fevralında bütün bu həsrət-həsbəndləri şəxsilik (pərakəndəlik) mahiyyətindən çıxarıb təmərküzləşdirən, məhəlli-bölgəvi səfsəfədən ictimai-milli fəlsəfəyə yönəldən, “üçbaşlı əjdaha”ları, “uçan xalça”ları, “72 metrlik qılınc”ları təxəyyül muzeylərinə gömən real “sehrli qutu” meydana gəldi: TELEVİZİYA!
Bu yazının başlığına bir də göz yetirməli və yada salınılası “eşitmək”lik nəsnələri içərisində (lətifəsi Mirzə Fətəli “kimyagər”inin məlum eyhamından iraq!) radionu istisna etməli. Nədən ki, “Danışır Bakı” “Göstərir Bakı”dan 30 il öncə gəlib Azərbaycan dünyasına. Və öz səs-avazı ilə bizim yarı ağzıdualı-yarı ayağıpatavalı, çoxu proletar, azı elitar dədə-nənələrimizi bir qərinə sonra gələn bu möcüzəvi, Göz-Söz tandemli inform-qutuya, əyləncə-sandığa hazırlayıb. Yəni yalnız “eşitmək” məhdudiyyətlinin haqqı bu həm də “görmək” görəvli canlı əşyanın üstündə az deyil. Necə ki bərəkətin də qədrini bilənlər - əlləri müqəddəs kitaba yetməyəndə - “Çörək Qurandan irəli gəlib” - deyə and içirlər, eləcə də, “morda” üstünlüyü ilə forslanıb sələfinə xor baxan televizionşiklərdən fərqli düşünən dərrakəli televizionçular hər vaxt belə bir daxili etirafda bulunurlar ki, televiziya - bir çox texniki və personal cəhətdən - radiomuzun bazası üstə yaranıb.
İndi... həmin “danışan”dan da öncə yaranmış “kütləvi informasiya vasitəsi” vasitəsilə həmin -

“Göstərən” haqda

Artıq qeyd edilmiş tarixçədən - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan televiziyası Stalinin total rejimindən qurtulub yavaş-yavaş yumşalmaqda olan sovet cəmiyyəti dövrünə təsadüf edirdi.
Telemərkəz binasının inşası 1954-cü ildə başlandı. Ünvan isə o gündən bu günə hər kəsə bəlli: Bakının ən hündür məkanlarından biri - Mehdi Hüseyn 1...
... Azərbaycan jurnalistikasında (bəzən, hətta publisistikasında) poeziyasız yazı qəndsiz çay içmək təsiri bağışlayır deyə, bu məqamda mərhum tribun şairimiz Tofiq Bayramın “Mehdi Hüseyn küçəsi” şeirindən bir neçə misra:

Bir küçə var -
dünyanı gətirir evimizə.
Özü görünməsə də,
Ərzi göstərir bizə.
Ekrandan, ya efirdən
Hər gün eşidirəm mən
Bu küçənin adını.
Nə yaxşı ki, bu yerə
Verdik sənin adını -
Mehdi Hüseyn küçəsi!
Hər gün diktorun səsi:
Ünvanımız belədir -
Mehdi Hüseyn küçəsi.

Hə, dövrün inşaatçı və mütəxəssislərinin müvafiq avadanlıqla təchiz etdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verildi. Bina, avadanlıq, studiya hazır. Bəs bu yeni inform-“era”nın astagəl addımlarını necə yeyinləşdirib, işləri mobilləşdirməli? Bu gün neçə-neçə qəzet səhifəsinə, radio-televiziya proqramına sığmayası götür-qoylar, çək-çevirlər, mürəkkəb mübahisə-müzakirələr uyuyur bu adi sualın mayasında. Onların “populyarlığa” daha çox əl verən “mürgülü”lərindən başlayaq.
Bəli, bu gün bizim üçün adidən-adi gələ biləsi, primitiv görünəsi “Göstərir Bakı!” sözləri ilə başlanılıb bu işə. Sonralar Azərbaycanın tanınmış sənətkarına çevriləcək (o dövrdə isə, sadəcə, “gənc aktrisa” olan) Nəcibə Məlikova ekranda görünür və bu kommunikasiya erasını «Göstərir Bakı!» kəlməsi ilə açır. Tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edir, ardınca «Bəxtiyar» bədii filmi nümayiş olunur. Studiya əvvəlcə həftədə iki, sonra üç dəfə (2 saatlıq proqramla) efirə çıxır. Televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə (yuxarıda xüsusi vurğuladığım kimi) əsasən radiodan, habelə qəzet və teatrlardan əməkdaşlar dəvət edilir. Proqramlaşdırma, şəbəkə-model haqqında anlayışın az olduğu bu yaradıcı, qaynar məkanda yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərir və gərgin müzakirə-məşvərətlər gedir: işçilər hər gün toplaşaraq tamaşaçılara “nə göstərək?..” istixarələri edirlər. Seçim isə, əlbəttə, zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları, diktorun qəzetlərdən oxuduğu 15 dəqiqəlik qısa xəbərlər...
Növbəti ildən televiziya efirə həftədə 5 dəfə çıxmağa başlayır, verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılır.
Beş il sonra (1962-ci ildə) gündəlik efir proqramlarının həcmi 7 saatadək artır. 70-ci illərdən etibarən 10, 80-ci illərdə 18 saata çatdırılır. 2005-ci ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçir.
Deyək ki, Azərbaycan televiziyası bugünkü adına (adlığına) və mənəvi dadına qədər çox “təyin-tamamlıq” lövhələri dövrü yaşayıb. Belə ki, 1956-cı ildə “Bakı televiziya studiyası” adıyla fəaliyyət göstərir, 1957-ci ilin oktyabrında Radioinformasiya idarəsi ilə birləşdirilir və “Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi” adlandırılır. 1970-ci ildə “Dövlət Televiziya və Radio Verilişləri Komitəsi” statusu alır, 1991-ci ildə şirkətə çevrilir. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti olur.
Bu təkrarsız yaradıcı, maarifçi, tərbiyə-təsirçi məkanda adı dillər əzbəri olmuş nüfuzlu, istedadlı şəxsiyyətlər çalışıb ki, onların say-siyahısı nə teleekranlar xronometrajına sığasıdır, nə mətbu səhifələrə. Bu yazıda, olsa-olsa, oranın sədrlərini xatırlatmaq mümkün: Ənvər Əlibəyli (1957, daha sonra 1965-69), Teymur Əliyev (1957-65), İmran Mirzəyev (1969), Qurban Yusifzadə (1970-82), Elşad Quliyev (1983-90), Qeysər Xəlilov (1990-91), Məmməd Murad (1991-92), Məmməd İsmayıl (1992-93), Babək Məmmədov (1993-96), Nizami Xudiyev (1996-2006).
2006-cı il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edilmişdir.

Neo-“anons”

İndilər bir neçə telekanal fəaliyyət göstərsə də, bu gün ana televiziyamızın ad gününü, 58 yaşını qeyd edib, qutlayırıq. Bəzi “çayda balıq yan gedər” üslublu stilyaqaların hərdən “nimdaş”, “Novruzəli” adlandırdıqları AzTV-ni deyirəm. Bu xalqın milli əxlaqını, ədəb-ərkanını, abır-həyasını daim diqqətdə saxlayan bu “Ağsaqqal TV” haqda “aşıq eldən yuxarı, dizi beldən yuxarı” təfəkkürü ilə düşünənlərin “super-leksikon”larına isə haman “Novruzəli” müəllifi Mirzə Cəlilin daha bir şah əsərinin adını aşağıdakı redaksiyada təklif-təqdim edirəm: “Mamamın kitabı”...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar