Görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev Azərbaycanda maarifçi fikrin inkişafına böyük töhfələr verib

XIX əsrin ikinci yarısından etibarən ölkəmizdə ana dilində təhsil verən yeni tədris ocaqları fəaliyyətə başlayır. Bu proses, təbii ki, ana dilində dərsliklərin hazırlanması məsələsini də aktuallaşdırır. Maarifçi ziyalılarımız müxtəlif dərsliklər hazırlayıb nəşr etdirirlər. Azərbaycanda maarifçi təfəkkürün inkişafına böyük töhfələr verənlərdən biri də görkəmli pedaqoq, yazıçı, dramaturq, şair, tərcüməçi Rəşid bəy Əfəndiyev olub.

Rəşid bəy İsmayıl oğlu Əfəndiyev 1863-cü ildə Azərbaycanın gözəl guşəsi Nuxa (Şəki) şəhərində ruhani ailəsində dünyaya göz açıb. Erkən yaşlarından mollaxanaya gedib, mükəmməl dini təhsil alıb. Ərəb və fars dillərini öyrənib. 1873-cü ildən təhsilini Nuxa qəza məktəbində rus dilində davam etdirib.
O, 1878-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinə daxil olur. Az vaxt ərzində çalışqanlığı və elmə coşqun marağı ilə diqqəti cəlb edir. Araşdırmalarda qeyd olunur ki, Rəşid bəy seminariyanın üçüncü kursunda ikən müsəlman şöbəsinin müfəttişi Aleksey Çernyayevskinin təşəbbüsü ilə dərs proqramlarının tərtibində və ana dili dərsliklərinin hazırlanmasında yaxından iştirak edir.
Rəşid bəy Əfəndiyev 19 yaşında təhsilini başa vurur. Pedaqoji fəaliyyətinə Qəbələ ibtidai xalq məktəbində başlayır. Burada müdir işlədiyi, həm də dərs dediyi səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru, abidələri ilə maraqlanır. Məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrədir. Onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi və elmi biliklərə sönməz maraq oyatmağa çalışır. Azərbaycan məktəblərində, mövcud tədris metodunun köhnəldiyini qeyd edən pedaqoq yazır: “Mən anladım ki, köhnə məktəb dağılmalıdır. Bu isə yalnız Konstantin Uşinskinin yeni üsulla olan dərs kitabları kimi öz məktəbimiz üçün ana dilində dərs kitabları tərtib etməklə mümkündür”.
1888-1890-cı illərdə Nuxa bölgəsi ətrafında - Xaçmaz kəndində yeni üsuli-cədid məktəbi açan Rəşid bəy Əfəndiyev burada Azərbaycan və rus dillərini tədris edir. 1892-ci ildə Tiflis şəhərindəki müsəlman məktəbinə müəllim vəzifəsinə dəvət olunur. Eyni zamanda Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini və müftinin “Ömər məktəbi”ndə müəllim işləyir.
Böyük rus pedaqoqu K.Uşinskinin pedaqoji görüşləri, A.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə dahi rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin milli məktəblər üçün ana dilində dərslik yazmaq marağını artırır. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaradır. Lev Tolstoyun hekayə və məqalələrindən etdiyi tərcümələri də bu dərsliyə əlavə edir və 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirir. İkinci dərsliyin - “Bəsirət-ül-ətfal” ədəbiyyat dərsliyinin üzərində böyük həvəslə çalışır. Ədəbi qiraət kitabı 1901-ci ildə Bakıda iki min nüsxə ilə nəşr edilir. İrəvan quberniyasında, bütün Qafqaz məktəblərində paylanır və mükəmməl dərslik kimi tədris olunur. Bu nəşr ədəbiyyat dərsliyi olsa da, məktəb uşaqlarının ensiklopedik məlumat kitabı kimi səciyyələndirilir.
Rəşid bəy Əfəndiyev müəllimliklə yanaşı, dərsdənkənar təşkil etdiyi ədəbiyyat dərnəyi və teatr truppası seminariyada canlanma yaradır. Tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunur. Azərbaycan və rus dillərində teatr tamaşaları göstərilir.
O, gənclərin zamanla ayaqlaşması, açıqfikirli və mübariz olması üçün yazdığı didaktik, nəsihətamiz hekayələrində, şeirlərində vətənə, ana dilinə, təbiətə məhəbbət, işgüzarlıq, xeyirxahlıq, dostluq duyğuları aşılayır. Görkəmli dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin komediyalarının təsiri altında yazdığı “Qan ocağı”, “Tiflis səfərləri”, “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telinin qiyməti”, “Qızıl gül” və s. pyeslərində maarifçi təfəkkürün inkişafına dair ideallarını ifadə edib. Müəllifin şeirlərində də elmə, məktəbə çağırış, əxlaqi-didaktik ruh aparıcıdır:

Oğul, gəl, get məktəbə,
Fikir ver hər mətləbə.
Əqli kamalın olsun,
Qoşulma biədəbə...

Məktəbini əziz bil,
Davam et bir neçə il.
Öyrən, balam, ol alim,
Olma avam, cahil...

Rəşid bəy Əfəndiyev seminariyada uğurlu fəaliyyətinə görə Qafqaz Təhsil Dairəsi tərəfindən medalla təltif olunur. 1915-ci ildə İrəvan quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilir. Burada qəza və üsuli-cədid məktəblərində təlim-tərbiyə işlərinin təşkilinə və tədrisin keyfiyyətinə nəzarət etməklə yanaşı, qısamüddətli ixtisasartırma kursları da təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda işləməyə dəvət alır. Xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb edilir. Sonra Bakı Kişi Seminariyasının direktoru təyin olunur. Maarif Nazirliyi yanında əlifba komissiyasının tərkibinə qatılır. Latın qrafikasına keçmək üçün təqdim olunan layihələrin müzakirəsində fəal iştirak edir.
Cümhuriyyətin süqutundan sonra Rəşid bəy Əfəndiyev Şəkiyə köçür. Orada da öz sevimli işindən ayrılmır, oğlan və qız seminariyaları təşkil edir. Bir müddət Pedaqoji Məktəbin direktoru vəzifəsində çalışır. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının əməkdaşı kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirir. O, Azərbaycanın I Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçilir.
Xalq maarifi, pedaqoji və ədəbi fikrin inkişafı yolunda yorulmadan çalışan Rəşid bəy Əfəndiyev 1942-ci il avqustun 31-də Şəkidə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar