Firəngiz Şərifovanın ölümünün qırx gününü 40 cümlə ilə kövrək xatırlama

Əvvəllər də çox fikirləşmişəm ki, Xalq artisti Firəngiz Şərifova niyə bu qədər əlçatmaz, möcüzəli, sağlığında əbədilik qazanan idi?
Xüsusən onu son mənzilə yola salandan sonra bu və bu kimi müşkül suallara daha çox cavab axtarmışam.

Axtarıb, axtarıb, axtarıb... o qənaətə gəlmişəm ki, əvvəl sualları dəqiq-dürüst müəyyənləşdirim, sonra onları cavablandırım.
Firəngiz xanım səhnədə niyə kəpənək kimi zərif, civə kimi çevik, çiçək kimi təravətli idi?
Çünki yeddi il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. Cəfər Cabbarlının «Yaşar», «Od gəlini» dramlarındakı pak, ülvi Yaqutu, məğrur, məlahətli Gülgünü (Akademik Dram Teatrında oynayıb), Mehdi Hüseynin «Alov» əsərinin tamaşasında qəlbi saf duyğularla çırpınan Rəfiqə Rəhimlini (akademik teatrın səhnəsində) yalnız və yalnız Firəngiz xanımın zərifliyi ilə bədii dolğunluqla oynamaq mümkündür.
Səsi nə üçün bu qədər musiqili, lirik, dramatik, xoşavazlı idi?
Çünki Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini bitirmişdi. Səsinin xarakteri lirik-dramatik soprano idi. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında İmre Kalmanın «Bayadera» operettasında Bayaderanın (həm Azərbaycan, həm də rus dillərində), Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan»ında Gülçöhrənin, dramaturq Sabit Rəhmanla bəstəkar Süleyman Ələsgərovun «Ulduz»unda Ulduzun partiyalarını məftunluqla oxumuşdu.
İfasındakı emosional cazibədarlığın tamaşaçıları sehrləyib məftun etməsinin kökü niyə bu qədər dərin idi?
Çünki bu keyfiyyət ona südlə keçmişdi. Azərbaycan dram teatrında SSRİ Xalq artisti fəxri adına ilk dəfə layiq görülən Mərziyə Davudovanın qızı idi. Aktrisanın Məmmədhüseyn Təhmasibin «Rübailər aləmində» dramının tamaşasında Məhsəti Gəncəvi, İsgəndər Coşqunun dahi Firdovsinin poeması əsasında işlədiyi «Söhrab və Rüstəm» faciəsində Təhminə, Süleyman Rüstəmin «Qaçaq Nəbi» qəhrəmanlıq əsərində Həcər (bu rolu akademik teatrda ifa edib) rollarının füsunkarlığını xatırlamaq kifayətdir.
Daxili aləminin zənginliyi, kükrəyib daşan səhnə ehtirası hansı nəhrdən mənbə götürürdü?
Çünki damarlarında Azərbaycanın əfsanəvi aktyoru, səsi dəmirçi zindanı kimi cingiltili, ehtirasının coşqunluğu səhnəni titrədən, tamaşaçı salonunu lərzəyə salan Abbasmirzə Şərifzadənin qanı axırdı. Etel Voyniçin «Ovod» faciəsində Cemma, Elçinin «Ağ dəvə» dramında Məşədi xanım, Aleksis Parnisin «Gözəllik və sevgi adası» pyesində Ket (bu obrazı akademik teatrda oynayıb) rollarına möcüzəli məlahət verən həmin qan idi.
Səhnədəki ecazkar füsunkarlığı niyə bu qədər coşqunluqla, fəvvarə hüsnü-təravəti ilə ətrafa çilənirdi?
Çünki çılğınlıq, sənətə məhəbbət ehtirası, gənclik təravətli çeviklik, tükənməz daxili enerji onun bütün varlığına hakim idi. Buna görə də Nəcəf bəy Vəzirovun «Hacı Qəmbər», Karlo Qoldoninin «İki ağanın bir nökəri», Əhməd Orucoğlunun «Nənənin kələyi» komediyalarındakı Yetər, Beatriçe Rasponi və Nənə (bu rolu 80 yaşında oynayıb) obrazlarının, həmçinin bu səpkili rolların ifasında aktrisanın enerji nüvəsi bütün səhnəni öz məhvərində yel dəyirmanının pəri kimi fırladırdı.
Gözləri nə üçün bu qədər ifadəli, işıqlı, məftunedici idi?
Çünki idrakı da, emosional duyğuları da öz şirəsini onun hərarətli qəlbindən alırdı. Həmidə («Ötən ilin son gecəsi», Anar), Ana («Sükut divarı», Paolo Messina) surətlərini bütün psixoloji mürəkkəbliklə, sərt həyat sınaqlarında tamaşaçılara bu dərəcədə məhrəm edən Firəngiz xanımın şəlalə kimi şaqraq, emosional zərifliyi idi.
Çöhrəsindəki ifadə cizgilərinin bu qədər rəngarəngliyinə və hər rəngin neçə-neçə çalarda görünməsinə necə nail ola bilirdi?
Çünki Firəngiz xanım bütün insanların davranışında məlahət, baxışlarında nur, çöhrələrində təbəssüm görmək istəyirdi. Jan Batist Molyerin «Skapenin kələkləri»ndəki Zerbinetta, Uilyam Şekspirin «İki veronalı» komediyasındakı Culiya, Nikolay Qoqolun «Evlənmə» məzhəkəsindəki Aqalaya Tixonovna personajlarını başqa cür oynamaq və oynayıb tamaşaçıları heyran qoymaq mümkün deyildi.
Səhnə plastikasındakı zərifliyin kökünü harada axtarmaq lazımdır?
Aktrisanın daxili zənginliyində. Düşüncə, ağıl və ürək onun bütün rollarında bir ritmdə birləşirdi, bir ahəngdarlıq harmoniyasında cilvələnirdi. Pəri («Sən nə üçün yaşayırsan?», İmran Qasımov və Həsən Seyidbəyli), Ayşa ana («Fudziyama dağında qonaqlıq», Çingiz Aytmatov və Koltey Məhəmmədcanov), Gülbahar («Anacan», Yusif Əzimzadə) xarakterləri məhz aktrisanın əlvan çalarlı istedadının bu keyfiyyətindən şirələnirdi.
Səhnədən bu qədər dadlı-duzlu, şirin, lətafətli görünməsinin sirri nədəydi?
Çünki daxilində heç vaxt səngiməyən həyat eşqi, insanlara dərin məhəbbət vardı. Ona görə də Dorotti («Tom dayının koması», Biçer Stou), Nailə («Bir saatlıq xəlifə», Abdulla Şaiq), Kraliça («Qarlar kraliçası», Hans Xristian Andersen) səpkili rolları tamaşaçıları həmişə cazibə sehrində saxlayırdı.
Tamaşanın janrından asılı olmayaraq bu qədər səmimi, ürəyəyatımlı, munis görünməsinin səbəbini nədə axtarmaq lazımdır?
Çünki sənətə, səhnəyə məhəbbəti ülviydi, insanlara rəğbətində zərrə qədər riyakarlıq yox idi. Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» məzhəkəsindəki Şərəfnisəni, Süleyman Sani Axundovun «Tamahkar» qaravəllisindəki Gülzarı, İsi Məlikzadənin «Sağlıq olsun» dramındakı Cahanı bizə sevdirən, onların səmimiyyətinə dərin rəğbət oyadan aktrisanın daxili paklığının bədii-estetik təzahürü idi.
...Aktrisanın səksən yaşında Aktyor evində kiçik məclis düzəldilmişdi. Firəngiz xanım o görüşdə çılğın ehtirasla, şölə saçan pafosla söylədiyi fikrini bu sözlərlə tamamladı: Məni səhnədə və həyatda yaşadan əbədi varlıq cilovsuz dəli məhəbbətdir... Məhəbbət, məhəbbət və bir də mə-həb-bət!!!
Firəngiz xanım!
Sizi qəlbimizdə daim yaşadan müqəddəs sənətinizə ehtiram, böyük şəxsiyyətinizə rəğbət, insanlığınıza məhəbbət, məhəbbət və min dəfə məhəbbətdir!!!

İlham Rəhimli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar